Azərbaycan bayrağı xalqımızın milli qürurudur
Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başlayıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında Milli Bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnaməyə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsidir. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın görüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazıb, Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut edib, Ermənistanı diz çökdürüb, onu kapitulyasiya aktına imza atmağa məcbur edib. Qələbə, Zəfər işığına bürünən Azərbaycan öz əziz bayramını – Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Bu bayram gününün yaratdığı xoş ovqata bürünərək iftixar hissi keçiririk ki, dövlət bayrağımız dünya azərbaycanlılarını bir amal uğrunda birləşdirib monolit qüvvəyə çevirib. Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı başlanılan əks hücum əməliyyatları Möhtəşəm Zəfərlə nəticələnmişdir. Cəmi 44 gün davam etmiş 2-ci Qarabağ, Vətən müharibəsi zamanı işğal altındakı bütün ərazilərimiz azad edilərək üç rəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda , Kəlbəcərdə, Laçında və neçə-neçə qəsəbə və kəndlərimizdə dalğalanır.
Aynur Həsənova,
YAP-ın gənc fəalı

