Cəmiyyət 

Əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarı

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq ənənəsinə əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar. Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu su saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən yeddi dəfə tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və təbiət ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu Sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

Novruzun ən yüksək zirvəsi köhnə il təzə ilə keçəndə olur. Bu zaman qədim ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: “Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı”.

Təbii ki, bu cür tarixi və gözəl adət-ənənələrimizi bütün dünyada tanıtmaq, qəbul etdirmək dövlətimizin daima diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması sahəsində ardıcıl olaraq dövlət siyasətini formalaşdıraraq qədim bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. Prezidentin də Novruz şənliklərində iştirakı xalqın böyük sevincinə səbəb oldu. Sovet dövründə olan bütün qadağalar Novruz bayramının  üzərindən götürüldü, həyatında yeni bir mərhələ başladı. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində 2009-cu il Azərbaycan mədəniyyətinin dünyada tanıdılması sahəsində uğurlu bir il oldu. Heydər Əliyev Fondu və Respublika Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti YUNESKO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edildi.

2010-cu ilin fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi tərəfindən təqdimatı keçirildi və Qətnamə yekdilliklə qəbul edilmiş oldu. Bu səbəblə  BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.

Bu hadisə Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından da çox önəmli idi. Qəbul edilmiş qətnamənin başqa bir cəhətini də qeyd etmək vacibdir. BMT-də üzvlük dövründə Azərbaycan bu təşkilatda böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün nüfuzlu bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərimizin qorunub saxlanmasına və bərpasına ardıcıl olaraq göstərilən düzgün dövlət siyasətinin məntiqi nəticəsidir. Məlum olduğu kimi, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə milli-mədəni dəyərlərimizə güclü qayıdış başlanmışdı.

Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı aparatının məsul əməkdaşı

Daha çox xəbərlər