Bakı görüşü: Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətlərinin təsdiqi
Qoşulmama Hərəkatının BMT-yə alternativ gücə çevrilməsi məhz Azərbaycanın bu təsisatda fəaliyyəti ilə birbaşa bağlıdır
Azərbaycanın yürütdüyü xarici siyasətdə tərəfsizlik, dünyada sülhün və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasını əsas tutub. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi diqqət çəkir. Sirr deyil ki, Azərbaycanın bu təşkilata üzvlüyü ilə Qoşulmama Hərəkatının fəaliyyətində və beynəlxalq nüfuzunda irəliləyişə doğru ciddi proses başladı.
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü də bir daha təsdiqlədi ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir, rəhbərlik etdiyi təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün mühüm addımlar atır. Belə ki, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının toplandığı Bakıdakı Zirvə görüşü koronavirus infeksiyasının qarşısının alınması və digər bəşəri problemlərin həlli yollarının araşdırılıb tapılması üçün ideal və son dərəcə uğurlu tribuna idi.
Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri bir daha Azərbaycanın liderlik mövqeyini möhkəmləndirdi. İndi artıq beynəlxalq ictimaiyyət BMT-nin Xüsusi Sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən və bu təklifin reallaşmasına nail olan öz katibliyi, parlament və gənclər şəbəkəsi olan, beynəlxalq təşkilat statusuna iddialı Qoşulmama Hərəkatı ilə üz-üzədir.
Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı olduğuna, dünyanı bürüyən təhdidlər fonunda Qoşulmama Hərəkatının nüfuzlu qurum olaraq beynəlxalq arenada yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının və səmərəli fəaliyyətinin vacibliyinə də toxundu. Prezident təəssüflə qeyd etdi ki, bu gün dünyada neokolonializm meylinin artdığı müşahidə olunur. Bunun qarşısını almaq üçün Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində birləşməli, həmin istiqamətdə ciddi addımlar atmalıdır. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflər qlobal problemlərin həllinə və yeni dünya düzəninin formalaşması fonunda yeni inkişaf meyillərinin yaranmasına dəstək olacaq.
Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təsisatın səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Bununla da, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Bununla da, Qoşulmama Hərəkatı COVID-19-la mübarizədə nüfuzunu və məsuliyyətini dünyaya nümayiş etdirdi. Eyni zamanda, ölkəmiz humanizm prinsiplərinə sadiq qalaraq əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.
Bundan başqa, dövlətimizin başçısı Ermənistanın işğalı nəticəsində Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasında olduğunu və postmünaqişə dövründə 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və yaralandığını bildirdi.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün və xüsusilə 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan vermədikləri üçün prinsipləri ədalət meyarı olan adıçəkilən quruma təşəkkür etməyi də unutmadı.
Prezident İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni və mühüm təkliflər irəli sürməsi böyük maraqla qarşılandı. Azərbaycan liderinin Zirvə görüşündə Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq addım kimi qiymətləndirildi. Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edən Azərbaycan Prezidentinin bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə qeyd edilən məqsədlər üçün bu başdan Azərbaycanın ilk donor ölkə kimi bir milyon ABŞ dolları məbləğində vəsait ayırdığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də ölkəmizin və Prezident İlham Əliyevin qlobal proseslərdə liderlik keyfiyyətlərini ortaya qoydu. Dövlət başçımızın iqlim dəyişikliyini, kiçik ada ölkələrinin həmin dəyişikliyin təsirlərinə daha həssas olduqları üçün Yer üzündən silinmək təhlükəsi ilə üzləşməsindən yaranan narahatlığı ifadə etməsi və bir sıra digər məqamları dilə gətirməsi növbəti dəfə sübut etdi ki, Qoşulmama Hərəkatı, sözün həqiqi mənasında, bəşəri proseslərdə iştirak edir və edəcək.
Bakı sammiti Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq. Zirvə görüşündə Azərbaycan Prezidentinin verdiyi mesajlar əslində, beynəlxalq siyasi proseslərin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sammit, eyni zamanda, dövlətimizin gücünün və beynəlxalq arenadakı mövqeyinin möhkəmliyinin reallıqda təsdiqi oldu. Azərbaycan və onun liderinin siyasi gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu.

