Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki…
Şərqi Zəngəzur iqtisadi rayonu ― Azərbaycanın 14 iqtisadi rayonundan biri. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir. 1993–2020-ci illər arasında ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İkinci Qarabağ müharibəsini sonlandıran 9 noyabr bəyanatından sonra tamamilə azad olunmuşdur.
Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil idi. 7 iyul 2021-ci ildə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanına əsasən yaradılmışdır. 2022-ci ildə Azərbaycanla İran arasında “İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin elektrik xətlərinin daxil olduğunu bildirmişdir.
Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları vardır. Rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Tarixi memarlıq abidələri siyahısına Gəncəsər, Ağoğlan monastırları, Gürcülü, Məmmədbəyli türbələri, Xudafərin körpüsü və s. aiddir.
“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha göstərir ki, biz – bu torpaqların sahibləri dədə-baba torpaqlarımıza qayıtmışıq”. Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib. “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir”, – Prezident söyləyib.
Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan dövlət başçısı bildirib:
“Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.
Artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib:
“Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.
Vüqar Ələkbərov,
YAP Xətai rayon təşkilatının “Vunq Tau 14” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

