Gündəm 

Yarıtmaz “missiya”

Və ya cavabını gözləyən suallar…

Təşviş içində olan ermənilər anlamalıdırlar ki, son proseslər həm də son xəbərdarlıqdır

Rusiya “sülhməramlı”larının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə dekabrın 12-dən başlayan etiraz aksiyası və bu səbəbdən Laçın yolunun bağlanmasından təşvişə düşən ermənilər nəhayət ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının müddəalarını xatırlamağa başlayıblar. Ancaq yenə də həmişə olduğu kimi, özlərinə sərf edən formada. Dekabrın 13-də baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da, düşmən ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında da Azərbaycanın Laçın yolundan ermənilərin sərbəst hərəkətinə şərait yaratmaq öhdəliyi “yada salınır”. Məlumdur ki, bütün bunlarda əsas məqsəd baş verənlərdə Azərbaycanı günahkar tərəf kimi göstərməkdir. Halbuki Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin apardıqları qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində milli sərvətimiz olan faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı monitorinqlər keçirmək dövlətimizin aidiyyəti qurumlarının ən təbii haqqı və hüququdur. Xankəndi, Xocalı, Ağdərə də daxil ermənilərin yaşadıqları Qarabağın digər bütün şəhər və kəndləri Azərbaycanın suveren əraziləridir. Nə 10 noyabr Bəyanatında, nə də başqa hansısa sənəddə aidiyyəti dövlət qurumlarımızın həmin ərazilərdə fəaliyyətinə maneə törədilməsinə əsas verə biləcək heç bir bənd yoxdur, ola da bilməz. Bunu yəqin ki, Ermənistanın baş naziri də, XİN də, Qarabağdakı separatçıların qondarma rəhbərləri də yaxşı bilirlər. Onu da bilirlər ki, Azərbaycan ərazilərində törətdikləri qanunsuzluqlara gec-tez son qoyulacaq.

Yeri gəlmişkən, dekabrın 13-də Xankəndidəki qondarma qurumun “prezidenti” Araik Arutyunyandan da “təhlükəsizlik şurası”nın iclasını keçirib, “milli assambleya” etiraz bəyanatı qəbul edib. Bütün hallarda Azərbaycanın QHT nümayəndələrinin, ekofəalların və könüllülərin keçirdikləri aksiyanın 10 noyabr Bəyanatına “zidd olduğu” iddia edilib. O zaman sual yaranır ki, bəs ermənilər özləri sözügedən sənədin müddəalarına əməl ediblərmi? Ediblərsə niyə Qarabağdakı qeyri-qanuni silahlı erməni quldur dəstələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb? Niyə yalnız dinc məqsədlər üçün istifadə edilməli olan Laçın yolu vasitəsilə separatçıları silahlandırmaq, onların mövqe tutduqları yerləri minalamaq üçün hərbi sursat və texnika daşınıb? Niyə əcnəbi terrorçular, təxribatçılar və diversantlar həmin yolla rahat şəkildə Azərbaycana daxil ola biliblər? Və niyə Qarabağdakı Rusiya “sülhməramlı”ları bütün bu hallara göz yumub?

“Sülhməramlı” kontingentin komandanı, general-mayor Andrey Volkovun qaçıb gizlənməsi, azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxmaması, rus əsgərlərin media nümayəndələrinin qarşısını kəsərək onlarla kobud davranmaları bir sıra məqamlara aydınlıq gətirir. Azərbaycan vətəndaşını öz Vətəninin ərazisinə buraxmamaq həyasızlığın son həddidir. İndi daha çox məlum olur ki, niyə dekabrın 7-də Rusiya “sülhməramlı” kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Qarabağdakı faydalı qazıntı yataqlarında ilkin monitorinq aparmaları baş tutmadı. Səbəb “sülhməramlı”ların hərəkətsizliyi deyil, əksinə, Qarabağdakı separatçıların xeyrinə davranışları ilə bağlıdır. Axı bu gün Azərbaycanın dövlət qurumlarının, QHT nümayəndələrinin, ekofəalların və könüllülərin qarşısını kəsən rus əsgərləri monitorinqlərin baş tutması üçün erməni separatçıların da qarşısını kəsə bilərdilər, hətta kəsməli idilər. Axı Qarabağdakı qeyri-qanuni silahlı erməni birləşmələrini suveren ərazilərimizdən çıxarmaq da elə onların işidir. Əgər öz missiyalarını yerinə yetirə bilmirlərsə, yaxud ermənilərin istədikləri kimi icra edirlərsə o zaman Rusiya “sülhməramlı” kontingentinin bizim torpaqlarımızda qalmalarına ehtiyac varmı? Göründüyü kimi, cavabını gözləyən suallar kifayət qədərdir.

Qarabağ Azərbaycanın ərazisidir və inşallah tezliklə bu torpağımızda da bizim qanunlar işləyəcək. Təşvişə düşmüş ermənilər isə anlamalıdırlar ki, onların gələcək taleləri burada müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larına deyil, Azərbaycan dövlətinə bağlıdır. Bu mənada son proseslər həm də sonuncu xəbərdarlıqdır…

Daha çox xəbərlər