“Gözəllik adası”nın “kəsilən” dili…
Və ya fransızsayağı “demokratiya”nın Korsika nümunəsi
Etnik və dini azlıqlara qarşı dözümsüzlüyü, XXI əsrdə hələ də müstəmləkə altında saxladığı xalqların hüquq və azadlıqlarını polis və əsgər çəkmələrinin tapdağına çevirməyi dövlət siyasətinə çevirən Fransa açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyib. Xüsusilə hazırkı prezidenti Emmanuel Makron dövründə dağılmış imperiyasının xarabalıqları üzərində neokolonolizmi yaşatmağa çalışan “xoruzlar ölkəsi”nin de-fakto və de-yure əsarətində olan milli azlıqların hüquqlarını ümumiyyətlə, tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi bütün dünyanın gözü qarşısında demokratik dəyərlərin təhqir edilməsidir. Tarixi qanlı cinayətlərlə, günahsız insanlara qarşı qətliamlarla, soyqırımları ilə zəngin olan Fransa bu gün də qloballaşan dünyanı xilas edə biləcək beynəlxalq humanizm və sivilizasiyalararası dialoq çağırışlarına məhəl qoymadan öz eybəcər müstəmləkəçilik siyasətini davam etdirməkdədir. Bu ölkə hələ də öz qaranlıq keçmişindən ibrət götürməyib, əksinə, işğalçılıq ənənələrini bu və ya digər formada yaşatmaqda, özünə yeni təsir dairələri formalaşdırmağa çalışmaqda, əsarətdə saxladığı xalqları əzməkdə, beynəlxalq hüquqla təsbit olunmuş fundamental insan haqlarını kobudcasına pozmaqdadır. Korsika nümunəsi bir daha göstərdi ki, Makron Fransasını 40 milyona yaxın Azərbaycan türkünü öz doğma dilindən, azadlıq hüququndan məhrum etmiş şovinist fars rejimindən, onminlərlə soydaşımızı tarixi torpaqlarından qovmuş, 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərimizdə vəhşiliklər törətmiş Ermənistandan fərqləndirən yalnız bir şey var – “demokratiya” pərdəsinə daha çox bürünmək. Bu “demokratiya” fransızsayaq “demokratiya”dır…
“Gözəllik adası” adlandırılan Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi təkcə ada sakinlərinin dilinin “kəsilməsi”, onların beynəlxalq qanunlarla təsbit olunmuş hüquqlarının pozulması deyil, eyni zamanda, azadlıq arzularının boğulmasıdır.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu, Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir.
Qərar mərkəzi Fransa hökumətinin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. Belə çıxır ki, Makron əsrlərdir fransız işğalı altında olan korsikalıları aldadıb və onlara qismən azadlıq vermək yerinə öz dillərində danışmağı da qadağan etmək istəyir. “Gözəllik adası”nın muxtariyyət tərəfdarı olan aparıcı siyasətçiləri məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər. Müstəqillik tərəfdarı olan “Core in Fronte” Partiyası “Twitter” hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.
BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen qərarın ədalətsiz olduğunu qeyd edib: “Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır. Çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır.”
Qeyd edək ki, Korsika Aralıq dənizinin şimal hissəsində yerləşir. Adada qədimdən İberiya və Liquriya tayfaları məskunlaşıb. Tarix boyu daim işğallara məruz qalan Korsika eramızdan əvvəl 3-2 əsrlərdə Roma, eramızın 6-8 əsrlərində isə Bizans imperiyası tərəfindən işğal edilib. 1729-cu ildə korsikalıların yadelli ağalığına qarşı üsyanı başlasa da onlar öz azadlıqlarına qovuşa bilməyiblər. 1764-cü il Kompyen konvensiyasına və 1978-ci il Versal müqaviləsinə əsasən Fransanın tabeliyinə keçib, 1796-cı ildən isə qəti olaraq ona birləşdirilib.
Korsikalıların Fransanın işğalına son qoymaq, müstəqil dövlət qurmaq uğrunda mübarizəsi heç zaman səngiməyib və bu gün də davam edir. Ancaq burnunu Cənubi Qafqaza soxmağa çalışaraq müstəqil Azərbaycanın daxili işlərinə qarışmağa, bir ovuc erməninin guya “öz müqəddəratlarını təyin etmə hüququ”nu “qorumağa” çalışan Fransa hakimiyyəti müstəmləkəyə çevirdiyi korsikalıların əsaslı azadlıq tələblərini yerinə yetirmək əvəzinə onlara öz doğma dillərində danışmağı da qadağan edir. Budurmu ədalət? Budurmu demokratiya?
P.S. Korsika bütün həyatı boyu Fransanın və hətta Avropanın hələ də faydalandığı institutların, islahatların, Fransa Bankı, Şərəf Legionu və İmperator Universitetinin, bakalavr dərəcəsinin yaradılmasının, eləcə də Fransanın bütün ərazisində qanunların tətbiqini ümumiləşdirən Mülki Məcəllənin hazırlanmasının təşəbbüskarı olmuş imperator Napoleon Bonapartın doğma vətənidir. Məşhur filmimizdə deyilən kimi: “Bu firənglər nə naşükür xalqdılar, heç yaxşılıq bilmirlər…”

