Sosial 

Raqimin hünər dastanı

Raqim Teymur oğlu Hadıyev İkinci Qarabağ müharibəsində  çəkinmədən- qorxmadan  odun-alovun içinə atılanda ömrünün 21-ci baharını  yaşayırdı.

Bu da ondan irəli gəlirdi ki, Vətən sevgisi  lap uşaqlıq illərində Raqimin ürəyinə hakim kəsilmişdi. Bu Vətən sevdalısının ən böyük arzusu döyüş meydanında yağının  başını əzib, Vətən torpaqlarını azad görmək idi. Bu amalla könülü müharibəyə gedir. 2020-ci il  noyabrın 4-ü  torpaq uğrunda can qoymaqla   adını tarixə yazır. Şərəfli ölümü xalqına başucalığı olan qəhrəman şəhid   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının  azadlığına görə medallarına layiq görülür.

Raqim Hadıyev dünyaya göz açdığı  Lənkəran rayonunun Alazəpin kəndində orta məktəbi bitirəndə  artıq doğma elində yaxşıların sırasında özünə yer etmişdi. Səmimi, saf, məğrur bir gənc kimi tanınırdı. Vətənin müqəddəsliyini hər şeydən  əziz  tutan Raqim  əsgərlik borcunu cəbhə bölgəsində yerinə yetirir. Və mərdliyi, vətənpərvərliyi əsgər yoldaşlarına  nümunə olur.  “Vətəni qorumaq, məqamı gələndə onun  yolunda şəhid olmaq bir övlad kimi bizim  şərəfli borcumuzdur” kəlmələri Raqimin dilindən düşmür. Nəhayət ki, İkinci Qarabağ müharibəsində  ürəyində yaşatdığı  bu müqəddəsliyin yolçusu olur. Şəhidlik zirvəsinə ucalmaqla 30 il düşmənə əsir düşən Vətən torpaqları 44 gün müddətinə azad olunur.

Bəli,  27 sentyabrda başlayan Vətən müharibəsində   Raqim Hadıyev əvvəl gündən qəhrəmanlıqla səngərdə vuruşur.  And içir ki, Qarabağın hər qarışı  uğrunda  son damla qanıma qədər  düşmənlə vuruşaram. Belə də olur. Cəsur döyüşçü  Füzulidə, Cəbrayılda, Hadrutda ağır müharibə meydanında erməni dığalarına qan uddurur.  Qubadlı uğrunda gedən haqq savaşımızda  da  düşmənə sarsıdıcı zərbələr endirir.  Nəticədə  yağı məğlub olur. Döyüş meydanında  şəhidliyi  isə  torpağı Vətən edir.

Lənkəran elinin igid, cəsur oğlu Raqim çox qısa, lakin qərinələrə bərabər olan bir ömür yaşadı. Vətən naminə  şərəfli ölümü onu gələcək nəsillərə örnək olan qəhrəmanlıq zirvəsinə ucaltdı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər