Gündəm 

Makronun azsaylı xalqların milli varlıqlarına «gilyotin» siyasəti

Korsika dilinin qadağan edilməsi ilə bağlı qərarın qəbulu Fransanın müstəmləkə imperiyasının iyrənc qalıqlarının davamıdır

Hər xalqın dili onun varlığını təsdiq edən milli -mənəvi sərvəti, pasportudur. Qədim mənbələrə istinad edən elm adamlarının bildirdikləri kimi, elə xalqlar olub ki, kökü kəsilsə də dilləri onların varlığını sübut edir. Məsələn, latın dili. Məşhur filosoflardan tutmuş, digər elm adamlarınadək bütün dahilər öz fikirlərini, elmi kəşflərini, nəzəriyyələrini və ideologiyalarını latın dilində yazıya çeviriblər. Bu baxımdan latın dili söz ehtiyatı cəhətdən ərəbcədən sonra ikinci ən zəngin dildir. Lakin müxtəlif sivilizasiyaların bir-birini əvəz etməsi, bu dildə danışanları sıradan çıxarsa da, latın dili bu günədək öz varlığını qorumağı bacarıb. Bu baxımdan Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı ədalətsiz qərarın qəbulu ada sakinlərini qəzəbləndirib.

«Corsematin.com» xəbər verir ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının ikinci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Fransa Prezidenti Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Qərarda Fransa konstitusiyasına istinadən bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə ünsiyyət vasitəsi fransız dilidir.

Dil məsələsinin müzakirəsində daha irəli gedən məhkəmə «Korsika xalqı”» ifadəsinin işlədilməsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Bu vəziyyətlə razılaşmayan yerli siyasətçilər Korsika dilinə fransız dili ilə yanaşı rəsmi status verilməsi ilə bağlı hökmdən apelyasiya şikayəti verəcəklərini bildiriblər. Yerli əhali adaya muxtariyyət, hətta tam müstəqillik verilməsi tələblərində də israrlıdır. UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan və təxminən 150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu cür qeyri-korstruktiv qərarı tənqid edən və muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər, adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamentinin üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir.

Ada sakinləri, məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər. Müstəqillik tərəfdarı olan «Core in Fronte»” Partiyası isə bu sənədi xalqa qarşı təhqir, «rüsvayçı qərar» adlandıraraq məsələyə konstitusiyanın tələbləri baxımından yanaşılması zərurətini xatırladıb. Bu məqamda bir məsələni diqqətə çatdırmaq yerinə düşər.

Bu qərar beynəlxalq səviyyədə də etirazlara səbəb olmuşdur. «Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”», – deyə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen qərarın ədalətsiz olduğunu qeyd edib.

Sivilizasiyalar arasında münasibətlərin yaranmasına ehtiyacın artdığı XXI əsrdə Fransada, öz tarixi vətənlərində Korsika xalqının dilinin qadağan edilməsi militarist, separatıizmi dəstəkləyən, hələ də müstəmləkəçilik ruhu ilə yaşayan, yeri gələndə isə özünə haqq qazandırmaq üçün məkrli siyasət yeridən Makron Fransasının insanlığa görünməmiş aqressiyasıdır. Bu məqamda bir məsələni diqqətə çatdırmaq yerinə düşər. Keçmiş zamanlarda Fransada barəsində ölüm hökmü çıxarılmış məhkumun cəzası başı boyun nahiyyəsindən üzən «gilyotin» adlandırılan alətlə icra olunurdu. Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim və Fransa Məclisinin üzvü İosif İqnak Giyotin tərəfindən təkmilləşdirilib. Korsika dilinin qadağan olunması ilə bağlı qərarın qəbulu Makron hakimiyyətinin ada xalqına kəsdiyi cəzadır. Yəni, başın kəsilməsi ilə xalqın dilinə qoyulan qadağa eyni mahiyyət daşıyır.

Hələ də müstəmləkə altında saxladığı Afrika ölkələrində insanlığa ləkə olan hərbi cinayətləri ilə tanınan, yüzlərlə qaradərililərə qarşı amansız rəftar edən Makronun başçılıq etdi ölkə daxilində belə əhaliyə qarşı mənəvi terrora əl atılması təbiidir. Özü kimi işğalçı Hayastanı , qonlarma « artsax»ı, guya «hüquqları pozulan erməniləri» müdafiə edən Makronun Azərbaycanı « humanitar fəlakət» törətməkdə ittiham etməsi sarsaqlıq, siyasi korluqdur. Halbuki Azərbaycan Qarabağda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasına uyğun bütün vətəndaşlıq hüquqlarını, o cümlədən öz ana dillərində danışmaq hüququnu tanıdığını dəfələrlə bəyan edib. Yəni, milli azlıqlara qarşı olan aqressiya siyasəti aparan Fransadan fərqli olaraq Azərbaycan əsl hüquqi dövlətdir və etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarının hamısına bərabər hüquqlar tanıyır. Fransa isə korsikalılara qarşı irqi ayrı-seçicilik tətbiq edir. Xatırladaq ki, əslən korsikalı olan, Fransaya şöhrət gətirən Napoleon ömrünün sonuna qədər ana dilinə sadiq qalaraq fransızca danışmağa ehtiyac duymamışdır.

Korsika təcrübəsi Makronun dövlətçilik təcrübəsində yeganə hal deyildir. Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub. Bu, özünü xristian olmayan dini qruplara baxışda açıq-aşkar göstərir. Bu ölkədə fərqli etnik və dini qruplar «ümumfransız” kimliyi» içərisində əridilir. Xüsusən müsəlmanlara qarşı diskriminasiya siyasətində daha radikal olan rəsmi Parisin siyasi hakimiyyəti, millətçilər müsəlman qadınların çadra ilə gəzməsinə qarşı səlib yürüşü siyasəti yeridirlər. Başı örtülü qadınları təhqir edir, məsxərəyə qoyur, bəzən onlara fiziki təzyiqlər də göstərirlər.

Əsrlərdən bəri Afrika daxil olmaqla müstəmləkə altında saxladığı ölkələrdə yerli əhalinin dilini unutdurmaq üçün zor tətbiq edən Fransa azsaylı xalqların milli və dini kimliyini, mənəvi dəyərlərini yox edir.

Hazırda Fransa əhalisinin 10 faizə qədərinin müsəlman olmasına baxmayaraq, hələ də İslami dəyərlər diskriminasiyaya məruz qalır.
Təkcə 2020-ci ildə bu ölkədə müsəlmanlara qarşı nifrətin səviyyəsi, islamofob hücumların sayı 53 faiz artıb və bu tendensiya davam edir. Fransanın ən yoxsul bölgəsi olan Korsika əhalisinin tələbləri adaya müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunmasıdır. Bu baxımdan qanı, canı bir olan ermənilərə canıyanarlıq edib, «status» xəstəliyinə tutulan Makronun bu «istəyini» ilk olaraq Korsikada tətbiq etməsi, «xalqların öz müqəddəratını təyin etməsi» iddialarını adada reallaşdırması daha məqsədəuyğundur. Müsye Makronun dərələrdən keçib, dağlardan aşıb Hayastana əl uzatmasına gərək yoxdur.
Hələ də müstəmləkə altında saxladığı ölkələrdən xərac tələb edən Makronun Prezident İlham Əliyevin bu sözlərini sırğa kimi qulağından asması Fransa üçün daha xeyirli olar: «Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.»

Daha çox xəbərlər