Cəmiyyət 

Xalqımızın və dilimizin tarixinin güzgüsü

Azərbaycanda XX əsrin əvvəllərindən başlayan dialektoloji araşdırmalar böyük bir tarixi inkişaf yolu keçərək bu gün özünün ən yüksək mərhələsinə çatmışdır. Müasir dövrdə dialekt və şivələrin zəifləyən vəziyyəti bir daha onu göstərir ki, dialektoloji araşdırmalar indi çox önəmlidir. Ona görə də onları gələcək nəsillərə ötürmək üçün bu sahədə yazılan əsərlər, görülən işlər zərurətə çevrilmişdir. Bunun üçün ən yaxşı və zəngin mənbə dialektoloji atlaslardır. Bu atlaslar dialekt faktlarını özündə mühafizə edərək gələcək tədqiqatlar üçün yol açır. Dialektlərin dilçilik coğrafiyası əsasında öyrənilməsi dialektoloji atlasların hazırlanması ilə başlayır. Azərbaycanda dialektoloji atlas yaratmaq ənənəsi akademik Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanan ilk dialektoloji atlas 1990-cı ildə nəşr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində M.Şirəliyevin qoyduğu ənənəni davam etdirən AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları 2015-ci ildə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı hazırladılar. Bu atlasın nəşri həm də “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın nəşrinə bir növ hazırlıq idi. Dilçilik İnstitutunda dilimizin dialekt və şivələrinin tədqiqi yönündə çalışmaların məntiqi davamı olaraq 2022-ci ilin sonlarında “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” ictimaiyyətə təqdim olundu.  Kollektiv müəlliflər tərəfindən hazırlanan 358 səhifəlik, dörd dildə – Azərbaycan, türk, rus, ingilis dillərində tərtib olunmuş bu atlasda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılmışdır. Atlasda 278 xəritə, hər bir xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş 3250 informatorun siyahısı təqdim olunur. Bununla yanaşı buraya informatorların səsləri yazılmış kompakt disk, ekspedisiyalar zamanı çəkilmiş fotoşəkillər də əlavə olunmuşdur. Bu fotoşəkillər iş prosesi ilə yanaşı, həm də Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, bənzərsiz təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri də əks etdirir.

Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyeva, rəyçisi dosent Baba Məhərrəmlidir. Əsərin “Fonetika” bölməsi Kifayət İmamquliyeva, “Qrammatika” bölməsi Məhərrəm Məmmədli, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Səkinə Şərifova, “Leksika” bölməsi Güntəkin Binnətova tərəfindən tərtib edilmişdir. Türk dilinə tərcümə Kübra Quliyevaya, rus və ingilis dillərinə tərcümə Gülşən Axundovaya məxsusdur.

Uzun illər boyu tarixin ən ağır imtahanlarına sinə gərən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əhalisi 90-cı illərdə mənfur düşmənlərimiz tərəfindən öz doğma torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkün həyatı yaşamışdır. Uzun illərin məhrumiyyətlərinə baxmayaraq bölgənin əhalisi öz dialektini dağınıq halda da olsa, qoruyub saxlaya bilmişdir. Bu isə onsuz da mürəkkəb olan dialektoloji materialların toplanması işini daha da çətinləşdirmişdir. Azərbaycanın ayrı-ayrı rayonlarında məskunlaşmış insanların içərisindən dialekt daşıyıcıları olan informatorların tapılması, onlardan lazımı materialın toplanması işin əsas və ən çətin mərhələsidir. Dilçilik İnstitutunun əməkdaşları bunun öhdəsindən uğurla gələ bilmiş, lazımi material toplanaraq əhatəli tədqiqata cəlb olunmuşdur. Nəticədə bölgənin xarakterik dialekt faktları müəyyən edilmiş, atlasda öz əksini tapmışdır.

Oxuculara həm elektron, həm də çap variantda təqdim olunan zəngin dialektoloji material əsasında hazırlanan, dilimizin və tariximizin öyrənilməsi baxımından müstəsna əhəmiyyəti olan bu atlasda dilin bütün səviyyələri əhatə olunmuşdur. Əsərdən bir daha aydın olur ki, Qarabağ və Şərqi Zəngəzur torpaqlarına göz dikən mənfur qonşularımızın saxtalaşdrımağa və özününküləşdirməyə cəhd etdiyi bu ərazinin qədim sakinlərinin məhz Azərbaycan türkləri olduğunu tarixi faktlarla bərabər, həm də bölgənin dialekt faktları, türkmənşəli qədim yer-yurd adları təsdiq edir.

Atlasın ilk bölməsində Qarabağ dialekti və Şərqi Zəngəzur şivələrinin xarakterik fonetik xüsusiyyətləri öz əksini tapmışdır. Bölgə əhalisinin danışığnda müşahidə olunan səs əvəzlənmələri, fonetik hadisə və qanunlarda özünü göstərən fərqlər, dilimiz üçün qədim sağır “n” səsinin işlənməsi, hətta qoşalaşması bu bölgədə formalaşan şivələri yaradanların – buranın qədim sakinlərinin türklər olduğunu həm də dil faktları əsasında sübut edir. Atlasdan da görünür ki, bölgə şivələrinin dilimizin digər dialekt və şivələrindən fərqli, özünməxsus fonetik sistemi vardır. Burada dilimizə məxsus qədim səs xüsusiyyətləri qorunub saxlanmışdır.

Atlasın ikinci bölməsində Qarabağ dialekti və Şərqi Zəngəzur şivələrinin qrammatik xüsusiyyətləri təqdim olunur. Burada əsas nitq hissələrinə məxsus kateqoriyaların şivələrdə ifadə formaları, köməkçi nitq hissələri, söz birləşmələri, cümlə növlərinin şivələrdə sabitləşmiş ədəbi dildən fərqli cəhətləri müəyyən olunmuşdur. Qarabağ dialekti və Şərqi Zəngəzur şivələrinin morfologiyasında qeydə alınan bu xüsusiyyətlər Azərbaycan dilinin tarixi morfologiyasının bəzi mürəkkəb məsələlərinin aydınlaşdırılmasına da kömək edir.

Atlasın üçüncü – “Leksika” bölməsində tədqiq olunan şivələrin leksik xüsusiyyətləri, ədəbi dildəki sözlərin şivələrdə işlənərək dialekt mahiyyəti daşıyan qarşılıqları, sözlərin məna qruplarını yaradan zəngin cərgələr haqqında məlumatlar əks olunmuşdur. Atlasda tətbiq olunan kodlaşdırma məlumatların daha əlçatan olmasına və asanlıqla tapıla bilməsinə xidmət edir. Burada regionun izoqlos yaradan dialekt xüsusiyyətləri müəyyən edilib və onların yayılma arealları müəyyənləşdirilib.

Dialektoloji atlaslar dilin arxeoloji və geoloji tədqiqi mahiyyəti daşıyır. Onların hazırlanması, geniş oxucu kütləsinə təqdim olunması xalqımızın qədim tarixinin, həyat və məişətinin, etnoqrafiyasının daşıyıcısı olan dialekt və şivələrimizin yaşadılması baxımından da çox əhəmiyyətlidir. Azərbaycan dialektologiyasına aid yazılmış ən qiymətli mənbələrdən olan bu atlas dialektlərimizin öyrənilməsi işində çox mühüm bir addımdır. Dünyanın ən aparıcı dörd dilində hazırlanması da aparılan araşdırmaların beynəlxalq miqyasa çıxması, bu əsərə dünya elmi miqyasında istinadları da şərtləndirir. Həm elmi, həm də siyasi cəhətdən çox əhəmiyyətli, eyni zamanda, ağır, zəhmətli işin öhdəsindən layiqincə gələn həmkarlarımızı təbrik edir, onlara bu sahədə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Nuray Əliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daha çox xəbərlər