Pulsuz, amma keyfiyyətli tibbi xidmət?
Cari ilin 10 ayı ərzində 4 milyondan çox vətəndaş icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 35 milyondan çox tibbi xidmətdən yararlanıb
2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın vətəndaşlar üçün əhəmiyyətindən, bu sistemin səhiyyəmiz üçün hansı töhfələr verməsindən, əhalinin icbari tibbi sığortadan rahat yararlanmaları üçün daha hansı tədbirlərin nəzərdə tutulmağını öyrənmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova ilə həmsöhbət olduq.
-2022-ci il icbari tibbi sığorta sistemində hansı yeniliklərlə yadda qaldı?
-2022-ci ildən etibarən “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”na əsasən vətəndaşlar poliklinika, Ailə Sağlamlıq mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə biliblər.
Vətəndaşların keyfiyyətli tibbi xidmətlərdən istifadəsi məqsədilə tibb müəssisələri yüksək keyfiyyətli tibbi ləvazimatlarla təmin edilib. Belə ki, 2022-ci ildə imzalanmış satınalma müqavilələri üzrə keyfiyyətli xidməti təmin edən, pasiyent üzərində hər hansı dərin yara izləri buraxmayan, qapalı əməliyyatların icrasını təmin etməyə imkan verən laparoskopik dayaq dəstləri və alətləri satın alınıb. Habelə tam avtomat cihazlar, orqan transplantasiyası üçün nəzərdə tutulmuş cihazlar, süni tənəffüs cihazları, oftalmoloji və neyrocərrahi mikroskoplar satın alınıb. Əlavə olaraq qeyd edim ki, eyni qayda ilə cari ildə 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəd yeni müasir təcili tibbi yardım avtomobillər əldə edilib. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin olunub.

Əhalinin məmnunluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin digər müsbət məqamlarından biri onların tibb müəssisələrində verdikləri laborator analizlərinin nəticələrini onlayn qaydada öyrənmək imkanının yüksəldilməsidir. Yəni, vətəndaşlar analiz nümunələrinin nəticəsini öyrənmək üçün vaxta qənaət edərək əlavə məsafə qət etmədən onlayn şəkildə sadəcə qurumun saytında “Elektron xidmətlər” bölməsindəki “Laboratoriya analizlərinin nəticələri” altbölməsinə daxil olaraq şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməklə analiz nümunələrinin nəticələri ilə tanış ola bilərlər. Cari ildə 38 şəhər və rayonun sakini üçün “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətə inteqrasiya edilən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin sayı 20-dən 51-ə qədər artırılıb.
Ailə həkimləri üçün həvəsləndirici əlavələrin məbləği 300 manatdan 500 manata qədər artırılıb
Tibb işçilərinin rifahının yaxşılaşdırılması məqsədilə cari ildə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyin ödəniş sisteminin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən təsdiqlənmiş Qaydada dəyişiklik edilib. Bu istiqamətdə ailə həkimi ixtisasları üzrə çalışan həkimlərin əməkhaqlarına edilən sabit həvəsləndirici əlavələrin məbləği 300 manatdan 500 manata qədər artırılıb. Bununla da poliklinikalarda çalışan ailə həkimlərinin əməkhaqları 900 manata çatdırıb.
Dəyişikliklərdən digəri isə bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələrinin 14-150 % artırılmasıdır. Belə ki, ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub. Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib.
Cari ildə həkim heyəti üzrə mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması yönündə addımlar atılıb. 2022-ci ildə kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunub. Agentlik tərəfindən təsdiq edilən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ının tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan vermək kimi bir sıra üstünlükləri var. Proqramın tətbiqi xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək məqsədi daşıyır. Qeyd edim ki, proqram üzrə qəbul olunan cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunub. Proqram 2 il müddəti əhatə edir, müddət bitdikdən sonra proqram üzrə işə qəbul olunmuş həkimlər öz əmək fəaliyyətlərini çalışdıqları tibb müəssisələrində davam etdirəcək və əməkhaqlarına tətbiq edilən sabit və həvəsləndirici əlavələr onlara da şamil ediləcək.
5 milyona yaxın mobil nömrəyə məlumatlandırıcı SMS göndərilib
-İcbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilib?
– Cari ildə Azərbaycanın müxtəlif mobil operatorlarına aid 5 milyona yaxın mobil nömrəyə məlumatlandırıcı SMS göndərilib. SMS-lərdə hər kəsin icbari tibbi sığorta əsasında TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilməsi ilə bağlı məlumat və Agentliyin rəsmi internet səhifəsinə keçid etmək üçün link təqdim edilib. Linkə daxil olarkən açılan səhifədə icbari tibbi sığorta ilə bağlı vətəndaşa lazımi bütün məlumatlar və təlimat videosu yer alıb. Maarifləndirmə kampaniyaları onlayn media, televiziya, radio, Agentliyin sosial media platformalarında, ölkədə fəaliyyət göstərən bütün 25 “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində, eləcə də TƏBİB-in tabeliyindəki 16 tibb müəssisəsində davam etdirilib. Tibb müəssisələrində quraşdırılan monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib. Bundan başqa, ASAN radioda yayımlanan “Bir sual, bir cavab” rubrikası vasitəsilə dinləyicilərə icbari tibbi sığorta ilə bağlı zəruri məlumatlar çatdırılır. “Real TV”nin canlı efirində hər həftənin çərşənbə günü “Tibbi sığorta saatı” verilişi yayımlanır. Bu layihə çərçivəsində izləyicilərə Agentliyin məsul əməkdaşları, həkimlər və digər ekspertlər tərəfindən icbari tibbi sığorta, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və digər mövzular haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, tibb müəssisələrində icbari tibbi sığorta mövzusu ilə bağlı posterlərin asılması və vətəndaşlara bukletlərin paylanılması həyata keçirilib.Habelə paytaxt ərazisində sakinlərin rahat görə biləcəyi ictimai yerlərdə (açıq məkanlarda) icbari tibbi sığorta barədə 31 sayda bilbord quraşdırılıb. Bakı metropoliteninin stansiyalarında isə məlumatlandırıcı posterlər quraşdırılır. Maarifləndirmə kampaniyası çərçivəsində görülən tədbirlərdən digəri jurnal və xəbər portallarında icbari tibbi sığorta ilə bağlı yazıların ictimaiyyətə təqdim olunması və məlumatlandırıcı bannerlərin yerləşdirilməsidir.
Müraciətlərin 60%-i rayonların, 40 %-i isə paytaxtın payına düşür
-Cari ilin on ayında icbari tibbi sığortadan nə qədər vətəndaşımız yararlanıb?
-2022-ci ilin 10 ayı ərzində dövlət tibb müəssisələrinə 4 milyondan çox şəxs müraciət edib. Pasiyentlərin 33 %-ni uşaqlar, 67 %-ni isə böyüklər təşkil edib.
-İnsanlar bu sistemin daha çox hansı xidmətlərindən faydalanırlar?
-Cari ilin 10 ayı ərzində 4 milyondan çox vətəndaş icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 35 milyondan çox tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 83 %-i ambulator, 17 %-i stasionar şəraitdə göstərilib. Tibbi xidmətlər içərisində ən çox müraciət edilən xəstəliklər tənəffüs və həzm sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, sidik-cinsiyyət sisteminin xəstəlikləri ilə bağlı olub.
-İcbari tibbi sığorta sistemi paytaxtda, yoxsa bölgələrdə daha aktualdır?
-Cari ilin 10 ayında müraciətlərin 60%-i rayonların, 40 %-i isə paytaxtın payına düşür. Yəni 3 milyona yaxın vətəndaş regionlarda, 1 milyondan çox vətəndaş isə Bakı şəhərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib.
Ən çox bildirilən iradlar…
-Bu sistemlə bağlı vətəndaşları daha çox narahat edən məqamlar hansılardır?
-Cari il ərzində vətəndaşların tibbi xidmətlərdən məmnunluğu ilə yanaşı, irad və təklifləri də daxil olub. Bu məqamlar içərisində əsasən tibb müəssisələrində növbələrin çoxluğu, vətəndaşlara daha geniş özəl tibb müəssisələrinə göndərişlərin verilməsi, ambulator müalicə üçün dərman təminatının həyata keçirilməsi, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması kimi fikirlər yer tutub.
Gələn il üçün 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur
-Gələcəkdə icbari tibbi sığorta sistemi ilə bağlı vətəndaş məmnunluğunu artırmaq üçün daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
-Gələn il üçün vətəndaşların tibbi xidmətə əlçatanlığının artırılması məqsədilə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edəcək. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb. Habelə, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin artırılması, dövlət tibb müəssisələrində maddi texniki bazanın yaxşılaşdırılması, vətəndaşların icbari tibbi sığorta ilə bağlı yeniliklərlə maarifləndirilməsi üçün tədbirlərin davam etdirilməsi, e-təbib mobil tətbiqi vasitəsilə həkimlərin qəbulu üçün onlayn növbələrin yazılması və digər addımlar qurumun prioritet istiqamətlərindəndir. Bundan başqa, hər il olduğu kimi, səhiyyə işçilərinin əməkhaqlarının artırılması üçün tədbirlər görülməsi nəzərdə tutulub. Habelə növbəti illərdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub. Agentlik əhalinin sağlamlığının keşiyində durmaq, tibbi xidmətlərə əlçatanlığını yüksəltməkdə və səhiyyə işçilərinin sosial rifahını yüksəltmək üçün islahatlar həyata keçirməkdə və növbəti addımlar atmaqda davam edəcək.

