Ölkəmizin beynəlxalq nüfuzunu artıran, mövqeyini möhkəmləndirən uğurlu xarici siyasət
Bəşəriyyət bugünkü beynəlxalq münasibətlər sistemini yaratmazdan əvvəl minillərlə davam edən çətin və keşməkeşli bir tarix yaşamışdır. İnsan cəmiyyətləri və birliklərinin sosial-siyasi xarakterindən, insanların maddi və mənəvi tələblərindən, ehtiyaclarının ödənməsi zərurətindən asılı olaraq onlar arasında müxtəlif xarakterli münasibətlər cərəyan etmiş, müharibələr, qanlı döyüşlər yaşanmış, iri dövlətlər, imperiyalar qurulmuş, sonra da iflasa uğramışlar. Bütün bunlara baxmayaraq, yaşayış davam etmiş, insanlar ən çətin vəziyyətlərə uyğunlaşmağı, müxtəlif çıxış yolları tapmağı, irəliyə doğru inkişaf eməyi bacarmış, yeni-yeni yaşayış məskənləri – kəndlər, şəhərlər, ölkələr salmışlar. Əlbəttə, insanlıq uzun müddət təcrid vəziyyətində, bir-biri ilə əlaqəsiz yaşaya bilməzdi. Odur ki, yaşayış məskənləri öz aralarında müxtəlif əlaqələrə girir, ticarət edir, müharibələr aparır, barışır, müəyyən şərtlər kəsir və gələcək addımlar haqqında zəmanətlər belə ala bilirdilər. Bütün bunlar bizim bu gün beynəlxalq münasibətlər sistemi kimi xarakterizə etdiyimiz gerçəkliyin rüşeymləri idi.
XX əsrin əvvəllərindən başlayaraq, beynəlxalq münasibətlər sistemi bir qədər də təkmilləşmiş, dövlətlər arasında siyasi, iqtisadi, dini və mədəni əlaqələr intensivləşmişdi. Dünya siyasətini müəyyən edən böyük dövlətlərin etno-demoqrafik tərkibi müstəmləkə xalqlarının hesabına mürəkkəbləşmiş, əhalisinin milli, dini və sosial quruluşu dəyişmişdi. Bu vaxtlar getdikcə Avropa və dünya miqyasına daha tez-tez müdaxilə edən yeni bir güclü dövlət meydana çıxır ki, bu da ABŞ idi. Bu dövlət sürətlə dünya siyasətinin güclü və nəhəng faktoruna çevrilməyə başlayır və tədricən öz məxsusi maraqlarını ortaya qoyur. Məhz elə bu dövrdə dünyada dövlətlərarası təbəqələşmə – varlı və yoxsul dövlətlərə ayrılma prosesi sürətlənir. Ən güclü dövlətlər artıq dünyanın geniş ərazilərini işğal edərək, özünün müstəmləkəsinə çevirmiş, təbii sərvətlərə və əmək resurslarına sahib çıxmışdılar. Əslində dövlətlərin iqtisadi gücü və milli gəliri də malik olduğu ərazilərlə bilavasitə bağlı idi. Odur ki, istənilən dövlətin yeni ərazi iddiası dərhal başqa dövlətlə konfliktə səbəb olurdu və müvafiq olaraq hərbi toqquşma yaradırdı. Dövlətlərin iqtisadi gücü XX əsrin əvvəllərində, ilk növbədə, nə qədər qızıl, gümüş, kömür, metal və neft əldə etmələri ilə ölçülürdü. Bu baxımdan, təbii ehtiyatlarla zəngin ərazilərə sahiblik uğrunda dövlətlərarası mübarizələr getdikcə kəskinləşirdi.
Avropada milli dövlət hərəkatının başlanması və Roma dini imperiyasının süqutu ərəfəsində Azərbaycan Səfəvilər dövlətinin timsalında regionun nüfuzlu və sayılan dövlətlərindən birinə çevrilə bilmişdi. Səfəvilər dövləti özünün bütün parametrləri ilə bölgədə müstəqil xarici siyasət fəaliyyəti həyata keçirirdi.
Azərbaycan hökuməti özünün milli təhlükəsizliyini, hər şeydən əvvəl müstəqilliyini qoruyub saxlamaq üçün həmin dövrdə dünyada böyük nüfuzu olan dövlətlərdən biri ilə strateji tərəfdaşlıq münasibətləri qurmağı və ondan yardım almağı məqsədəuyğun hesab edirdi. Sözsüz ki, bu məsələdə Azərbaycan Respublikasına Türkiyədən yaxın dövlət ola bilməzdi. Amma həmin vaxt Azərbaycan hökuməti ABŞ-la siyasi və iqtisadi əlaqələr yaratmaqda maraqlı olduğunu nümayiş etdirir, ölkənin müstəqilliyinin ABŞ tərəfindən tanınmasına səy göstərirdi. Bu məqsədlə, Ə.M.Topçubaşov sentyabrın 26-da Prezident V.Vilsona yazdığı məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyini qoruyacağına və ölkəyə yardım göstərəcəyinə ümid etdiyini bildirirdi. Əslində, Azərbaycan hökumətinin ABŞ-la diplomatik əlaqələr qurmaqda maraqlı olması, bir tərəfdən, bu dövlətin dünya siyasətinin müəyyənləşməsində aparıcı rol oynaması ilə bağlı olmuşdursa, digər tərəfdən ermənilərin ABŞ-da getdikcə fəallaşması ilə əlaqədar idi. ABŞ-da fəaliyyət göstərən “Müstəqil Ermənistanın Amerika Komitəsi” bu ölkənin siyasi dairələrində Azərbaycan haqqında böhtan və yalan yaymaqla məşğul idi və bu mənfur niyyətlər Azərbaycan xalqını gözdən salmağa yönəlmişdi. Azərbaycan hökuməti ermənilərin bu cür iyrənc məqsədlərini ifşa etmək və Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu ölkədə lazımi təbliğat aparmağı vacib hesab edirdi.
Azərbaycan hökumətinin xarici siyasət sahəsində qazandığı nailiyyətlər xalqımızın milli istiqlaliyyətinin tanınmasında mühüm rol oynamışdır.
Bu illərdə aparılan xarici siyasət dünyada Azərbaycanın sivil, demokratik respublika kimi tanınmasında böyük rol oynamışdır.
1990-cı illərdə beynəlxalq münasibətlər sistemində çox ciddi dəyişikliklər müşahidə olunmaqda idi. ATƏT-in ideoloji və sinfi qarşıdurma dövründə keçirilmiş son zirvə görüşü 1990-cı ildə Parisdə toplandı. Bu sammitdə müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn bəzi yeni normaları müəyyən edildi. Bu illərdə (1990) beynəlxalq münasibətlər sistemi həm tərkibinə, həm də xarakterinə görə yeni bir mərhələyə qədəm qoyaraq – yeni dünya nizamının formalaşması mərhələsinə keçir.
Müasir beynəlxalq münasibətlərin əsas tendensiyalarından biri beynəlxalq təhlükəsizlik tələblərinin, qlobal və lokal terrorizmə qarşı mübarizənin ümumdünya siyasəti səviyyəsinə qaldırılması hesab olunur. Müasir beynəlxalq münasibətlərin yeni təzahür formalarından ikincisi dövlətlərlə yanaşı ayrı-ayrı regionların, ölkələrin daxili subyektlərinin beynəlxalq aləmə çıxması, beynəlxalq əlaqələrə qatılması, əməkdaşlıqda iştirakı hesab oluna bilər.
Müstəqil və bərabərhüquqlu dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının iştirak etdiyi müasir beynəlxalq münasibətlər bir tərəfdən beynəlxalq hüquq normalarına söykənərək, sivil-birgəyaşayış qaydalarına cavab verən yeni dünya nizamını təlqin edir, digər tərəfdən, bu nizamda rəhbər və dünya siyasətində hegemon olmaq uğrunda mübarizə aparan yeni-yeni mərkəzlər (dövlətlər) öz iddialarını ortaya qoyur. XXI əsrdə dünyada hegemonluq uğrunda mübarizə əsasən bir ideya və bayraq altında aparılır ki, bunun da müasir adı “qloballaşma”dır. Məhz belə bir vəziyyətdə – riyakarlığın, qeyri-səmimi və fərqli standartlı yanaşmanın hakim kəsildiyi müasir dünya siyasəti şəraitində dövlətlərin, xüsusilə beynəlxalq proseslərdə hələ kifayət qədər öz yerini tutmamış və milli maraqlarını təmin etməmiş ölkələrin yaşamaq uğrunda mübarizəsi ön plana çıxır. Bu gərgin, mürəkkəb və ziddiyyətli proseslərdə öz dövlətinin mövcudluğunu, suveren hüquqlarını, əhalisinin firavan və təhlükəsiz yaşayışını təmin etmək və gələcək nəsillərə ötürmək üçün hərtərəfli düşünülmüş, bütün incə məqamları nəzərə alan xarici siyasət kursu həyata keçirmək tələb olunur.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir. 1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridir.
Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb etmişdir.
Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini mümkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir. Çünki XX əsrin sonunda beynəlxalq aləmdə yaranmış geostrateji maraqların kəskin rəqabəti, iqtisadi və hərbi-siyasi durum yenicə suverenlik əldə etmiş, hələ nisbətən zəif olan ölkələrin müstəqil xarici siyasət yeritməsi sahəsində çoxsaylı problemlər ortaya çıxarır. Dünyada öz ənənəvi təsir dairələri olan fövqəldövlətlər və dövlətlər birliyi yeni müstəqillik əldə etmiş ölkələrin inkişaf modeli seçməsi, beynəlxalq aləmdə siyasi oriyentasiyasını müəyyənləşdirməsi məsələsində yüksək həssaslıq nümayiş etdirirlər. Bu, bir tərəfdən, gənc dövlətlərin xarici siyasət strategiyasının formalaşması qarşısında xeyli çətinlik yaratsa da, digər tərəfdən onların müstəqil xarici siyasət yeritməsi üçün əlverişli manevr imkanları açır. Hazırda dövlətlərarası münasibətləri tənzimləyən əsas vasitə iqtisadi, hərbi-siyasi və ya ideoloji güc, qüvvə olsa da, dünyada kütləvi qırğın silahlarına, o cümlədən atom bombasına malik olan ölkələrin sayının artması təhlükəsi iri fövqəldövlətləri və dövlətlər birliyini bir növ siyasi müvazinəti saxlamağa və qorumağa məcbur edir. Əsası hələ son orta əsrlərdə qoyulmuş “siyasi müvazinət nəzəriyyəsinə” görə, müxtəlif maraqların qarşılıqlı bağlılığı heç bir dövlətə başqaları üzərində mütləq şəkildə hegemonluq etməyə və onlar üçün davranış qaydaları müəyyənləşdirməyə imkan vermir. Hərbi-siyasi və iqtisadi sahədə baş verən keyfiyyət dəyişiklikləri region dövlətləri arasında milli maraqlarla yanaşı daha ümumi əhəmiyyət kəsb edən region maraqlarını, qlobal şəkildə isə bütün dünyada qayda-qanunun və əmin-amanlığın qorunub saxlanması marağını formalaşdırır.

Çiçək Əliyeva,
Bakı şəhəri, Xətai rayonu A.S.xəlilov adına 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
YAP Xətai rayon təşkilatının “Mehmandarov 78” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

