Ermənistanın mina terroru bəşəri cinayətdir
Hayastan hökumətinin belə təxribatçı əməlləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəldir
2022-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Azərbaycan faşist xislətli ermənilərin tarixi ərazilərimizdə basdırdığı mina təhlükəsi ilə üz-üzə qalıb. Təcavüzkar Ermənistan məhz bu mina terroru ilə soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və şərqi Zəngəzura qayıdışını bilərəkdən əngəlləyir.
Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib. Dövlət başçısı bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığında da işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən çox vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib. Ölkə başçısı, həmçinin 2022-ci il iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.
Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Diqqəti cəlb edən məsələlərdən biri də odur ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tank və piyada əleyhinə mina istehsalını sürətlə artırdı. İş orasındadır ki, Hayastan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Bundan başqa, 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Buradaca bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını dolu mina basdırdığını etiraf etmişdi.
Məsələ orasındadır ki, 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara baxmayaraq, Hayastan hökuməti hələ də dəqiq mina xəritələrini vermir və nəticə etibarilə də yüzlərlə vətəndaşımız, o cümlədən mülki şəxslər, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olub.
Təcavüzkar Ermənistan sərhədlərin delimitasiyası və sülh danışıqları ilə bağlı məsələlərdə olduğu kimi, mina məsələsində də daim qeyri-səmimi mövqedən çıxış edir. Rəsmi İrəvan bu məsələnin şərh edilməsindən ümumiyyətlə, imtina edib. İkinci mərhələdə isə ümumiyyətlə, mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürüb. Bəzi hallarda isə mina xəritələrinin Azərbaycana verilməsi müqabilində bəzi şərtlər irəli sürüb. Halbuki, beynəlxalq konvensiyaya görə, Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir.
Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yeni qazılan səngərlər, eləcə də Xankəndi-Xəlfəli-Turşsu maşurutu ilə mina, silah-sursat daşınması faktları bunu bir daha təsdiq edir.
Bu gün Qarabağda mina terrorunun qurbanlarının getdikcə sayı artır. 2022-ci il avqustun 1-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmüş, bir nəfərin ayağı amputasiya olunmuşdur.
Ermənistanın mina terroru bu gün də davam edir. 2023-cü il martin 16-da Ağdamda iki nəfərin minaya düşərək həlak olması bunun əyani təsdiqidir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Ağdam rayonunun Səfərli qəsəbə sakinləri – 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanından 49 nəfəri həlak olub. Birmənalı demək lazımdır ki, bu bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Əslində daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə də sayılıb-seçilən dövlətlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın mina terrorunun qarşısının alınması üçün riyakar Hayastan hökumətinə ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı ölkəmizə dəstək verməlidirlər. Daim ikili standartlar siyasəti yürüdən təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırlarsa o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsində israr etməlidirlər. Hər kəs anlamalıdır ki, ermənilər öz öhdəliklərini yerinə yetirib müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.

