Gündəm 

Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibi

Prezident İlham Əliyevin 25 noyabrda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında vurğuladığı məqamlar, bəzi dünya güc mərkəzlərinə ünvanladığı açıq mesajlar regionun gələcək taleyini təxmin etmək baxımından böyük önəm daşıyır

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki həmin beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Prezident İlham Əliyevin 25 noyabrda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında vurğuladığı məqamlar, bəzi dünya güc mərkəzlərinə ünvanladığı açıq mesajlar regionun gələcək taleyini təxmin etmək baxımından böyük önəm daşıyır. Azərbaycan lideri öz çıxışında hazırda Avropa və Asiya ölkələri arasında birbaşa iqtisadi-ticari əlaqələri təmin edə biləcək regional nəqliyyat-infrastruktur layihələrinə İran və ya Ermənistanın əngəl törədə bilməyəcəyini bildirib. Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibi olan dövlətin – Azərbaycanın liderinin bu barədə dedikləri regionda maraqları olan ölkələr üçün siyasi təminat rolunu oynayır. Ölkə başçısının mesajlarında rəsmi İrəvanın mövqeyinə əhəmiyyət verilməsinə ehtiyac olmadığına yönəlik birbaşa eyhamlar da var: “Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Bu, faktiki olaraq, dalana dirənmiş ölkədir. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir”.

Rəsmi Bakı Cənubi Qafqazda maraqları olan bütün dövlətlərə və beynəlxalq qurumlara diplomatik dillə anlatmağa çalışır ki, bu regiona Ermənistan üzərindən yerləşmək və geopolitik proseslərdə iştirak etmək qətiyyən mümkün deyil. Cənubi Qafqazda maraqları olanlar, geoiqtisadi layihələrdə iştirak etməyə can atanlar əvvəlcə rəsmi Bakı ilə anlaşmağa çalışmalıdırlar. Əks halda, Cənubi Qafqaza sadəcə, kənardan boylanmaq məcburiyyətində qala bilərlər. Məsələ ondadır ki, Ermənistan Azərbaycanın siyasi razılığı olmadan “dünyaya çıxış pəncərəsi” əldə etmək şansına malik deyil. Ermənistanın bütün mümkün “giriş-çıxışları” məhz Azərbaycanın nəzarəti altındadır. Rəsmi Bakı icazə verməzsə, Ermənistan heç vaxt indiki blokada şəraitindən xilas olub, yeni inkişaf perspektivləri qazana bilməz.

Prezident İlham Əliyev mütəmadi olaraq çıxışlarında bildirir ki, ya sülh müqaviləsi Bakının təklif etdiyi prinsiplər əsasında imzalanacaq, ya da imzalanmayacaq. Ölkəmizin qarşısında genişmiqyaslı vəzifələr durur, böyük işlər görülür, erməni tərəfinin şıltaqlığı proseslərin ləngidə bilməz. Ermənistana bir neçə dəfə xəbərdarlıq edilib ki, inadkarlığı onu gələcəkdə daha çətin seçimlər qarşısında qoya bilər. Erməni havadarları da Azərbaycan Prezidentinin açıqlamalarını əbəs yerə izləmirlər. Çünki bu çıxışlarda onların bu günü və gələcəyi ilə bağlı çox şey ehtiva edilir. Onlar eşitdiklərindən və gördüklərindən düzgün nəticə çıxarmalıdırlar. Ermənistanın isə Cənubi Qafqazda yeni situasiya yaradılmasının qarşısını almaq üçün manevr imkanları tükənməkdədir. Artıq Ermənistanın daxili siyasi qüvvələrinin bu prosesə qarşı çıxan dairələri fəallıqlarının nəticə verməyəcəyini qəbul etməyə başlayıbar. Bu isə o deməkdir ki, Azərbaycan tarixi əhəmiyyəti olan dəyişikliklərə müəlliflik edir. Öncələr çox aqressiv və bir çox məqamlarda saymazyana davranan erməni siyasi dairələri artıq susqunluq və təlaş içində prosesləri izləməyə məhkum olublar.

Daha çox xəbərlər