Mina terroruna nə zaman son qoyulacaq?
Hayastanın beynəlxalq humanitar hüququn normalarını pozaraq Azərbaycan ərazilərində basdırdığı minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə, eləcə də bölgədə ədalətli sülhün və təhlükəsizliyin təmin edilməsinə ciddi təhdid yaradır
İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən sonra Azərbaycan vandal ermənilərin tarixi ərazilərimizdə basdırdığı minaların yaratdığı təhlükələrlə ilə üz-üzə qalıb. Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib. Ölkə başçısı 2022-ci il iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib. Dövlətimizin başçısı həmişə çıxışlarında bildirir ki, mina təhlükəsi azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına əsas maneədir.
Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Təcavüzkar Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı həmin əraziləri kütləvi şəkildə minalayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 10 noyabr üçtərəfli razılaşmalara baxmayaraq, Hayastan hələ də dəqiq mina xəritələrini vermir və nəticə etibarilə də yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki vətəndaşlar, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olur.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaşımız mina və digər partlayıcı sursatların qurbanına çevrilib. Onlardan 51 nəfəri həlak olub, 238 nəfər xəsarət alıb. Bütövlükdə, 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina həlak olub və ya xəsarət alıb.
Təcavüzkar Ermənistan sərhədlərin delimitasiyası və sülh danışıqları ilə bağlı məsələlərdə olduğu kimi, mina məsələsində də riyakarlığını davam etdirir. Rəsmi İrəvan bu məsələnin şərh edilməsindən ümumiyyətlə, imtina edib. İkinci mərhələdə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürüb. Bəzi hallarda isə mina xəritələrinin Azərbaycana verilməsi müqabilində bəzi şərtlər irəli sürüb. Halbuki, beynəlxalq Konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycan verməlidir.
Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Mina terrorunun qurbanlarının sayı getdikcə artır. 2023-cü il martın 16-da Ağdamda iki nəfərin minaya düşərək həlak olması bunun əyani təsdiqidir. Cari il aprelin 2-də Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu minaya düşərək həlak olub.
Birmənalı demək lazımdır ki, bu bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar mina terrorunun qarşısının alınması üçün riyakar Hayastan hökumətinə ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin təmizlənməsində Azərbaycana dəstək verməlidirlər. Uzun müddət ikili standartlar siyasəti yürüdən təşkilatlar regionda davamlı sülhdə maraqlıdırlarsa o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsində israr etməlidirlər.

