Cəmiyyət 

İrəvan yeni ağa axtarışında…

İkinci Qarabağ müharibəsində aldığı “dəmir yumruq” zərbələrindən “huşunu” itirən Ermənistanın yaddaşı tamamilə pozulub, hara getdiyini bilmir. Buna görə də iki yüz illik yolunu azaraq 2021-ci ilin sonlarından həm Rusiyadan, həm də onun rəhbərlik etdiyi təşkilatlardan – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi İttifaqından uzaqlaşaraq, xarici siyasət istiqamətlərində daha çox Qərbə yönəlib. Nikol Paşinyanın və Ararat Mirzoyanın Brüsselə, Parisə, Vaşinqtona çoxsaylı səfərləri, eləcə də Avropa İttifaqının (Aİ) uzunmüddətli missiyasının Ermənistana gəlməsi göstərdi ki, bu hakimiyyət nəhayət, ölkənin istiqamətini Qərbə yönəldib. Qərb mediasında və bəzi dövlət qurumlarında isə bütövlükdə region, xüsusilə də Azərbaycanın Qarabağ İqtisadi rayonunda baş verən hadisələrdə ermənipərəst mövqe üstünlük təşkil edirdi. Ancaq birdən, bu yaxınlarda anlaşılmaz bir proses başladı. Söhbət  Ermənistan hakimiyyətinin İranla “qardaşlıq” münasibətlərindən gedir. Bununla da Ermənistan Qərbin “qırmızı xəttini” tapdalayır.

Tanınmış erməni analitik Tevos Arşakyan bununla bağlı deyib: “1990-cı illərdə Ermənistana yardım göstərilməsində İran mühüm rol oynayırdı. Buna görə cənub qonşumuza hədsiz minnətdarıq. Sonrakı illərdə Ermənistan-İran əməkdaşlığı həm iqtisadiyyatda, həm də siyasətdə yüksəlişdə idi. Əgər bizim o vaxtkı strateji müttəfiqimiz Ermənistan-İran münasibətlərinin inkişafına müsbət yanaşırdısa, indi vəziyyət kökündən dəyişib. Tam sürətlə can atdığımız Qərb İrəvanla Tehranın əməkdaşlığını həqiqətən də bəyənmir. Qərb tərəfdaşlarımız, ilk növbədə Brüssel və Vaşinqtonda bu barədə bizim hakimiyyət orqanlarına demək olar ki, açıq danışırlar. Bu, başadüşüləndir. Axı, Qərb demək olar ki, hər gün İrana nüvə proqramına, demokratik etirazların yatırılmasına və Rusiyanın Ukraynaya təcavüzünə dəstək verdiyinə görə təzyiqləri artırır. İrəvanla Tehran arasında hər hansı əməkdaşlıq Aİ və ABŞ-da dərin narazılığa səbəb olur. Bəs İrəvanın özü necə? Bu günlərdə hakimiyyətimiz kimin İranı daha çox tərifləyəcəyi ilə bağlı rəqabət aparır. Paşinyan islam inqilabının 44-cü ildönümü münasibətilə Xamenei və Rəisiyə təbrik mesajları göndərərək, Ermənistan-İran münasibətlərini “sarsılmaz” adlandırıb. Üstəlik, ekspert birlikləri birdən-birə Ermənistan-İran sivilizasiya birliyindən ciddi şəkildə danışmağa başlayıblar. Aydındır ki, bəzi məsələlərdə Ermənistan və İranın mövqeləri üst-üstə düşə bilər. Məsələn, Zəngəzur dəhlizi buna nümunədir”.

Tevos Arşakyan qeyd edib ki, İran burada öz maraqlarını güdür və Ermənistanın maraqlarını düşünmür: “İranlıların indi Azərbaycanla münasibətləri gərginləşib və bu, bizim üçün sərfəlidir. Amma Bakı ilə Tehran öz aralarında razılığa gələn kimi iranlılar vicdan əzabı çəkmədən bizdən üz döndərəcəklər. Yoxsa İranın Bakını qələbə və ərazi bütövlüyünün bərpası münasibətilə necə təbrik etdiyini burada kimsə unudub? Əgər səni Qərb yönləndirirsə, o zaman diqqətini yalnız Qərbin siyasətinə yönəltməlisən, əks halda hər şeyi itirmə riskimiz var. Rusiyanın boğucu qucağından xilas olmuşuqsa, özümüzü gələcəkdə Qərb ictimaiyyətinin sıralarında görürüksə, təhlükəsizliyimizi Qərblə əlaqələndiririksə, o zaman cənub qonşumuza qarşı çox diqqətli olmalıyıq. İran və Ermənistanın maraqlarının qısamüddətli üst-üstə düşməsi səbəbindən ikili oynamaq olar, amma həddi aşmadan.”

Gördüyünüz kimi, ermənilər iki yüzillik ağalarına xəyanəti davam etdirməkdədirlər. Fikir Ermənistanı iki əsr bəsləyib saxlamış, əzizləmiş və bütün təhlükələrdən qorumuş Rusiyanı ölkədən tamamilə çıxarmaqdır. Ancaq yeni ağa axtarışında baş-ayaq vuran Ermənistanın dünyanın zəhləsi getdiyi şər və terror, dini radikalizm və narkotik alveri mərkəzi İranla isti münasibətləri isə seçdiyi yeni ağalarını rəncidə salır. Belə çıxır ki, siyasətdə gödək burnunun ucunu belə görə bilməyən Nikol Paşinyan “anlamamış banlayan beçə” vəziyyətindədir. Dövləti münasibətlər arasında “səkkizlik” vura-vura dolaşan Ermənistan hələ  “araba kölgəsindən” tamam uzaqlaşmamış artıq özünü, sözünü itirib. Təbii ki, yeni ağaları Ermənistana “şirin quyruğunu” buraxmağı, özünü ağıllı aparmağı başa salacaqlar. Qanmayanı qandırarlar…

Daha çox xəbərlər