Azərbaycan dünyanın yeni “yaşıl enerji” mərkəzinə çevriləcək
Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, 2050-ci ilə qədər isə istixana qazı emissiyalarını 40 faizə qədər azaltmağı planlaşdırır
ABŞ və İsveçrədə bank sektorunda son aylar baş verən mənfi proseslər pessimist meyilləri daha da gücləndirib. Bununla belə, 2008-ci ilin maliyyə böhranı ilə müqayisədə banklar daha dayanıqlı görünür və əvvəlki illərə nisbətən çevik davranır. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraedici direktoru Kristalina Georgiyeva deyib. K.Georgiyeva diqqətə çatdırıb ki, dünyada qeyri-bank sektorunda da vəziyyət yaxşı deyil: “Maliyyə təzyiqlərinin yüksək olduğu bir şəraitdə mərkəzi banklar inflyasiya ilə mübarizədə daha fəal rol oynamalıdır. Digər tərəfdən, iqtisadiyyatda köklü islahatlar və rəqəmsal inqilabı sürətləndirmək yolu ilə iş şəraiti yaxşılaşdırılmalı, həmçinin insan kapitalından səmərəli istifadə etməklə istehsal daha intensiv hal almalıdır. Bu kontekstdə “yaşıl” iqtisadiyyatın rolu böyükdür, belə ki, sözügedən sektora ildə təxminən 1 trilyon dollar sərmayə qoyulması iqtisadi artım və yeni iş yerlərinin açılmasına töhfə verəcək”.
Bütün bunlar fonunda indi müxtəlif ölkələrin iqtisadiyyatının necə olacağı xüsusi maraq doğurur. Hesab edilir ki, bəzi ölkələr ciddi problemlərlə üzləşəcəklər. Amma Azərbaycan onların sırasında deyil. Bunu beynəlxalq maliyyə qurumları da təsdiq edirlər. Belə ki, cari ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,6 faiz artıb. Bu arada Dünya Bankı da 2023-cü ildə Azərbaycanın real ümumi daxili məhsulunun artımı ilə bağlı proqnozunu açıqlayıb. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Dünya Bankı, həmçinin 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,1 faiz artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə isə Azərbaycanda real ÜDM-in artımı 2,6 faizə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2 faiz təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.
Dünyada enerji resurslarının qiymətləri də Azərbaycan üçün əlverişli şərait yaradır. Məsələn, “Rystad Energy” şirkəti hesablayıb ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində planlaşdırılan kəşfiyyat layihələri 2030-cu ilə kimi Azərbaycanın çıxarıla bilən ehtiyatlarını 4,4 milyard barrel artıra bilər. Bundan başqa, Azərbaycan təbii qaz istehsalını da artırır. Hazırda Azərbaycan hasil edilən təbii qazın təxminən yarısını əsasən elektrik enerjisi istehsalı və daha az səviyyədə istilik sistemi üçün istehlak edir, qazın qalan hissəsi isə ixrac olunur. Amma daxili istehlakın azaldılması ixrac üçün mövcud təbii qazın həcmini artıra bilər. Elektrik enerjisi istehsalında təbii qazın bərpa olunan mənbələrlə əvəzlənməsi ilə əlavə həcmlər əldə edilə bilər.
Azərbaycan, həmçinin dünyanın ən böyük dövlətlərinin qoşulduğu “yaşıl enerji” yarışına da fəal şəkildə hazırlaşır. Bu baxımdan ölkəmizin enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Qeyd edək ki, ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə “yaşıl enerji”nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir.
Ötən il iki böyük elektrik stansiyasının tikintisinə başlanılıb: “Masdar” şirkəti ilə birlikdə Qaradağ günəş stansiyasının və “ACWA Power” şirkəti ilə birlikdə Xızı-Abşeron külək elektrik stansiyasının inşası həyata keçirilir. Həmçinin BP şirkəti ilə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur.
Beləliklə, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, 2050-ci ilə qədər isə ölkədə istixana qazı emissiyalarını 40 faizə qədər azaltmağı planlaşdırır. Üstəlik, Azərbaycan bərpa olunan enerji mənbələrini təkcə öz enerji təhlükəsizliyini təmin etmək üçün deyil, həm də ixrac üçün hazırlayır. Bəllidir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməklə paralel olaraq bərpa olunan enerji və hidrogen ixracında da Avropa üçün mühüm və etibarlı tərəfdaşa çevrilməyə hazırlaşır. Bununla əlaqədar Azərbaycan Gürcüstandan Rumıniyaya 4 qiqavat gücündə sualtı kabel xəttinin çəkilməsi layihəsində iştirak edir. Bundan əlavə, Azərbaycan artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Üstəlik, dünyada baş verən hadisələr fonunda ölkənin tranzit rolu daha da artıb.

