Hayastan şansını qaçırsa…
2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı qarşı tərəfə beş prinsipdən ibarət sülh müqaviləsinin mətnini təqdim etdi. O vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, işğalçı Hayastanın destruktiv fəaliyyəti nəticəsində bu vacib məsələ hələ də öz həllini tapmayıb. Halbuki ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaları əslində onu göstərdi ki, sülhə nail olmaq mümkündür.
Amma sülh sazişi imzalamaq istiqamətində irəliləyişlərin əldə olunması ilə bağlı mühüm gözləntilərin olduğu bir vaxtda məlum Bəyanatın müddəalarına əsasən ordusunun tör-töküntülərini hələ də Azərbaycan ərazilərindən çıxarmayan Hayastan sərsəm bəyanatlar verməyə, şərti sərhəddə mövqelərimizi mütəmadi atəşə tutmağa, yeni postlar və mühəndis-istehkam qurğuları yaratmağa və digər təxribatlar törətməyə başladı. Bununla da haylar öz revanşist əməllərindən əl çəkmək istəmədiklərini bir daha ortaya qoydular.
Siyasətçilərin fikrincə, Hayastanın bu kimi cəhdləri bölgədə sülhün bərqərar edilməsi prosesinə zərbə vurmağa, sülh danışıqlarından boyun qaçırmağa, regionda süni gərginlik yaratmağa, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmağa xidmət edir. Bu isə bir daha onu göstərir ki, sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin əhatə dairəsi daha geniş miqyas aldığı Ermənistan rəhbərliyini öz xalqının rifahı əsla düşünündürmür. Elə bu səbəbdən riyakar dövlət siyasətini davam etdirməkdədir. Şübhəsiz, bu prosesdə hazırda Hayastana daha çox “yandıran”, bölgədə öz maraqlarını güdən Fransanın, İranın, Hindistanın, həmçinin Avropa Parlamenti kimi qurumların da xidmətləri önəmli rol oynayır.
Havadarlarının diktəsi ilə oturub-duran haylar unudurlar ki, təcavüzkar siyasət nəticəsində Hayastan artıq sözü gedən dövlətlərin müstəmləkəsinə çevrilməkdə, bununla da müstəqil dövlət olmaq şansını itirməkdədir. İmzalanması nəzərdə tutulan sülh müqaviləsi onu bu fəlakətdən xilas etmək, öz gələcəyini qurmaq şansı yaradıb. Bu şansı dəyərləndirməmək isə işğalçı dövlətə heç də yaxşı gələcək vəd etmir.
Bir məsələyə də toxunmaq istərdik. Son günlər baş nazir Nikol Paşinyanın və qulbeçələrinin açıqlamalarını analiz edəndə belə bir qənaətə gəlmək olur: Belə görünür ki, Hayastan Azərbaycanla bağlanacaq sülh müqaviləsinin şərtlərini diktə etmək kimi xam xəyala düşüb. Hətta Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu deyib. Şübhəsiz, bu da onun sülh prosesinə yalnız öz ampluasından yanaşmasının növbəti sübutudur. Bununla da Nikol Paşinyan sülh gündəliyini müəyyənləşdirməyin qalib ölkəyə – Azərbaycana məxsus olduğunu unudur. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün tədbirlərdə sülh müqaviləsi ilə bağlı ölkəmizin dəyişilməz şərtlərini qətiyyətlə açıqlayır. Həmin açıqlamalarında dövlətimizin başçısı sülh müqaviləsinin şərtlərini Azərbaycanın diktə etdiyini, Cənubi Qafqazda sülh gündəliyini dövlətimizin müəyyənləşdirdiyini və orada Qarabağ haqqında hər hansısa müddəanın olmamasını dəfələrlə birmənalı şəkildə diqqətə çatdırır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 14-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə də bildirmişdir ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər.
Bütün bunlar isə o deməkdir ki, məğlub Ermənistan öhdəliklərini yerinə yetirməmək üçün min hoqqadan çıxsa da, sülh müqaviləsindən yayınmaq üçün mahiyyəti üzrə olmayan şərtlər irəli sürsə də, müxtəlif dezinformasiyalar yaysa da, Azərbaycan öz istəyinə nail olacaq. Çünki Azərbaycanın bu istiqamətdə mövqeyi konstruktiv olmaqla yanaşı, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

