Siyasət 

Tarixi Zəfərimiz Qərbi Azərbaycana qayıdışımızı yaxınlaşdırır

Zaman hakim, tarix isə yaddaşdır

Günümüzün əsas çağırışı: Dünya birliyi bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yarandığını bilməlidir

«Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.» Dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha bu inamı ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Azərbaycanın illərdir apardığı informasiya mübarizəsinin əsas tərkib hissələrindən  biri budur ki, dünya bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında  yarandığını bilməlidir. Tarixi faktlar təsdiqləyir ki,  XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Saxta tarix yazıb bu günə qədər  bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.

Sonrakı dövrdə ermənilər  azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli  “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

Bu mühüm məqamı da qeyd edək ki,  ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda bildirilir ki, adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

1905-1907, 1918-1920, 1948-1953- cü illərdə  Rusiya  imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. Mixail  Qorbaçovun yenidənqurma və  aşkarlıq proseslərindən istifadə edən Ermənistanda görünməmiş  anti-Azərbaycan kampaniyası başladı. 1988-ci ildən  Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr,  qətllər, kəndlərin dağıdılması, 70 nəfərin – 21 qadın və 6 uşağın  öldürülməsi ilə nəticələnən Qukark faciəsi,  Vardenis (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın  qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə  nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə  həyata keçirilən  soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti, ötən əsrin 80-ci illərinin sonlarında  daha da şiddətlənən və qanlı olaylarla müşahidə olunan deportasiya və soyqırımları düşünülmüş şəkildə Ermənistan dövlətinin  rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri  soyqırımları zamanı qətlə yetirilənlərin,  dağıdılan kəndlərin,  tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Bu gün  Quba məzarlığındakı dəhşətləri  seyr edən xarici qonaqlar belə  erməni  vəhşiliyinin qurbanlarının taleyinə soyuqqanlı yanaşa  bilmirlər. Qubada, Bakının köhnə məhəllələrindən sayılan Çəmbərəkənddə aşkarlanan, kütləvi qırğınları əks etdirən məzarlıqlar erməni vəhşiliyinin  illərdən bəri gizli qalan yeganə  ünvanı deyil.

Bütün məhrumiyyətlərə, deportasiyalara baxmayaraq, 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, yaxud təqribən 7.5 min kv. km-ni təşkil edib.

1988-ci ildə ortaya atılan  Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız  narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı. Ölkəmizdə  keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

Separatçı ermənilərin  Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq  bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı.   Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Ermənilərin  Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur – Nəyin bahasına olursa- olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı  İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı  Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz  Ermənistana və ona havadarlıq edən dövlətlərə  bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz, eyni zamanda, Qərbi Azərbaycana qayıdışımızı  daha da  yaxınlaşdırır və Azərbaycan xalqının nümayəndələri öz əlləri ilə qurduqları və əsrlərlə yaşadıqları İrəvana, indiki Ermənistan ərazisində olan digər tarixi yerlərə qayıtmaq imkanına malik olmalıdır və olacaqlar. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı etdi ki,  bizim işimiz  tarix üzərində qurulmalıdır. Hüquqi tərəfə gəldikdə, birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın  yolunu göstərəcəklər.

Daha çox xəbərlər