Tarixçi alim: Türkiyə-Azərbaycan ittifaqı Türk Birliyinə gedən yolda önəmli bir modeldir
Türkiyə-Azərbaycan ittifaqı gələcək Türk Birliyinə gedən yolda bir model, sınaqdan çıxmış nümunədir.
ARANTV.AZ xəbər verir ki, bunu tarixçi alim Ramin Sadık “Krım” xəbər agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2021-ci ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında əlaqələri ən üst səviyyəyə yüksəldib.
“Artıq iki dövlət müttəfiqdir. Bəyannamənin en önəmli maddələrindən biri, təhlükəsizliklə bağlıdır. Yəni, kənardan hər hansı birinə hücum ediləcəksə, birlikdə hərəkət ediləcək. Onsuz da bəyannamədən əvvəl də Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün hər şeyi edirdi. Məsələn, 1993-cü ildən indiyə qədər Kəlbəcərin işğalı ilə əlaqədar olaraq Ermənistanla sərhədlərini bağlamışdı. Bildiyiniz kimi, Türkiyə uzun illərdir Azərbaycan Ordusuna təlim, təhsil istiqamətlərində dəstək verir. Həmin təlim görmüş Ordu Qarabağda öz sözünü dedi. Və sadəcə 44 gün ərzində… Həmin dəstək bu gün də davam etmədədir. Türkiyə ilə Azərbaycanın müttəfiqliyi Xəzərin şərqindəki Türk ölkələrini də daha cəsarətli xarici siyasət addımları atmaq məsələsində cəsarətləndirir. Son dövrlər Türk Dövlətləri Təşkilatının ciddi bir beynəlxalq güc kimi meydana çıxmasında və inkişaf etməsində Türkiyə-Azərbaycan müttəfiqliyinə Xəzərin şərqindən verilən dəstəyin bu mənada əhəmiyyəti böyükdür. Digər tərəfdən, Türkiyə-Azərbaycan müttəfiqliyi qarşıda Türk Dövlətləri Təşkilatının Türk Birliyinə çevrilməsi istiqamətində də önəmlidir. Türkiyə-Azərbaycan ittifaqı gələcək Türk Birliyinə gedən yolda bir model, sınaqdan çıxmış bir örnəkdir. Dolayısı ilə, şəxsən bu modelin Türk Dövlətləri Təşkilatının birlik çərçivəsində bütövləşməsində təsirli olacağını düşünürəm”, – o qeyd edib.

