Cəmiyyət 

“Bu da bizim uşaqlarımızın gələcəyi ilə bağlıdır”

Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Nəcəfquliyeva Leyla Rəhim qızı orta məktəbdə ayaqyolunun olmamasından şikayətlənib. O, sosial şəbəkədə sözügedən məktəbdən video paylaşaraq məsələyə etiraz edib. Geniş müzakirələrə səbəb olan görüntülərdən sonra L.Nəcəfquliyeva məktəb rəhbərliyi tərəfindən töhmət alıb. Daha sonra isə Leyla müəllimənin 2022-ci ilin dekabr ayında icazəsiz iki gün işə gəlmədiyinə görə rəhbərlik tərəfindən töhmət aldığı açıqlaması yayılıb.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov BiG.AZ-a açıqlamasında bildirib ki, müəllim normal təhsil mühitini yaratmağı tələb etdiyinə görə məhz etiraz edib və onun buna görə töhmət alması əsassızdır:

“İlk növbədə qeyd edim ki, orta ümumi təhsil məktəblərində oxuyan şagirdlərə normal təhsil mühiti yaradılması Elm və Təhsil Nazirliyinin, yerli təhsil idarəetmə orqanlarının bilavasitə borcudur. Mütləq şəkildə uşaqlara normal tədris mühiti yaradılmalıdır. İmişli rayon Aranlı qəsəbəsində müəllimin məhz şagirdlər üçün normal mühitin yaradılmadığına görə etiraz etməsi başa düşüləndir. Çünki hər bir müəllimin öhdəliyi var ki, sinifində olan şagirdlərə normal dərs mühitinin yaradılmasını təmin etməlidir və bu məsələ ilə bağlı yuxarı qurumu olan direktor, direktor müavinin qarşısında məsələ qaldırımalıdır. Sosial şəbəkələrdə və televiziyada məktəbin görüntülərinə baxanda görürür ki, burada müəllim haqlıdır.

Təbii ki, yerli idarəetmə qurumu elan edir ki, müəllim dekabr ayında icazəsiz dərsə gəlmədiyi üçün ona töhmət verilib. Amma biz videoya baxanda görürür ki, müəllim bununla bağlı dəfələrlə məsələ qaldırıb və həmin şəxsin etiraz etmək hüququ var. Hər bir şəxsin tətil etmək hüququ var. Bu, yalnız hərbçilərə qadağan olunmuş bir hüquqdur. Müəllim də normal təhsil mühitini yaratmağı tələb etdiyinə görə məhz etiraz edib. Bu da bizim uşaqlarımızın gələcəyi ilə bağlıdır. Hesab edirəm ki, bu töhmət əsassızdır. Çünki həmin şəxsə birdən-birə töhmət elan etmək olmaz. Xəbərdarlıq edilməli idi.

Direktor, direktor müavininə, yerli təhsil sektoruna, regional təhsil idarəsinə, eyni zamanda Elm və Təhsil Nazirliyinin əməkdaşlarına bu töhmət elan edilməli idi ki, onlar öz vəzifə öhdəliklərini yerinə yetirməyiblər. Burada müəllim heç də şəxsi maraqları üçün dərsin normal gedişini pozmayıb. O, şagirdlərə yarana biləcək fiziki problemi aradan qaldırılması üçün bu məsələyə etirazını bildirib. Hesab edirəm ki, burada müəllim tamamilə haqlıdır və verilən töhmət əsassızdır”.

Daha çox xəbərlər