Cəmiyyət 

Pensiyaçılara ŞAD XƏBƏR – yapon modeli gəlir

İki dövlət fondu investora çevriləcək: gözləntilər nədir; Rəşad Həsənov: “Böyük ehtimalla, bu vəsaitlər əsasən dövlət qiymətli kağızlarına yatırılacaq”

Azərbaycanda iki fondun sərbəst vəsaitlərindən investisiya məqsədilə istifadə ediləcək. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondundan gedir.

Milli Məclisə göndərilən “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər. Digər tərəfdən, qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bildirilir ki, bu, fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

Bu şəxslərin pensiya alması üçün yaş həddi azaldılır | Hafta.az

“İşsizlikdən sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. Layihəyə əsasən, sərbəst vəsait İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsaitlə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Təklif olunan dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılacaq. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək. İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edək ki, Azərbaycanda Pensiya Fondu vəsaitlərindən investisiya məqsədilə istifadə olunması uzun illərdir müzakirə olunur. Dünya təcrübəsində də bu praktika geniş yayılıb. Pensiya kapitalı əsasında formalaşan fondlar müxtəlif sahələrə investisiya yatırmaqla vəsaitlərin həcmini artırırlar. Bununla da onlar vətəndaşların pensiya kapitalını inflyasiyanın mənfi təsirindən qorumaq imkanı əldə edirlər.

Azərbaycanda DSMF vəsaitlərindən investisiya kimi istifadə olunması ilə bağlı hazırlıqlar 2021-ci ildən başlanıb. Həmin il əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 2020-ci ildə DSMF 250 milyon manatlıq ehtiyat vəsait yarada bilib: “Bu vəsait pensiyaların vaxtından tez ödənilməsinə imkan verir. Gələcəkdə həmin vəsaitin 400-500 milyon manata çatdırılması, bir hissəsindən investisiya qoyuluşu üçün istifadə edilməsi nəzərdə tutulur. Amma bunun üçün lazımi mexanizmin hazırlanmasına ehtiyac var və bu barədə gələcəkdə ətraflı məlumat veriləcək”.

2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirən DSMF sədri Himalay Məmişov bildirib ki, ötən il fondun gəlirləri əvvəlki ilə nisbətən 548,8 milyon manat və ya 10,6 faiz çox olmaqla 5 milyard 726,4 milyon manat təşkil edib. Fondun xərcləri isə ötən ilə nisbətən 8,4 faiz və ya 407,8 milyon manat artaraq 5 milyard 250,3 milyon manat təşkil edib.  Bu isə o deməkdir ki, 2022-ci ilin yekununda DSMF-nin 476,1 milyon manat xərclənməmiş vəsaiti qalıb.

Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 306 770 072,0 manat, xərclərinin 5 306 770 072,0 manat olması nəzərdə tutulurdu.

İşsizlikdən Sığorta Fonduna gəlincə, bu qurum yarandığı dövrdən hər il on milyonlarla manat vəsait xərclənməmiş qalaraq növbəti ilin büdcəsinə daxil edilir. Məsələn, fondun 2022-ci il büdcəsinin gəlirləri 180 milyon 375 min 536,0  manat, xərcləri 180 milyon 375 min 536,0  manat məbləğində təsdiq edilib. Gəlirlərin 136 418 476,0 manatı İşsizlikdən sığorta üzrə sığorta haqları, 50 000,00 manatı sair gəlirlər, 43 907 060,0 manatı isə 2021-ci ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış  vəsaiti idi.

Əhaliyə ŞAD XƏBƏR! Pensiya ilə yanaşı, müavinətlər də artacaq - VİDEO

İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin isə gəlirləri  212 milyon 668 min 344,50  manat, xərcləri 212 milyon 668 min 344,50  manat məbləğində təsdiq edilib. Gəlirlərin mənbələrinə baxsaq, 159 milyon 576 min 150,0 manatı işsizlikdən sığorta üzrə sığorta haqları, 60 000,00 sair gəlirlər, 53 milyon 32 min 194,5 manat 2022-ci ildə istifadə olunmamış vəsaitdir.

Beləliklə, aydın olur ki, iki fondun illik investisiya imkanları 300 milyon manata yaxın bir məbləği əhatə edə bilər. Bu, kifayət qədər böyük məbləğdir. Uğurlu investisiya yatırımları ilə bu vəsaitləri ildən-ilə artırmaq mümkündür. Eyni zamanda Azərbaycanda dövlət vəsaitlərinə münasibətin heç də məsuliyyətli olmadığı hər kəsə məlumdur. Belə bir şəraitdə investisiya yatırımlarına dair qərarların verilməsi zamanı hərtərəfli düşünülərək addım atılacağına, belə qərarların vəzifəli məmurların mənafeləri nəzərə alınaraq alınmayacağına təminat vermək də mümkün deyil…

Rəşad Həsənov: “”Azərsu”da korrupsiya yüksək səviyyədədir”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, DSMF, İSF və gələcəkdə bu statusda yaradılacaq fondların maliyyə bazarlarına daxil olması ümumilikdə müsbət haldır: “Birinci növbədə ona görə ki, bu qurumlar öz vəsaitlərindən daha səmərəli istifadə etmək imkanı qazanırlar. İkincisi isə fondlar üçün daha bir gəlir mənbəyi formalaşır. Pulun generasiyası üçün əsaslar formalaşır. Digər tərəfdən, fondların maliyyə bazarlarına çıxması bu bazarı aktivləşdirir, daha bir maliyyə mənbəyi meydana çıxır”.

R.Həsənovun fikrincə, iki fondun birlikdə investisiyaya yönəldə biləcəyi illik vəsait məbləği elə də böyük deyil: “İndiki halda söhbət 100-300 milyon manat arası vəsaitdən gedir. Əgər “Əmək pensiyaları haqqında” Qanun təkmilləşdirilərsə, dövlətlə Pensiya Fondunun funksiyalarının bir-birindən ayrılması istiqamətində konkret mövqe ortaya qoyularsa, xüsusilə də 1992-ci ilədək – yəni sovet dövründə işləmiş və müstəqillik dövründə pensiyaya çıxşmış insanların pensiya ödənişini dövlət öz üzərinə götürərsə, ən nəhayət, əmək bazarında real şəffaflıq təmin olunarsa, Pensiya Fondu investisiya fəaliyyəti üçün daha geniş maliyyə imkanlarına sahib ola bilər. Bu gün Azərbaycanda 1 pensiyaçıya 1,7-1,8 işləyən düşür. Dünya üzrə bu göstərici 1 pensiyaçıya 5 işləyəndir. Azərbaycanda hazırda rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı 1,7 milyon nəfərə ətrafındadır. Halbuki ölkədə məşğul əhalinin sayı 4 milyondan yuxarı hesablanır. Bunun yarısı rəsmiləşərsə, Pensiya Fondunun gəlirlərində ciddi artım baş verəcək”.

Ekspert hesab edir ki, Azərbaycanda dövlət fondlarının idarəçiliyi təcrübəsindən çıxış edərək, DSMF və İSF vəsaitlərinin müstəqil şəkildə dünya fond bazarlarında, xarici qiymətli kağızlara yerləşdirilməsi mümkün olmayacaq: “Böyük ehtimalla, bu vəsaitlər dövlət qiymətli kağızlarına – Mərkəzi Bankın notları, Maliyyə Nazirliyinin istiqrazları, SOCAR kimi iri dövlət şirkətlərinin qiymətli kağızlarına yatırıla bilər. Belə kağızlar normal gəlirlərin əldə olunmasına imkan verə bilər. Normal idarəetmə, məsuliyyətli yanaşma olarsa, bu proses hər iki fondun gəlirlərinin artmasına, maliyyə vəziyyətinin stabilləşməsinə şərait yaradacaq”.

Daha çox xəbərlər