Döyüşə yalnız qadınlar gedir…
Anna Akopyan erməni ordusunun rüsvayçı durumunu etiraf etdi
44 günlük müharibə ərzində Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən “qalib ordu” imicini, “güclü ordu” mifini Azərbaycan Ordusu darmadağın edərək real səhnəni çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi
Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi Zəfərə imza atdı. Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qoydu. Bununla da Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi, hərbi xidmətdən boyunqaçırma halları daha geniş vüsət aldı.
“Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərarimiz vardı”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. “Biz müharibədə Davidi və onun kimi daha 4 000 əsgəri itirdik, çünki çoxları cəbhəyə getmədi, müharibə zamanı Ali baş komandan Vətəni müdafiə etmək üçün könüllüləri çağıranda onlar çağırışa gəlmədilər. Mən bir qadın olaraq özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstə yaradıb öz vəzifələrini yerinə yetirməyə, dəstələr formalaşdırmağa gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı”. A.Akopyan bununla yanaşı, kişilərə hörmət etdiyini deyərək, eyhamla danışıb: “Mən sizə, arvadlarınıza, uşaqlarınıza hörmət edirəm, amma icazə verin, bu hörməti saxlayım”.
Xatırladaq ki, ermənidilli “Joğovord” nəşri 2021-ci il yanvarın 19-da “10 mindən artıq Ermənistan vətəndaşı fərarilikdə ittiham olunur” sərlövhəli məqaləsində yazırdı: “Dindirilmə zamanı təqsirləndirilən şəxslər müharibəyə asanlıqla getdiklərini, lakin “göydən alov yağanda”, həmkarları “gözləri önündə külə çevriləndə” ya ölməli, ya da xilas olmaq üçün qaçmalı olduqlarını deyirlər. Müstəntiqlər isə fərarilərin hərəkətlərini qanun nöqteyi-nəzərindən necə qiymətləndirəcəklərini bilmirlər. Bu məsələ hələ də səlahiyyətli orqanlar tərəfindən həllini tapmayıb”.
Göründüyü kimi, 44 günlük müharibə Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı, bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü. Ən nəhayət, Ermənistan iqtidarı tərəfindən illər boyu sadə xalqın beyninə yeridilən “qalib ordu” imicini, “güclü ordu” mifini Azərbaycan Ordusu darmadağın edərək real səhnəni çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını yəqin ki, o qədər də geniş şərh etməyə ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik. Sözsüz ki, ordu quruculuğu işində bu inkişaf illərin bəhrəsi, dövlətimizin ordumuza diqqət və qayğısının nəticəsi idi. Müharibə o həqiqəti də üzə çıxartdı ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan öz ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və bu imkanlar vaxtında səmərəli şəkildə Silahlı Qüvvələrimizin inkişafına yönləndirilib.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan və Ermənistan ordularını müqayisə edərək ölkəmizdə Ali Baş Komandan-Ordu-Xalq birliyinin Qələbəmiz üçün başlıca şərt olduğunu vurğulayıb. Dövlətimizin başçısı ilk dəfə həmin müraciətində Ermənistan ordusunda mənəvi-psixoloji vəziyyəti müəyyənləşdirən məqamlar üzərində geniş dayanıb, bu ordunun məğlubiyyətini qaçılmaz edən faktorlardan danışıb: “Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz”.
Vətən müharibəsində Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər. Baxmayaraq ki, qismən səfərbərlik elan edilmişdi, hər kəs Vətənin azadlığı uğrunda mübarizəyə qoşulmaq üçün könüllü müraciət etməyə başladı. Nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, xarici ölkələrdəki gənclərimiz diplomatik təmsilçiliklərimizə müraciət edərək bu tarixi prosesdə iştirak etmək üçün təkid edirdilər. Hətta ehtiyac olmadığı üçün səfərbərliyə dəvət edilməyən gənclərimiz haqq savaşına qoşulmaq üçün təkidli müraciətlər edirdilər. Bir sözlə, Azərbaycanda gənclərin orduya qoşulması prosesində əsl bayram ab-havası müşahidə olunurdu. Bu, Azərbaycan gəncliyinin Vətənə məhəbbət, dövlətə sədaqət nümunəsi idi. Bu gün böyük qürur və fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibədə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi.
Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə dastan yazdı. Bu qəhrəmanlıq dastanları ilə böyüyən övladlarımız, yeniyetmələrimiz, eyni zamanda, gələcək nəsillər üçün bir örnək, milli dəyərlərimizi aşılayan bir məktəbdir.

