Gündəm 

Heydər Əliyev və Müasir Azərbaycan ədəbiyyatı

Ümummilli lider Heydər Əliyev özünün bir insan kimi formalaşmağında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olduğunu həmişə qürurla bildirmişdir. Onun fikrincə, “ədəbiyyatın şərəfli vəzifəsi − cəmiyyətin yüksəlişinə, elmi-texniki inqilab şəraitində iqtisadiyyatın inkişafına yönəldilmiş fəaliyyətinin, öz məqsədləri və mahyyəti etibarı ilə novator xarakterli böyük və nəhəng fəaliyyətinin mürəkkəbliyini, dərinliyini, sülh və xalqların təhlükəsizliyi uğrunda mübarizənin bütün əzəmətini hərtərəfli və yüksək bədii boyalarla göstərməkdir”.

Ulu öndər Heydər Əliyev  yazıçıya, şairə xalqın hörmətini tarixi ənənə, əcdadlardan gəlib çatmış bir xüsusiyyət sayırdı. Onun fikrincə, xalqın tarixinin qədm dövrlərindən danışanda yaxud cəmyyətə, dünyaya nə isə çatdırmaq istəyəndə  ilk növbədə mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı  əsərlərə, tarixi-memarlıq abidələrinə və yazılan əsərlərə istinad olunur.

Ədəbiyyatı xalqın milli sərvətlərindən sayan Heydər Əliyev onun xalqımıza böyük faydalar gətirdiyinə görə fəxr edirdi. O, xalqı hansı yolla aparmaq, cəmiyyətdə olan nöqsanları aradan  götürmək, cəmiyyəti ayrı-ayrı çirkin hallardan təmizləməkdə ədəbiyyatın, bədii sözün imkanlarını, gücünü yaxşı bilirdi. Milli oyanışın, dirçəlişin, milli özünüdərkin xalqa ilk növbədə ədəbiyyatdan keçdiyinə ulu öndər əmin idi.

Azərbaycana ikinci hakimiyyəti dövründə − 90-cı illərdə bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində milli ruh, milli canlanma özünü  göstərirdi. Milli özgürlüyünə qovuşan xalqın düşüncəsinin, təfəkkürünün, ruhunun da formalaşmasına təsir göstərən ən güclü vasitə ədəbiyyat idi. Bütün proseslərin önündə gedən, insanları arxasınca aparan  vasitə söz  − ədəbiyyat idi. Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Yusif Səmədoğlunun  əsərləri və digər əsərlər  açıq-açığına  xalqa milli oyanış  hissləri aşılayır, milli ruhu oyadır, milli dirçəlişi gücləndirirdilər, vətənə sədaqət, vətəni sevmək, azərbaycanlı olmaq hisslərini formalaşdırırdılar.  Xüsusilə 1937-1938-ci illərdə ədəbiyyata vurulan zərbə − Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif  Vəzir Çəmənzəminli  və b. qurban getdiyi dövrdə belə onların əsərlərində  millilik, vətənpərvərlik, millətçilik hissləri yüksək olmuşdur. Heydər  Əliyev bunu siyasi lider kimi gözəl bilirdi.

Dahi öndər Heydər Əliyev şair olmaq üçün, əsl şair üçün fitri istedadla yanaşı, vətənə, torpağa, xalqa bağlılığı əsas sayırdı, sevgi-məhəbbəti vacib sayırdı. Onun fikrincə, şair olmaq üçün  insanı sevmək, xalqını sevmək, millətini sevmək lazımdır, gözəl bir qadını sevmək lazımdır; çünki şairlərin çoxunu  şair edən  bir sevgi-məhəbbət olubdur. Şairi, sənətkarı ulu öndər  xalqın sevimlisi sayırdı: “Hər bir şair  Azərbaycan üçün dəyərli bir şəxsiyyətdir. Azərbaycan xalqı bütün tarix boyu şairlərlə zəngin olubdur. Bizim dahi şairlərimiz, söz ustalarımız  həmişə xalqımıza mənəvi qida veriblər, xalqımızı döyüşə həvəsləndiriblər, ruhlandırıblar, xalqımızı zəhmətə həvəsləndiriblər, xalqımızı vətəni sevməyə həvəsləndiriblər”.

Nazilə Abdullazadə,

Azərbaycan Dövlət Pedaqoji Universiteti Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri

Daha çox xəbərlər