İran ermənipərəst mövqeyindən niyə əl çəkmir?
İranda ötən il Məhsa Əmininin ölümündən sonra molla rejiminə qarşı başlayan etiraz dalğası gündən-günə genişlənir. Hökumət qüvvələri etirazçılara qarşı ən sərt tədbirlərə əl atsalar da, etirazların inqilabi xarakter almasının qarşısını ala bilmir. Yəni, bu ölkədə vəziyyət gərgin olaraq qalır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, İranın barmağının olduğu regionlarda təhlükəsizlik, sülh və əmin-amanlıq üçün ciddi təhdid və risklər mövcuddur.
Bu mənada Yaxın Şərqdə Suriya, Livan, İraq, Yəmən kimi ölkələrin qan çanağına dönməsində Tehranın izi təkzibolunmaz faktlarla sübut olunub. Livanda “Hizbullah”, İraqda hökumətə və orduya təsir edə biləcək “el- Haşdi eş-Şabi”, Suriyada iranlı generalların rəhbərlik etdikləri Fatimi alayları, Yəməndə vətəndaş müharibəsinin əsas aktorları olan husilər, Fələstində “Əl Fəth”, “İslami Cihad”, “Qüds” qüvvələri kimi İrana bağlı hərbi-siyasi təşkilatlar məhz Yaxın Şərqdə davamlı sülhə, sabitliyə ağır zərbələr vururlar.
Təbii ki, İranın bu regionda məlum destruktiv qüvvələri dəstəkləməsi, onlara maliyyə yardımı ayırması ölkədə mövcud iqtisadi və siyasi böhranı daha da dərinləşdirir. Uzun illər prosesləri yaxından izləyən, bütün bu baş verənlərə dərindən bələd olan və molla rejiminə qarşı üsyan edən etirazçılar aksiyalarda “Suriyada, İraqda, Yəməndə baş verənlərdən bizə nə?” şüarlarını səsləndirirlər. Bundan başqa, bir müddət əvvəl İraqdakı İran dəstəkli şiələr belə molla rejiminin Bağdaddakı əməllərinə qarşı çıxdılar.
Bu gün molla rejimi ölkə daxilindəki etirazları xarici düşmən axtarışı ilə sakitləşdirmək üçün ən çirkin vasitələrə əl atır. Bu baxımdan mollakratiyanın son dövrlərdə Azərbaycana qarşı hərzə-hədyanlarını heç də təsadüfi saymaq olmaz. Bu günlərdə məsələ ilə bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuata açıqlamasında bildirib ki, İran Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir: “İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük”.
İran ötən əsrin 90-cı illərinin əvvəllərində 70 illik “şər imperiyası”nın dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycana qarşı sərgilədiyi düşmən münasibətini qırx dörd günlük müharibə və ondan ötən iki illik postmüharibə dövründəki davranışları ilə bir daha nümayiş etdirdi. Molla rejimi 30 illik işğal dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli-mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, işğal dövründə İrəvanda və Şuşada məscidləri bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.
Bu ölkə öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər edərək tələm-tələsik Ermənistanın Qafan şəhərində İranın baş konsulluğunun açılışında iştirak etdi.
Bəli, İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kimi əlləri Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər.
Bundan başqa, İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır… Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.
Danılmaz faktdır ki, İran bu gün də öz çirkin ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. İran rəsmilərinin bu davranışları bir daha göstərir ki, müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən şovinist fars rejiminin İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur.
Sirr deyil ki, İran və Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür onlar arasındakı bağları daha da artırır. Əgər belə olmasaydı özünü dünya müsəlmanlarının, şiələrin müdafiəçisi kimi göstərməyə çalışan, müsəlmançılıqdan ağızdolusu dəm vuran İranın rəhbərləri Xocalı soyqırımını törədən, əli müsəlmanların qanına bulaşan qatı erməni terrorçusunu- Ermənistanın sabiq dövlət başçısını öpüb bağrına basmazdı.
Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyəti Prezidentinin mətbuat katibi İbrahim Kalın da NTV telekanalına müsahibəsində İranın ermənipərəst mövqeyi ilə bağlı Türkiyə rəhbərliyinin narahatlığını ifadə edib: “Zaman-zaman biz də Azərbaycan kimi İranın ermənipərəst mövqeyinə görə narazı qalırıq. Bu barədə biz İran tərəfi ilə də danışırıq”.
Bu gün İran və onun yanındaşları bilməlidirlər ki, qırx dörd günlük müharibə tarixi Zəfər qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Molla rejimi yaddan çıxarmamalıdır ki, bütün regional konfiqurasiyalar məhz həmin reallıqlar əsasında ölkəmiz ilə razılaşma əsasında müəyyən ediləcək. Heç bir təhdid Azərbaycanı yolundan döndərə bilməz.

