Azərbaycan haqqın, ədalətin tərəfdarıdır
59-cu Münxen Təhlükəsizlik Konfransı ölkəmizə, Prezident İlham Əliyevə etimadın, ədalətə söykənən mövqeyimizə dəstəyin təqdimatı oldu
Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri keçirildi.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı İlham Əliyev ilk olaraq “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətinin artdığını nəzərə alsaq son zamanlar keçirilən tədbirlərdə, konfranslarda əməkdaşlıqda enerji amilinin önə çəkilməsi başadüşüləndir. Davos Dünya İqtisadi Forumunda Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev Münxen Konfransı çərçivəsində keçirilən dəyirmi masada da ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən geniş bəhs edərək ötən il Azərbaycanın qaz təchizatının artırılmasını qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə kimi qeyd etdi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev bu proqnozları da açıqladı ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında enerji amilinin rolu böyükdür. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizlə qurum arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdı. Son dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyini nəzərə alsaq Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün bu sahədə də geniş imkanların mövcud olduğu dərhal nəzərə çarpar. Bu əminlik hər zaman ifadə edilir ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Dövlət başçısı İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsində ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edərək bildirdi ki, həm Davos Forumu çərçivəsində, həm burada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Əlbəttə ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Bir çox görüşlərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.
Cənab İlham Əliyevin Konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda dövlət başçısı İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər.
Dövlət başçısı İlham Əliyev bu platformadan 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqlarını beynəlxalq auditoriyaya çatdırdı.
Münxen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə – 2020-ci ilin fevral ayında konfrans çərçivəsində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.
Prezident İlham Əliyev builki Münxen Təhlükəsizlik Konfransında iştiraka dəvət edilən və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından oldu. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda dövlət başçısı İlham Əliyev Azərbaycan həqiqətlərini, ermənilərin 30 il işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşilikləri əsaslı şəkildə diqqət çatdırdı. «Biz müharibənin nə olduğunu bilirik» söyləyən dövlət başçısı İlham Əliyev əlavə olaraq onu da bildirdi ki, müharibənin xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. İstəyirik Avrasiyada sülh bərqərar olunsun. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Bu işi gec yox, tezliklə tamamlayacağımıza ümidə edirik. Bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.
Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Ölkəmiz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, Azərbaycan onun dondurulmadığını sübut etdi.
Onu da qeyd edək ki, konfransda müzakirəyə çıxarılan məsələ iştirakçıların marağına səbəb olduğu üçün diqqətlə izlənildi. Bu diqqət və marağı dövlət başçısı İlham Əliyev «Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi» fikirləri ilə ifadə etdi. Cənab İlham Əliyev tarixi Zəfərə imza atmaq, torpaqlarımızı işğaldan azad etmək, ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduğumuzu diqqətə çatdırdı.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi regionda vəziyyəti dəyişdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlət başçısı İlham Əliyev bununla yanaşı bildirir ki, biz gələcəyə baxmalıyıq. Əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır.
Reallıq budur ki, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olub-Danışıqları sonsuz və faydasız etmək. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi. Bütün çıxışlarında, xalqa müraciətlərində, müsahibələrində ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. O da məlumdur ki, Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq dağıdılmış məsciddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. Ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu.
Dövlət başçısı İlham Əliyev Münxen Təhlükəsizlik Konfrası çərçivəsində keçirilən plenar iclasda da diqqəti 30 il işğal altında qalan, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu xatırladaraq bildirdi ki, bu, yadplanetlilər tərəfindən edilməyib. Torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Onları qovandan sonra indi ədalət üçün yalvarırlar. Ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistanın kapitulyasiyası aktıdır.
Prezident İlham Əliyevin reallığı, tarixi həqiqətləri özündə əks etdirən fikirləri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın bütün yalanları daha aydın görünür, qeyri-ciddi fikirləri ilə özünün gülüş hədəfinə çevrilməsinə rəvac verdi. İki ildən artıq dövrdə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın baş naziri tərəfindən necə şərh olunduğu diqqətdən kənarda qalmadı. Paşinyan diqqəti yayındırmaq ənənəsini davam etdirərək Azərbaycanın siyasətinin guya qisas xarakteri daşıdığını bildirdi. 30 illik işğal dövründə danışıqların imitasiya naminə aparıldığını bilsə də nə zamansa ədalətin, haqqın qalib gələcəyinə ümid edən Azərbaycan kimi sülh siyasətinə sadiqlik nümayiş etdirən bir dövləti öz xislətlərinə xas şəkildə ittiham etmək Ermənistan rəhbərliyinin əsl simasını ortya qoyur. Beynəlxalq auditoriyanın qarşısında özünü «məzlum» bir obraza salaraq, ölkəsini bir az da irəli gedərək dünyaya nümünə olan bir şəkildə təqdim edən Nikol Paşinyan belə yalanlarla iştirakçıların sadəcə zamanını aldı. Çünki Azərbaycan Prezidenti faktlarla bütün reallıqları bəyan etdi və bu çağırışı etdi ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər.
Bütün bu qeyd edilənlərin fonunda fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirildi.
Dövlət başçısı İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformanın olduğunu bildirdi. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Münxen Konfransı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü oldu. Görüş bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədi. Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı, həmçinin Brüssel prosesi və üçtərəfli format müzakirə edildi: «Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Düzdür, keçmiş Minsk qrupundan müəyyən şeylər qalıb. Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz.»
Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaq. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi.
Azərbaycan belə bir vəziyyətlə barışa bilməzdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın gücünün, qüdrətinin, ən əsası torpaq, Vətən sevgimizin nümayişi oldu. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi.
Dövlət başçısı İlham Əliyev plenar islaslarda çıxışlarında, həmçinin xarici və yerli televiziya kanallarına müsahibəsində indiki dövrün bütün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırdı. Reallıq budur ki, tarixi Zəfərimiz yeni reallıqlar yaradıb. Plenar islas göstərdi ki, bu reallıqları qəbul etməyənlər də var. Amma onların gec-tez bu reallıqları qəbul edəcəkləri qaçılmazdır. Azərbaycan 30 ilin işğalına son qoyub. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını təklif edir. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın Cənubi Qafqaz regionu üçün təhlükəsizlik xəritəsini təqdim etdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, yeni səhifənin açılması əsas çağırışdır. Əksər dünya gücləri bu prosesə dəstəklərini ifadə edir, səylərini əsirgəməyəcəklərini bildirirlər.
Cənab İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsində keçirilən görüşlərin, plenar islaslarda aparılan müzakirələrin ümumiləşdirilmiş ifadəsi olaraq bu reallıqları diqqətə çatdırdı ki, biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir: «Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.»

