Əmmaməli İranın şər barmağı
Bu günlərdə mətbuatda 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsinin videosu yayılıb.
M.Əbraha ifadə verib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluğa cəlb etmək və İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı Tanzaniyada və ümumilikdə Afrikada sui-qəsd cəhdləri təşkil etməkdir. Həbs olunmazdan əvvəl M.Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o, bundan əvvəl uzunmüddətli təlim keçərək Tanzaniyaya transfer olunub.
Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki İran xüsusi xidmət orqanlarının bundan əvvəl də ölkəmizdə törətdiyi terror aktları hər kəsə məlumdur. Buna misal olaraq akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir.
Tehran hökumətinin ölkəmizə qarşı terrorçuluq fəaliyyətinə onlarla misal göstərmək olar. Heç kimə sirr deyil ki, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunda Tehranın əli var. Həmin terror əməli nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olmuş, iki əməkdaş-Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri almışdılar. Səfirliyin müşahidə kameralarının qeydinə görə, terrorçu səfirliyin binasına daxil olduqdan iki dəqiqə sonra İran polisləri səfirliyin önünə gəliblər. Lakin onlar hadisəyə müdaxilə etməyiblər. Molla rejimi bu günə qədər bu qanlı cinayəti törədən terrorçu ilə bağlı heç bir tədbir görməyib.
İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün müxtəlif vaxtlarda təxribatçı-terrorçu planlar hazırlayıb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur və artıq bu fakt öz təsdiqini tapıb. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır.
Yeri gəlmişkən, artıq Fazil Mustafaya qarşı törədilən terror əməlinə görə saxlanılanların kimliyi məlum olub. O da aydın olub ki, Fazil Mustafaya qarşı terror aktı İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə həyata keçirilib. Mətbuatdan əldə edilən məlumata görə, bu məqsədlə siyasi şiəlik düşərgəsinin fəallarından biri olan Azər Səricanov Azərbaycanda “Qaraköynəklilər” dəstəsi yaradıb. Törədilmiş cinayətin xarakteri, iştirakçıların şəxsiyyəti, istifadə etdiyi üsullar, eləcə də Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat məlumatları bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığına dair əsaslı şübhələri gücləndirir.
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı aqressiv mövqeyi daha da güclənib. Xüsusilə, İran rejiminin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar, hədə tipli bəyanatlar, Tehrandakı səfirliyimizə qarşı terror hücumu, SEPAH-a bağlı sosial media strukturlarında respublikamızı hədələyici xarakterli video-materiallar bir daha göstərir ki, mollakratiya ölkəmizə qarşı məkrli və ləyaqətsiz əməllərindən əl çəkmək fikrində deyil. Bütün bunların müqabilində bu günlərdə İranın Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etməsi gülünc olduğu kimi, həm də ikrahdoğurucudur.
Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının “nalayiq və təhqiramiz hərəkətləri”nin davam etməsindən narahatlığını bildirib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.
Daha nə deyəsən? Bu “nota” abırsızlığın, həyasızlığın pik nöqtəsi deyilmi? Bu yerdə bir atalar sözünü xatırlamamaq olmur: “Qara məni basınca qoy mən qaranı basım”. Bəli, buradaca adama, daha doğrusu mollabaşılara deyərlər ki, “Səhər” kanalında, radiolarda, SEPAH-a bağlı olan ayrı-ayrı “Telegram” kanallarında Azərbaycana yönəlik təhqirləri, təhdidləri kor olmuş gözlərinizlə görmürsünüzmü? Əlbəttə ki, çox yaxşı görürsünüz.
Bir neçə gün bundan əvvəl yazmışdıq ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İraqda, Yəməndə, Suriyada, Livanda min cür fitnə-fəsad törədən əmmaməli böyük şeytan İranın şər barmağı olub. Molla rejiminə bir daha xatırlatmaq istərdik ki, şər əməllər şeytanla ortaqlıqdır. Təbii ki, İranın şeytanla ortaqlığı axırda onun özünə ağır zərbə vuracaq…

