Gündəm 

Neft strategiyasının növbəti uğuru

Dövlət başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində bir daha bildirdi ki, əgər bu zavod 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik yaradan Ümummilli Lider, eyni zamanda, bu çağırışı etdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu fikirlərin davamı olaraq dünya təcrübəsinə əsasən bu reallığı da qeyd etdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi üçün imkanlar yarandı. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi bugünümüzə hesablanmış inkişaf strategiyasının əsasıdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə gündəmə gətirdiyi hər bir layihə uğurlu sonluqla başa çataraq ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin icrası ölkəmizin, eyni zamanda, iştirakçı və dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. İllər keçdikcə əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf edir. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimində bildirmişdi ki, 4 il bundan əvvəl, yəni 2014-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasının 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri arasında strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyanın 7 ölkəsini ( Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin ( «Amoco», BP, «McDermott», «Unocal», SOCAR, «Lukoil», «Statoil», «Türkiyə Perolları», «Pennzoil», «Ramco», «Delta») iştirak etdiyi «Əsrin müqaviləsi»ndən sonra onlarla saziş imzalanıb. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu müqavilə müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ümumi daxili məhsulun artımı, yeni iş yerlərinin yaradılması və sosial rifahın yaxşılaşdırılması kimi dəyərləndirildi.

2020-ci ildə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasının ardınca dünən (13 dekabr 2022) sözügedən zavodda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasiminin keçirilməsi Azərbaycanın neft strategiyanın növbəti uğuru kimi dəyərləndirilir. Bildirildi ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

O da məlumdur ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu XX əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qərar qəbul etdi. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1984-cü ildə tikilib istifadəyə verilmiş zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayəyə çevrildi. Zavod işə salınandan sonra Azərbaycan SSR dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu əfsanəvi “Əsrin müqaviləsi»nin bağlanılması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin müqavilə»sni imzalamaqdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraşdırmışdı. 1995-ci ildən başlayaraq Bakı Dərin Özüllər Zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan «Petrofac», «McDermott», «Caspian Shipyard Company LTD», «Star Gulf FZCO» və «British Petroleum» (BP) şirkətləri ilə əməkdaşlığa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev “Bu, əhəmiyyətli nailiyyətdir” söyləyərək bildirdi ki, bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə burada dərin özüllər zavodunun ulu öndər Heydər Əliyevin sayəsində tikildiyini bildirərək bu fikri də xüsusi qeyd etdi ki, Ümummilli Lider olmasaydı, zavodu burada tikməyəcəkdilər.

Atılan hər bir addım neft strategiyasının uğurlarına işıq salır. Hər zaman qeyd edildiyi kimi, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz ixracatçısına çevrilib. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudduğu xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın iştirakını xüsusi qeyd edərək bu əminliyi də ifadə etmişdir ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. «Cənub Qaz Dəhlizinin qolları olmalıdır» hədəfinə uyğun olaraq ixrac imkanlarının genişləndirilməsinin prioritetliyi açıqlanır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gündəmə gətirdiyi hər bir layihə uğurla sona çatdırılır. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir» söyləyən dövlət başçısı bildirir ki, dörd layihədən – «Şahdəniz», Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. Azərbaycan nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildi. Ölkə Prezidenti Cənub Qaz Dəhlizinin gələcək əlaqələr üçün çox vacib amil olduğunu diqqətə çatdırır.

Təşəbbüslərin qısa müddətdə reallığa çevrilməsi onu təsdiqləyir ki, birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev bir daha Azərbaycanın şaxələndirmədə, layihələrin iştirakçı olan ölkələrin coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrdən bəhs edərkən onların ölkəmizə, eyni zamanda, iştirakçı dövlətlərə hansı faydaları gətirəcəyini də vurğulayır.

Günümüzün reallıqları təsdiqləyir ki, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bu sahədə malik olduğumuz imkanların təqdimatıdır. Dövlət başçısı bu hədəfi də açıqlayır ki, bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Bu mühüm addımlar onu deməyə əsas verir ki, Zəfərə imza atan Azərbaycanın gələcəyi İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.

Dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf bu mühüm məqama diqqəti yönəldərək bildirdi: “Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda, bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk.”

Enerji sektorunda qazanılan uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının mahiyyətini, ötən dövr ərzində enerji resurslarının hasilatı və ixracı sahəsində reallaşdırılmış layihələrin xronologiyasının, neft strategiyasının həyata keçirilməsinin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətinin aydın mənzərəsini yaradır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana böyük həcmdə investisiyalar qazandırdı. Bu gün ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya yatırılıb ki, bunun böyük hissəsini xarici investisiyalar təşkil edir. Bu uğurumuza yol açan əsas amil isə təbii ki, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində yatırılacaq investisiyaların təhlükəsizliyinə tam əminliyin yaradılmasıdır. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni inkişaf modelinin təqdimatını şərtləndirdi. Hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihəni gündəmə gətirir. Artıq Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuzunu artırır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malik olduğunu təsdiqləyir. Azərbaycanın reallaşdırdığı enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayaraq, daim bu roluna yeni-yeni əlavələr edir.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 ildə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bu qənaətə əsas verir ki, Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Azərbaycanın dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Bu, Azərbaycanın dünyanın enerji bazarında artan rolunun təsdiqidir.

Daha çox xəbərlər