İslam dəyərlərinə qarşı xainlik
30 ildə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərbələr haqqında geniş danışmaq mümkündür. Ermənilər dünya ictimayətinə törətdikləri vəhşilikləri və dağıntıları hər zaman inkar edərək, özlərini zülmə məruz qalmış kimi təqdim etmişlər. 44 günlük Vətən müharibəsinin Şanlı Zəfərimiz, Ölkə başçısının apardığı düzgün siyasət və Müzəffər Ordumuzun peşəkarlığı, fədakarlığı dünyanın gözü qarşısında baş vermiş hadisədir.
Torpaqlarımızı düşmən tapdağından təmizlədikdən sonra qarşılaşdığımız mənzərə hər kəsi dəhşətə gətirdi. Ermənilər 30 illik işğal dövründə nəinki Qarabağda abadlıq işləri aparmamış, əksinə, şəhərlərimizi, kəndlərimizi, mədəni abidələrimizi viran qoymuş, hətta qəbirstanlıqları və məscidləri dağıtmaqdan belə çəkinməmişlər. Dünyada beynəlxalq təşkilatların qəbul etdikləri yaranmış münaqişələrlə bağlı insanlığa sığmayan qəddarlığa, dağıdıcılığa tənqidlə yanaşan qətnamələr, qərarlar vardır. Təəssüf ki, ermənilər bu illər ərzində çəkinmədən onların heç birinə əməl etməmişdir. Bəlkə də, belə arxayın davranış yaxın və uzaq ölkələrin onlarla əməkdaşlığına, qanunsuz birliklərinə əsaslanırdı.
Zəfər qazandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdiyi tədbirlərdə və müsahibələrində hər dəfə bu mövzuya toxunmuş, hüquqi çərçivədə cinayətkarların cəzalandırılmasını tələb etmişdir. Ölkə başçısı dəfələrlə çıxışlarında ermənilərin işğal dövründə ərazilərimizi narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edildiyini, bu işdə onlara dəstək verənlərin olduğunu, “İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb” fikrini bildirmişdir.
Qarabağ Zəfərindən 2 il ötməsinə baxmayaraq, bəzi dünya dövlətləri və qonşularımız Azərbaycanın bu Şanlı Qələbəsini görmək istəmir. Azərbaycan Respublikasının siyasətində hər zaman vətandaşların milli bərabərliyinə və dini etiqadına hörmətlə yanaşılmışdır. Vətən müharibəsində bu özünü aydın şəkildə göstərdi. Belə ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı ərazi bütövlüyümüzü qorumağı özünə borc bildi, əsil vətəndaşlıq nümayiş etdirdi. Bu onu göstərir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşililər etnik düşmənçilik deyil, insanlıq əleyhinə davranışdır.
Digər tərəfdən, işğal dövründə etiqada hörmətlə yanaşılmalı, məbədlərə qarşı təhqiramiz hərəkətlər edilməməlidir. Təəssüf ki, Ermənistan buna da əməl etməmişdir. Özlərinin “fəxrlə” paylaşdıqları görüntülər də sübut edir ki, məscidlərimiz murdarlanmış, orada donuz sağlanılmışdır. İşğal altında qalmış 67 məsciddən 65-i tamamilə dağıdılmışdır. Cənab Prezident İlham Əliyev bu dini hörmətsizliklə bağlı hər zaman bildirmişdir: “Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz”.
Azərbaycan tərəfinin dəfələrlə şifahi xəbərdarlığına baxmayaraq, İran İslam Respublikasına aid yük avtomobilləri 30 illik qanunsuzluğu davam etdirirlər. Son dövrlərdə İran mətbuatının, yüksək siyasi və hərbi nümayəndələri Azərbaycan əleyhinə xoşagəlməz fikirlər səsləndirməsi, Azərbaycan qanunlarına əsasən beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılması, Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsi nə qonşuluq, nə də dini tərəfdən müsbət hərəkətlər deyildir. Ermənilərin törətdikləri insani və dini vandalizmə rəğmən qonşu islam ölkəsinin belə bir davranışları təəssüflə qarşılanır. Bu kimi səbəblərə görə İran İslam Respublikasının səfiri dəfələrlə Azərbaycanın XİN çağrılmış və xəbərdarlıq olunmuşdur.
Qarabağ münaqişəsində Azərbaycan haqlı olduğunu, Ermənistanın işğalçı siyasətini sübutlarla dünya dövlətlərinə bildirir. Dinc sakinləri amansızlıqla qətlə yetirən, şəhərləri, kəndləri viran qoyan, ən dəhşətli azərbaycanlıların keçmişini məhv etmək məqsədilə qəbirləri və məscidləri dağıdan, məscidləri təhqir etməkdən belə çəkinməyən Ermənistan höküməti dünya qarşısında layiqli cəzasını almalıdır. Onların tərəfini tutmaq isə nə insanlığa, nə də hər hansı etiqada sığmır. Xüsusən də, müsəlman dövlətləri bu vəhşiliklərə biganə qalmamalıdır.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

