Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti bu sahənin müasir qlobal çağırışlara uyğun inkişafını təmin edir
“…Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı bildirib ki, Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması çox əlamətdar hadisədir. Açılışı 2025-ci ildə nəzərdə tutulan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Prezident İlham Əliyev çıxışı zamanı xatırladıb ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində – daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur: “Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur”.
Terroru dövlət siyasətinə çevirmiş Ermənistan 44 günlük Vətən savaşı zamanı Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) da davamlı hədəfə almış, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunmuşdur. Bu məsələni xüsusi qeyd edən ölkə başçısı düşmənin hər zaman olduğu kimi, bu dəfə də istəyinə nail olmadığını bildirib: “Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.
Hazırda ölkəmizin enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlmiş, itkilərin səviyyəsi isə xeyli aşağı düşmüşdür. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Dövlət başçısının bildirdiyi kimi, daxili resurslar hesabına inşa ediləcək stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri, ilk növbədə, elektroenergetika sahəsindən başladılmış və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatacağı gözlənilir. Bununla da azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaradılmış olacaq. Dövlət başçısının bildirdiyi kimi, Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır. Ölkə başçısı bərpa olunan enerji növlərinin inkişafı üçün də Azərbaycanda çox böyük potensial olduğunu da vurğulayıb. Bildirib ki, hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək: “Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur – böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”.

