Sülh missiyasının aparıcı siması!
Prezident İlham Əliyevin XXI əsrin uğurlu lideri adını qazanması onun siyasi-diplomatik məharətinin beynəlxalq aləmdə təsdiqidir
Həyata keçirdiyi enerji, nəqliyyat- infrastruktur layihələri, dünya ictimaiyyətinə ünvanlanan həmrəyliyə çağırışları ilə siyasi, iqtisadi platformaya çevrilən, dövlətlərarası münasibətlərin möhkəmlənməsində rolu artan Azərbaycanın əsl hədəfi beynəlxalq və regional sülhə töhfə verməkdir.
Prezident İlham Əliyevin Praqada təşkil olunan «Avropa siyasi birliyi»nin Zirvə Toplantısında, Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində yüksək səviyyədə qarşılanması beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dövlətinin başçının diplomatik səylərinin yüksək səviyyədə dəstəklənməsidir. Almatıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında və digər yüksək səviyyəli tədbirlərdə iştirak edən, dərin məzmunlu çıxışları maraqla qarşılanan, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə dəvət edilən Prezident İlham Əliyev Avrasiya məkanında nüfuzlu dövlət xadimi kimi tanınır, hörmətlə qəbul olunur. Dövlət başçımızınYunanıstan- Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı, Serbiyada yüksək səviyyədə qarşılanması və digər mötəbər tədbirlərdə iştirakı, Avropa İttifaqı ilə respublikamızın enerji sahəsində genişlənən əməkdaşlığı ölkəmizin enerji diplomatiyasının, şaxələndirmə siyasətinin uğurları olmaqla Prezident İlham Əliyevin bu sözlərinin də təsdiqidir: «Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.» Sülhyaratma missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin sabitliyə, barışa xidmət edən təşəbbüslərinin, Azərbaycanın enerji diplomatiyasının beynəlxalq aləmdə dəstəklənməsinin növbəti ifadəsi Bakıda, ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”», «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfranslar, Ağdamda baş tutan Milli Şəhərsalma Forumu oldu. Adı çəkilən tədbirlərdə, rəsmi görüşlərdə dünya siyasətinin aktual problemləri ilə bağlı məntiqli açıqlamaları, verilən sualları əhatəli şəkildə cavablandırması dövlət başçımızın siyasi hazırlığının, dövlətçilik təcrübəsinin, dünyada möhkəmlənən mövqeyinin ifadəsidir. Cənab İlham Əliyev bölgədə sülhün təmin olunmasına xidmət edən təşəbbüslərini bu gün də uğurla davam etdirir. Xatırladaq ki, artıq ömrünü başa vurmuş «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ilə yaxın müddətdə problemin sülh yolu ilə həllində maraqlı olan Prezident İlham Əliyevin səyləri bütünlükdə regional sabitliyə göstərilən diqqət idi. Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin bütün bəndləri də bölgədə sülhün təminatına yönələn hədəflərdir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüşlərdə Azərbaycanın qitə dövlətləri üçün alternativsiz enerji mənbəyi olmasının etirafı, qlobal məsələlərin müzakirələrində ölkəmizin fəal mövqeyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması naminə göstərilən səylərin dəstəklənməsi respublikamıza beynəlxalq etimadın nümunəsidir. Başqa sözlə deyilsə, xarici siyasətinin əsas istiqamətlərindən olan qlobal miqyasda sülhün müdafiəsi naminə barışdırıcı missiyasını davam etdirən Azərbaycanın enerji strategiyası və sülh sazişi ilə bağlı konsepsiyası geniş coğrafiyada əhəmiyyətli geosiyasi və sabitləşdirici rola malikdir.
Dünya siyasətinin «mərkəz oyunçusu» kimi maraq doğuran, Cənubi Qafqazda sabitliyin təminatı üçün əsas söz sahibi rolunu əməli ilə doğruldan dövlət başçımızın fəaliyyəti məzmun və mahiyyət etibarilə eynilik təşkil edir. Aktuallığı ilə seçilən, siyasi, iqtisadi, enerji və təhlükəsizlik baxımından dünya siyasətinin nəbzi ilə uyğunlaşan tezisləri, regionda sülhün bərqərar olması üçün irəli sürdüyü təkliflərilğ həmkarlarını qabaqlayan, böyük nüfuz qazanan Prezident İlham Əliyevi regionun aparıcı lideri adlandıranların sözlərində həqiqət var. Ən əsası odur ki, dünyanın böyük gücləri bu reallığı təsdiqləyir və qəbul edirlər.
Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında daimi sülhün təminatına yönələn beş baza prinsipi ilə bağlı təşəbbüslərinin Brüsseldə keçirilən görüşlərdə yüksək dəyərləndirilməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında nəqliyyat dəhlizi ifadəsinin işlədilməsi Zəngəzur dəhlizinin açılmasına göstərilən dəstək idi. Qarşılıqlı əməkdaşlığa, etimad prinsiplərinə, bölgədə sabitliyin təminatına əsaslanan Azərbaycanın xarici siyasətinin ən böyük uğuru isə beyənlxalq səviyyədə qəbul olunan bəyanatlarda artıq tarixdən silinmiş «Dağlıq Qarabağ» ifadəsinin işlədilməməsidir. Bu amillər sülh və barış üçün lazımi bazanı formalaşdıran dövlət başçımızın siyasi iradəsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasında da məqsəd ölkəmizin qitə dövlətləri ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, şaxələndirmə formatını genişləndirməkdir.
İtaliyanın Çernobbio şəhərində olarkən bu ölkənin «İl Sole 24 Ore» qəzetinə verdiyi müsahibədə multikultural ənənələrə hörmətlə yanaşan Azərbaycanın bölgədə sabitliyin təminatına verdiyi töhfələrdən bəhs edən Prezident İlham Əliyev fikrini «Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var» sözləri ilə ifadə etmişdir.
Göründüyü kimi, Azərbaycanın neft strategiyası, enerji diplomatiyası qlobal əməkdaşlıq və milli təhlükəsizlik kontekstində reallaşır. İsraildə Azərbaycanın səfirliyinin, Fələstində isə ölkəmizin diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəbbüsləri ilə dünya birliyində sülh missiyasının aparıcı siması kimi tanınan dövlət başçımızın, XXI əsrin uğurlu lideri adını qazanması siyasi-diplomatik məharətinin beynəlxalq aləmdə təsdiqidir.
Sadalananlar və daha böyük coğrafiyanı əhatə edən məsələlərlə bağlı Azərbaycanın regional və qlobal geosiyasətə verdiyi töhfələrə sülhün vacibliyi prizmasından yanaşmaqla cənab İlham Əliyevin uzaqgörən siyasətinin uğurlarını daha aydın təsəvvür etmək olar.
Mədəniyyətlər və sivilizasiyalar arasında körpü olan, BMT, Avropa şurası Qoşulmama Hərəkatı, MDB, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların üzvü kimi qlobal problemlərin həllində humanitar çağırışları, yardımları ilə diqqətçəkən, xüsusilə pandemiya dövründə irəli sürdüyü təklifləri, bəzi yoxsul ölkələrə göstərdiyi yardımları ilə xalqımızın humanizm ənənələrinə sadiqliyini göstərən, « vaksin millətçiliyi»nə etirazını bildirən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bərpası ilə bağlı cəhdləri siyasi iradə və qətiyyət olmaqla, bölgədə daimi sülhün təmin edilməsi, birgəyaşayış qaydalarına hörmət və etimad prinsiplərin formalaşmasına göstərilən diqqətdir. Bu missiyanın aparıcı qüvvəsi siyasi nüfuzu, iqtisadi inkişafı, geosiyasi əhəmiyyəti, müdafiə qüdrəti, hərbi potensialı ilə fərqlənən Cənubi Qafqazın lider dövləti, dünyada söz sahibi adını qazanan Azərbaycan, bu ölkənin lideri cənab İlham Əliyevdir!

