Etibarsız qonşu
Torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz. İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib.
Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dediyi kimi “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlarından məhrumdur.
Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir… Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik .”
Azərbaycan türkləri müxtəlif xalqlarla, o cümlədən farslarla birgə yaşayıblar. Məsələn, Səfəvilərin və Qacarların son dönəmlərində farslar digər dövlətlərin təsiri altına düşərək azərbaycan türklərinə xəyanət ediblər. Onlar Böyük Britaniyanın köməyilə Qacarların hakimiyyətini süquta uğradıblar.
Nəticədə Pəhləvilər hakimiyyətə gəliblər və güney azərbaycanlılara qarşı sərt siyasət yürüdüblər, hüquqlarını əllərindən alıblar. Molla rejimi dövründə ümid etdik ki, İran İslam inqilabından sonra vəziyyət dəyişəcək, lakin çox dəyişiklik olmadı. Azərbaycan Xalq Cümhuriyyətini İran tanımadı. Qacarlarda yüksək vəzifələri farslar tutduğu üçün Azərbaycan dövlətini tanımaq istəmədilər.
Çox sonradan 1920-ci ildə Cümhuriyyətimizi tanıdılar. Onlar Azərbaycan adı ilə razılaşmaq istəmirdilər, bunu özlərinə təhdid hesab edirdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı ikiüzlü mövqe tutdu.
Cənub qonşumuzun riyakarlığını Birinci Qarabağ müharibəsində də gördük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dedilər, əməldə Ermənistana yardım etdilər. Hətta onların o vaxtki xarici işlər naziri sonralar bildirdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı.
Ümumiyyətlə, İranı tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığı narahat edib. Cənub qonşumuz indi də ölkəmizə qarşı ikiüzlü siyasət yürüdür.
Sözdə ərazi bütovlüyümüzü tanıdıqlarını deyirlər, lakin Ermənistana yardım edirlər. Bir sözlə farslar heç vaxt Azərbaycan türklərinin hakimiyyətini qəbul edə bilməyiblər. Məhz buna görə müxtəlif təxribat kampaniyalarına əl atır, bizi hədələməyə çalışırlar.
Amma bilməlidirlər ki, qarşılarında əvvəlki Azərbaycan yoxdur, güclü bir dövlət var! Bununla yanaşı güneyli qardaşlarımız da bizim yanımızdadırlar”.
Ülviyyə Hümbətova,
Bakı şəhəri, 58 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

