2022-ci il tariximizdə Böyük Qayıdışın başlanğıcı ili kimi qalacaq
Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və abadlıq işləri aparır. Hazırda Qarabağ və Şərqi Zərgəzurda Böyük Qayıdışla bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə həm 2021-ci, həm də 2022-ci ildə dövlət büdcəsindən Qarabağda və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri üçün 2,2 milyard manat vəsait ayrılıb. Bu ilin ortasında dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsinə yenidən baxılaraq sənədə edilən dəyişiklik çərçivəsində Qarabağın yenidən qurulması istiqamətinə yönləndirilən vəsaitin həcmi daha 470 milyon manat artırıldı. Bununla da son iki ildə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən işlərlə bağlı dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb.
Bunun nəticəsidir ki, ötən iki il müddətində işğaldan azad edilən ərazilərimizdə xeyli sayda meqalayihələr gerçəkləşdirilib. İlk növbədə infrastrukturun qurulması istiqamətində böyük işlər görülüb, yollar çəkilib, nəhəng tunellər salınıb. Ötən il Füzulidə cəmi 8 aya tikilib istifadəyə verilən Beynəlxalq Hava Limanı, eləcə də bu ilin oktyabrında açılışı həyata keçirilən Zəngilan Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda gerçəkləşdirilən vacib layihələr kimi dəyərləndirilməlidir. Bölgənin iqtisadi və logistik imkanlarına müstəsna xidmət göstərəcək daha bir beynəlxalq hava limanının açılışı 2025-ci ildə planlaşdırılan Laçın hava limanının tikintisi də sürətlə aparılır. Ümumiyyətlə, təsdiq olunmuş investisiya planına əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel tikiləcək, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa olunub. Bu ərazilərdə bir neçə su-elektrik stansiyasının açılışı həyata keçirilib. Artıq bütün şəhərlərin Baş planları hazırlanıb və təsdiqlənib.
Təbii ki, zəfərdən sonra Böyük Qayıdışın ilk uğurlu addımları da atıldı və Zəngilanın “ağıllı kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi. Belə ki, bu il mayın 27-də “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Həmin gün dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bütün Azərbaycan xalqına müjdə verərək söyləmişdi: “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi. Böyük Qayıdışın birinci kiçik addımı, bax bu gün atılır”. Şanlı Zəfərimizin ardınca xalqımıza verilən bu xoş xəbərdən sonra, yurd həsrətli soydaşlarımız od-ocaqlarına dönəcəyi zamana sayılı günlər qalmasının təsvirəgəlməz sevincini yaşadılar. Çox keçmədən Zəngilanın Ağalı kəndinin sakinləri illərlə arzuladıqları bu xoşbəxtliyi yaşadılar, doğma kəndlərinə qovuşdular. İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı isə ayın 25-də Ağalıya yola salındı. Daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı. Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu sentyabr ayında yola salındı. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola düşdü. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Bu yaxınlarda Ağdamda dövlət başçısının iştirakı ilə 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlləri qoyulub və yaxın iki il ərzində bu kəndlərin sakinləri də geri dönəcəklər. Növbəti ilin sonuna kimi Laçın şəhərinin bərpası nəzərdə tutulub. Şuşada da ilk yaşayış kompleksinin inşasına start verilib və gələn ilin sonunda şəhər ilk sakinlərini qəbul edəcək.
Burada bir məsələ xüsusi vurğulanmalıdır ki, Azərbaycan ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan işləri heç bir təşkilatdan, donordan yardım almadan öz maliyyə gücü sayəsində reallaşdırıb. Təbii ki, Azərbaycan hökuməti üçün gələn il də Qarabağ və Şərqi Zərgəzurun bərpa və yenidənqurulması prioritet olacaq. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyon və ya 12,4 faiz çoxdur.
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. “İlkin hesablamalara görə, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur. Bunun 58 faizi azad edilmiş ərazilərə yönəldiləcək”. Bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib.
Qeyd edildiyi kimi, Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Qeyd edilən müddətə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcək. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, bu yerlərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi reallaşacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaq. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur 2026-cı ilə kimi təkcə Azərbaycan yox, bütün dünya miqyasında yaşayış üçün ən cəlbedici məkanlardan birinə çevriləcək.

