Cəmiyyət 

“Ərim uşaqların yanında məni soyundurub, narkotik qəbul edə-edə…” – Gənc qadından DƏHŞƏTLİ ETİRAF

Hər qadının istəyi onu xoşbəxt edən kişinin yanında olmaqdır. Bəzən erkən yaşda məcburən ərə verilən qızcığazların ürəyindəki arzuları puç olur. Onlar özləri üçün deyil, başqaları üçün yaşamağa məhkum olurlar. Öz hüquqlarını bilmədən həyatın ağır yükünü zərif çiyinlərində daşımağa məcbur edilirlər. Uşaq ola-ola uşaq dünyaya gətirirlər. Və bundan sonra da özlərinin yaşaya bilmədikləri həyatı övladlarına vermək arzusuyla təsəlli tapırlar. Beləcə, həyatın bütün çətinliklərinə göz yumaraq dözürlər. Gülməyən üzlərində donmuş uşaqlıq arzuları, bu zavallı qızcığazların hansı əzabları çəkdiyini əks etdirir. Bəzən də daha çox kişilərin zorakılığı, xəyanəti, pis vərdişləri ilə üzləşdiklərinə rast gəlirik.

Çarəsiz qadınların son umid yeri…

Beləcə, yolumuzu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən saldıq. Burda hər yaşda qadın var. Əlləri qabarlı, ürəkləri dərdli, heç birinin üzü gülmür. Birinin həyat yoldaşı imtina edib, digərininki həbsdə, başqa birininki isə…

Bu dəfə burada ab-hava başqa cür idi. Uşaqların səsi böyüklərə, böyüklərin səsi isə uşaqlara qarışmışdı. Əvvəlcə sığınacağın həyətində bir neçə qadınla həmsöhbət oldum. Sonra bir anlıq diqqətim hamıdan kənara çəkilib, başını aşağı salıb, gözlərini ovcuna dikən qadına yönəldi.

Sonxeber.az əslən Yardımlı rayonundan olan 30 yaşlı Təranənin (ad şərtidir- red.) həyat hekayətini təqdim edir:

– Niyə hamıdan kənara çəkilib tək oturmusan?
– Nə bilim… Səs-küyü xoşlamıram. Hərənin özünə görə dərdi var, mənimsə dərdim çox böyükdür (gözləri dolur- red.)

Sakitləşdirməyə çalışıram. Fikrini yayındırmaq üçün sual verirəm…

– Nədir dərdin? Bəlkə söhbət edək?
– İndiki ağlım olsaydı, bəlkə də bu boyda dərdim olmazdı.

– Bəs, neçə yaşında və necə oldu ailə qurdun?
– (Hikkə ilə- red.) Ehhh… mən dağlar qızı, kənd qızıyam. Uşaqlığım atasız keçib. Bir anam, iki qardaşım var. 16 yaşımdan həyatım puç olub (susur-red.)

– Niyə puç olub?
– Uzaq kənddən elçi gəlmişdi mənə. Birinci dəfə anam vermədi. Ancaq onlar əl çəkmədilər. Dönə-dönə elçi gəldilər. Elə oldu ki, böyük qardaşım anamla razılaşdı və məni nişanladılar. Qaynanamgil nişandan 10-15 gün sonra təcili toyu elədilər. Ancaq mən istəmirdim. Nəysə, evləndik mən Bakının Qobu qəsəbəsinə gəlin gəldim. Ailə qurduğumuz müddət ərzində mehriban və şad-firavan yaşamağımız çox çəkmədi. Qısa sürən xoşbəxtliyimiz zəhərə döndü. Yoldaşım özü öz əməlləri ilə həyatımıza zəhər qatmağa başladı. Üç balamla günümüz qara, çörəyimiz para oldu. Ta ki, bu günə qədər mən yaşamaq nədir bilmədim. Hər gün ölüb dirildim.

– Nə oldu ki, ərin birdən-birə belə dəyişdi?
– Ərim ilin 12 ay gününü yatmaqla yubadırdı. Pis vərdişlərin aludəçisinə çevrilmişdi. Əvvəl-əvvəl hiss eləmirdim, ancaq bir dəfə onu güddüm. Nəsə, nə başınızı ağrıdım, gördüyümü gördüm. Uşaqlarımı götürüb anamgilə getdim. Anama hər şeyi danışıb boşanmaq istədiyimi dedim. Anam razı idi boşanım, ancaq qardaşlarım imkan vermədilər. Qaynım arxamca gəldi, özüm də atasız böyümüşdüm, düşündüm bəlkə düzələr. Balalarımı götürüb qaynımla evimə qayıtdım. Kaş ki… kaş ki, qayıtmazdım. Ərim nəşəxorun yekəsidir, bütün kənd, el-oba onu nəşəxor kimi tanıyır. İçir araqdan, çəkir nəşədən, ağlı başında olmur. Orda-burda kefin çəkir, evə gələn kimi də bizi basıb döyür.

Əlləri qabarlı, gözləri nəmli, baxışları fikirli idi…

– Ərin narkotik aludəçisidir?
– (Əsəblə- red.) Həəə… aludəçisidir yox e, narkotikin anasıdır. Həm çəkir, həm də alverçisidir. Neçə dəfə acıq edib getmişəm. Hər dəfəsində də ya anasıgil, ya da özü dalımca gəlib. Boşanmaq istəmişəm, imkan verməyiblər. Hələ bir dəfə də məni həyətin ortasında taxtayla o qədər döydü ki, iki gün huşsuz vəziyyətdə qaldım. Ayılandan sonra balalarımı da götürüb yenə anamgilə getdim. Həmişə belə olub da, heç ağzımı açmamış mənə bir toylar tutub ki. Necə deyərlər, nə yemisən turşulu aş…
Sözünü bitirməmiş hönkürtü ilə ağlamağa başladı. Bir neçə dəqiqəlik mən də susdum. Əslində söz tapmadım deməyə və sakitləşməyini gözlədim. Ara sakitləşdikdən sonra isə davam etdim…

– Sonra nələr baş verdi?
– Heç nə… yenə də eyni adamdır, heç dəyişməyib. İllərdir ancaq el-aləmin qınağına, anamın, qardaşlarımın “döz, otur”, deməsinə görə susub oturmuşdum. Daha bezdim, axı nə qədər olar? Uşaqlarımın yanında alçaldılırdım, qaynımın yanında mənə ölü-diri, ağız-üz qalmırdı söyürdü. Artıq o qədər qudurmuşdu ki, uşaqlarımın yanında narkotik qəbul edirdi. Qumar oynayırdı, uduzurdu, qapımı borclular kəsirdi. Aylarla evə gəlmirdi, gedib əxlaqsız qadınların yanında qalırdı. Yazıq qaynım borclarını ödəyəndən sonra evə gəlirdi. Guya gəlməyi nə idi ki?! Gəlirdi, gələn kimi də telefon zəngləri susmurdu. Ağzımı açıb söz deyə bilmirdim, deyən kimi də ya söyülürdüm, ya da döyülürdüm. Uşaqlarım xəstəliyə tutulmuşdu. Bir qadını övladlarının yanında nə qədər alçaltmaq olar?

Burnunu göstərir…

– Burnuma baxın… Bir dəfə yenə məni o qədər döydü ki, burnuma o qədər yumruq vurdu ki… Burnumda sümük yoxdu, ovuq-ovuqdu (ağlayır- red.). Görün, nə qədər şərəfsiz kişidir. Ondan o qədər iyrənirəm ki, ərim belə deməyə utanıram. Mən cəhənnəm, mən arvadı idim də. Bəs, uşaqlarım? Uşaqlarımı niyə döyürdü? O körpələri elə döyürdü ki, yazıqlar qorxularından özlərini batırırdılar. O elə qudurğan, əclaf adam idi ki.

Susur… Göz yaşlarını qabarlı əllərinin ovuclarına sıxır.

Bir neçə dəqiqədən sonra özü söhbətə başlayır:
– Hər gün çəkirdi nəşəni, dururdu həyətin ortasında ağzına gələn əxlaqsız, küçə qadınına yaraşan, pis-pis söyüşlər söyürdü. Qonşular da artıq boğaza yığılmışdı, ancaq qorxularından bir söz deyə bilmirdilər. Bir adam ki öz arvadını, uşaqlarını döyə, qonşuya nə baxır.

– Bəs, niyə polisə şikayət etmirdin?
– Onsuz da narkotik qəbul etdiyinə, satdığına görə həftə səkkiz, mən doqquz polisə düşür. Bir dəfə də qaynım polisdən qutarmışdı. Qaynım qutarmasaydı, ən azı 3-5 il türmələrdə çürüyəcəkdi. Ancaq nə xeyri, yenə eyni yol, eyni əməldədir.

Söhbət əsnasında yaşadıqlarını danışdıqca çox emosional görünürdü…

– Bura necə oldu gəldin?

– Artıq axrıncı dəfə həqiqətən də evdən üz döndərib çıxdım. Demək, səhər tezdən oğlumla ərim həyətdə idilər. Nəsə, telefonuna zəng gəldi, qışqıra-qışqıra danışdı. Telefonu söndürdükdən sonra səbəbsiz yerə uşağa ilişdi. Uşağı basıb döydü. Mən evdən qaçıb uşağı əlindən almaq istəyəndə, əlindəki taxtayla başıma-başıma vurdu. Özümdən getdim, bu da çıxıb gedər. Uşaqlar məni ayıltdı, özümə gələndən sonra uşaqları da götürüb polisə getdim. Polisdə də bircə onu dedim ki, “mən ərimdən boşanmaq, evimə qayıtmaq istəmirəm”. Onlar da məni bura gətirdilər. Bu dəfə onu bağışlamayacam. Çox bağışlamışam, alçalmışam, amma artıq gecdir. Düzdür, həmişə düşünürdüm ki, bəlkə də nə zamansa o dəyişəcək. Əvvəlki kimi adam olacaq. Nə xeyri, heç nə dəyişmədi. Son qərarım ondan boşanmaq və uzaq olmaqdı. Həyatımı onsuz qurmaq, balalarımı tək başına böyütmək. Heç anamgilə də qayıtmayacam, çünki onlar balalarımı qəbul etmədilər. Qəbul etsəydilər mən buralara üz tutmazdım. Onlar məni yox, el-aləmin qınağını üstün tutdular. Axırım da bu…

Söhbət etdikcə aura daha da ağırlaşırdı. Təranənin gözləri dolur və ağlayırdı. Söhbəti uzatmadan yekunlaşdırıb, oradan uzaqlaşdım. Ancaq fikrimdə o qadının doğmalarını, evini, ən əsası isə, xoşbəxtliyini itirməsi dolaşdı.
"Ərim uşaqların yanında məni soyundurub, narkotik qəbul edə-edə..." – Gənc qadından DƏHŞƏTLİ ETİRAF

Daha çox xəbərlər