Ombudsman insan hüquqları ilə bağlı təkliflərdən danışıb
“İnsan hüquqları ilə bağlı 700-dən çox təklifimiz olub. Bunun yarısından çoxu artıq təmin olunub, bu isə yüksək göstəricidir”.
ARANTV.AZ -ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır:
“Hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar”.
Azərbaycanda gender bərabərliyinin təmin edildiyini qeyd edən Ombudsman bildirib ki, ötən dövrlərdə Avropa standartlarının Azərbaycan qanunvericiliyində tətbiqi üçün monitorinqlər keçirilib:
“Ombudsman Aparatı tərəfindən gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün tədbirlər davam etdirilir. Qadınların liderlik, özünəməşğulluq imkanlarının inkişafı, seçkilərdə, ictimai həyatda qərar qəbul etmədə qadın və kişilərin birgə iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması əhəmiyyətlidir. Qadınların iqtisadi asılılığın, iqtisadi istismarının aradan qaldırılması istiqamətində təkliflər və tövsiyyələr irəli sürülüb və tətbiq edilməsi istiqamətində işlər görülür”.
METBUAT.AZ

