Mollakratiyanın xam xəyalları…
1979-cu ildən etibarən İranda “dövlət maraqlarının təmin edilməsi” üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib
Son günlər İranda fars-molla rejiminə qarşı etiraz aksiyaları daha da genişlənir. Tehran, Qum, İsfahan, Ərdəbil, Həmədan, Gilan, Sistan, Bəlucistan və digər əyalətlərdə etiraz aksiyaları davam edir. Yenə də bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılır. Eyni zamanda, gənclər tərəfindən divarlara hökumət əleyhinə şüarlar yazmaq trendi davam edir. Aksiyalarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilir.
Ölkə daxilindəki böyük problemlərə, narazılıqlara baxmayaraq Tehran rejimi illərdir ki, Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti aparır. Mollakratiyanın öz məqsədlərini reallaşdırması üçün dindən istifadə etməsi, bu çirkin amili terror siyasətinin alətinə çevirməsi heç şübhəsiz ki, İslama xəyanətdir. Tehran rejimi bu “inanc”dan özünün siyasi maraqları üçün sui-istifadə edir, məsələni dini-ideoloji kontekstdə təqdim etsə də, nəticəni özünün siyasi maraqları müstəvisinə yönləndirir.
İran Azərbaycana qarşı düşmənçiliyini müxtəlif formalarda nümayiş etdirir. Belə ki, aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı İran parlamentinin ölkəmizə qarşı qəbul etdiyi bəyanat onların uğurlarımızı həzm edə bilməməsindən irəli gəlir. Bu, riyakarlığın daha bir ifrat nümunəsidir. Azərbaycan müstəqil dövlətdir və beynəlxalq məsələlərlə bağlı heç kimlə məsləhətləşmir. Bunu İran da birdəfəlik bilməlidir. Molla rejiminin düşüncəsindən belə nəticə hasil olur ki, Azərbaycan xarici siyasətini onlardan icazə alıb yürütməlidir. Bu, tamamilə absurd yanaşmadır və ölkəmizin daxili işlərinə kobudcasına müdaxilə edilməsidir. İran parlamenti yaydığı bəyanatla özünün İslam dininin dəyərlərindən çox uzaq olduğunu nümayiş etdirdi.
Bu arada ölkəmizdə İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. Aprelin 6-da Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən dövlət qurumlarının əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib. İrandan göndərilən narkotiklərin pulları ilə Azərbaycanda iğtişaşlar yaratmaq, “Kərimə” dövləti qurmaq istəyən Rufulla Axundzadə, Bəxtiyar Bayramov və Arif Cümşüdov saxlanılıb. Həmin şəxslər şirnikləndirci vədlər müqabilində şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar alıblarmış. Bu şəxslər özlərini “dindar” kimi qələmə verərək İrandan aldıqları tapşırıqları yerinə yetiriblər.
Artıq Deputat Fazil Mustafaya qarşı terroru da İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırdığı faktlarla sübut edilib. Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, ələxüsus da SEPAH-ın dayandığını aydın şəkildə göstərir. F.Mustafaya qarşı törədilən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün olan bütün dəlilləri və sübutları toplamaqla, əməliyyat-axtarış tədbirlərinə başladılar və bu cinayətin iştirakçıları həbs edildi. Peşəkər istintaq qrupu ilk gündən baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlardan bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığının üzərində dururdu. Hər şey elə düşünüldüyü kimi də oldu.
Bu faktlar İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür. Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib. Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da ölkəmizə qarşı eyni metodlardan yararlanır. Bütün bu faktlara görə Azərbaycan ictimaiyyəti üçün Ermənistan və İranın fərqi yoxdur. 30 il ərzində ermənilər bizim məscidlərimizdə donuz, inək saxlayıblar. İranın bu vandalizmi törədənləri dəstəkləməsi isə ən azı İslami dəyərlərə ziddir. Dağıdılmış evlərin, eləcə də məscidlərin daşları Ermənistanla yanaşı, onun “əziz” qonşusu İranın bazarlarında da satılıb. Bütün bunlar, əlbəttə ki, təəssüf doğurur.
İslam mənəvi kamillik və ali dəyərlər mənbəyi olduğu halda bu dini siyasiləşdirən İran ən böyük zərbəni elə dinimizin özünə vurur. İkinci Qarabağ müharibəsində həlak olan övladlarımızın əksəriyyəti müsəlmandır. Bu qədər müsəlmanı şəhid edənləri dəstəkləyən ölkənin dindən və mənəviyyatdan danışmağa haqqı yoxdur.
Hazırda İran edamların sayına görə dünyada ilk yerlərdə dayanır. Son aylar keçirilən etiraz aksiyalarına görə dinc insanların, o cümlədən uşaqların güllənərək kütəvi qətlə yetirilməsi, işgəncə altında öldürülməsi, qadınların və gənc qızların zorlanması İranın həqiqətən şər dövləti olduğunu bir daha təsdiq edir. İranın İnsan Hüquqları Təşkilatının məlumatında bildirilir ki, bu ölkədə son 2,5 ayda 138 nəfər barəsində çıxarılan edam hökmü icra olunub. Bu vəhşi qətliam son illərin ən dəhşətli göstəricisidir.
Son proseslər bir daha molla rejiminin Azərbaycanda qurduğu şəbəkənin bütün üzvlərinin ifşa olunmasını və onların qanun qarşısında cavab vermələrini zərurətə çevirib. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir. Terrorçular heç vaxt istədiklərinə nail ola bilməyəcəklər.

