Gündəm 

Müasirlik, dinamik inkişaf, yeni texnologiyaların tətbiqi

Azərbaycan bu vəhdəti yaratmaqla beynəlxalq aləmdə yenilikçi ölkə kimi nüfuzunu daha da möhkəmləndirir

Dövlət başçısı İlham Əliyevin “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik”, eyni zamanda,  “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar” kimi çağırışları dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilərək davamlı addımların atılmasında özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Son 19 ilin reallıqlarına diqqət yetirsək bu çağırşın həyatda öz əksini tapdığını böyük inamla qeyd edə bilərik.

Bu fikri də böyük əminliklə deyə bilərik ki, ölkəmizdə təhsilin səviyyəsinin  dünyanın ən yüksək standartlarına cavab verməsi istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək, yenilərinin tikilməsi, yaxud əsaslı təmir olunması, maddi-texniki bazalarının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi prioritet istiqamətlərdəndir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən təmir olunaraq istifadəyə verilib. Bu günümüzün əsas tələbləri sırasında “Hər şagirdə bir kompyuter” prinsipi  xüsusi yer tutur. Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin.  Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr əsas tutularaq intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi üçün mühüm layihələr həyata keçirilir. Atılan  addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir.

Dövlət başçısı İlham Əliyevin  bu istiqamətdə imzaladığı sənədlərə, təsdiqlədiyi Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Belə ki, 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Prezident  İlham Əliyevin  “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamları, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir.  Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərəcək.

Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir. Ölkəmizdə təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin prioritetliyi atılan addımlardan da aydın görünür. Bir faktı nəzərə alsaq ki, iqtisadiyyatla elm zəncirvari şəkildə bir-biri ilə sıx bağlıdır, bu halda dövlətin təhsilin və elmin inkişafına göstərdiyi diqqətin mahiyyəti daha qabarıq şəkildə özünü büruzə verər. Elm və təhsil nazirliyi bu vəhdəti adında, fəaliyyətində ifadə edir.

İqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardır. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Bu fakt da inkaredilməzdir ki, pandemiya dövründə qoyulan məhdudiyyətlər hər bir ölkənin yeni texnologiyalar sahəsində mövcud imkanlarının təqdimatı oldu. Bu baxımdan ki, həm daxildə, həm də beynəlxalq səviyyəli tədbirlərdə yeni texnologiyalar öz sözünü dedi. Keçirilən videoformat şəklində konfranslarda “Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgündür.
İnformasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: “Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.”

Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik. Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir.

Bir sözlə, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir. Məhz bu addımlar pandemiya dövründə distant təhsilin yüksək nəticələrə yol açmasını şərtləndirdi.

Azərbaycan innovasiyalar ölkəsi olduğunu atdığı hər addımda nümayiş etdirir. Bu günlərdə   Prezident İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın Bakıda açılışında iştirak etdikləri  “STEAM İnnovasiya Mərkəzi” də bunun bariz nümunəsidir. Belə bir mərkəzin açılışı bird aha təsdiqlədi ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elm və Təhsil Nazirliyinin  2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “STEAM Azərbaycan” layihəsi də  məhz bu məqsədləri özündə birləşdirir. “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin  məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Azərbaycan hər yeni təcrübənin tətbiqinə böyük  maraq göstərir.  Hazırda işğaldan azad edilmiş ərazilərimizin  “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpası dünyanın diqqətindədir.

Daha çox xəbərlər