Kreditlər: Ən çox hansı sahələrə verilib?
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin ilk 2 ayında (yanvar-fevral) bankların cəmi kredit portfeli 163 milyon 74 min manat artıb. Belə ki, banklar müştərilərinə yanvar ayında 75 milyon 236 min manat, fevralda isə 87 milyon 838 min manat məbləğində kredit verib.
Bankların kredit portfeli istehlak və ipoteka kreditlərinin hesabına artıb. Biznes kreditləri portfeli isə azalıb. Belə ki, cari ilin yanvar-fevral aylarında bankların istehlak kreditləri portfeli ilin əvvəli ilə müqayisədə 109 milyon 422 min manat artaraq 5 milyard 863 milyon 567 min manata, ipoteka kreditləri portfeli isə 73 milyon 25 min manat artaraq 3 milyard 58 milyon 184 min manata çatıb.
İstehlak kreditləri portfeli yanvarda 57 milyon 720 min manat, fevralda 51 milyon 702 min manat artıb. Həmçinin ipoteka kreditləri portfeli ötən ilin sonuna nisbətən yanvarda 27 milyon 7 min manat, fevralda isə əvvəlki ayla müqayisədə 46 milyon 18 min manat çoxalıb.
Bu ilin yanvar-fevral aylarında bankların biznes kreditləri portfeli ötən ilin sonuna nisbətən 19 milyon 483 min manat azalaraq 10 milyard 835 milyon 578 min manata enib. Biznes kreditləri portfeli yanvarda ötən ilin sonu ilə müqayisədə 9 milyon 501 min manat, fevralda isə əvvəlki aya nisbətən 9 milyon 982 min manat azalıb. Qeyd etmək yerinə düşər ki,biznes kreditlərinə fiziki şəxs olan sahibkarlara verilmiş kreditlər də aiddir. Bununla belə, bankların kredit portfelinin yarıdan çoxunu biznes kreditləri təşkil edir. Fevral ayında bankların kredit portfelinin 54,8 faizi biznes, 29,7 faizi istehlak, 15,5 faizi isə ipoteka kreditlərindən ibarət olub.
Kredit qoyuluşları sahələrinə nəzər salanda məlum olur ki, banklar ən çox krediti ev təsərrüfatlarına verib. Cari ilin fevral ayının sonuna olan məlumata görə, bu istiqamətə 11 milyard 165 milyon 100 min manat vəsait yönəldilib. Məlumat üçün bildirək ki, ev təsərrüfatı bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər.
Həmçinin ticarət və xidmət sektoruna 3 milyard 234 milyon manat, inşaat və tikinti sektoruna 1 milyard 63,7 milyon manat, sənaye və istehsal sektoruna 1 milyard 65 milyon manat kredit verilib.
Yeri gəlmişkən, verilmiş kreditlərin faizləri də artıb. Belə ki, milli valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi bu ilin əvvəlində 15,85 faiz olsa da, fevral ayında 16,43 faiz, martda isə 16,81 faiz təşkil edib. Hərçənd ki, bu dövrdə manatla yeni cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi 8,35 faizdən 7,51 faizə enib.

