Gündəm 

30 il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub

Sirr deyil ki, Azərbaycan füsunkar təbiəti, gözoxşayan dağları, bağları, gölləri, buz bulaqları, meşələri, bitki və heyvanat aləmi ilə zəngindir. Bu səbəbdən vətənimiz zaman-zaman düşmən hücumları ilə üz-üzə qalmaq məcburiyyətində olmuşdur. Son 30 ildə işğal altında olan ərazilərimiz erməni təcavüzünə məruz qalmış, mənfur düşmən kütləvi yanğınlar törədərək bu regionda yerləşən nadir və xüsusi ağac növlərinə, heyvanat aləminə qəsd etmiş, yeraltı və yerüstü sərvətlərimiz talamış, su hövzələrimizi çirkləndirmişdir. Daha spesfik olsaq, Kəlbəcərin qızıl yataqları, “İstisu” təbii mineral bulağı, Laçın rayonunun təbii ehtiyatları, Qaragöl dövlət təbiət qoruğu məhv edilib. Qubadlıda yaşı əsrlərə dayanan Şərq çinarları, çoxillik qoz ağacları, meşələr, təbii qoruqlar dağıdılıb. Həmçinin Zəngilan, Ağdam və digər işğal altında qalan bölgələlərimizdə də milli mənəviyyatımızın bilavasitə təzahürü olan tarixi abidələrimiz barbarların əliylə dağıdılmış, bir sözlə, bizim flora və faunamıza çirkin xislətli mənfur əllər tərəfindən ciddi zərər vurulmuş, şəhər və kəndlərimiz viranə və tanınmayacaq hala salınmışdır. Təsadüfi deyildir ki, Ali Baş Komandanımız, Prezidentimiz torpaqların alınması zamanı şanlı bayrağımızı sancmaq üçün bir dənə də olsun sağlam bina tapılmadığını qeyd etmişdir.

Azərbaycan işğal altında qalmış dilbər guşələrini qorumaq və onların rifahını təmin etmək üçün bir sıra beynəlxalq səviyyəli tədbirlər görməyə cəhd etmiş, bu mövzuda səlahiyyətli beynəlxalq qurumlar tərəfindən qətnamələr verilmişdir. Müvafiq qətnamələrdə erməni silahlı qüvvələrinin ərazidən dərhal çıxarılmasını, müstəqil hidroloqlar tərəfindən yerlərdə təhqiqat aparılması tələb olunmuşdu, fəqət çağırışlar uzun müddət ərzində cavabsız qalmışdır. İşğal altında qalan torpaqlarımızın mənfur düşmənin çirkin pəncələrindən alınması onların regiondakı ekoloji tarazlığı pozaraq beynəlxalq hüquq qaydalarına kobud şəkildə itaətsizlik göstərməsi faktını dəyişmir. Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev öz çıxışlarından birində qeyd edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət edəcəyini və onların nəticələrinin kağız üzərində qalmayacağını illərlə gözləmişdir, lakin bu gözləntilərin sonunda heç bir irəliləyişin olmamasını gördük. Regionda ümumi fikir yaradıldı ki, münaqişə dondurulub, fəqət biz sübut etdik ki, münaqişə dondurulmayıb. Azərbaycan qurbanlar bahasına, öz torpaqlarını Ali Baş Komandanımız, cəsur ordumuz və milli birliyimiz-“Dəmir yumruğ”-umuz sayəsində azad etdi. İndi isə “Böyük Qayıdış” vaxtıdır, bu torpaqları cənnət məkana çevirmək zamanı gəlib çatmışdır.

44 günlük Vətən müharibəsindən şanlı zəfər qazanaraq qalib ölkə kimi çıxan Azərbaycanın qarşısındakı əsas məqsəd işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri aparmaqdır. Bir sözlə, Qarabağı və Şərqi Zəngəzuru yenidən çiçəkləndirməkdir. Bu mövzuda atılan ən böyük addımlardan biri Prezident İlham Əliyevin 2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamıdır. Sərəncamın əsas məqsədi Böyük qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlərin tamamilə yeni-xüsusi mərhələyə qədəm qoyması deməkdir. Bu kontekstdə Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmana əsasən iki yeni rayon – Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonları yaradılmış, bununla da mövcud iqtisadi rayonların sayı 14-ə çıxarılmışdır. Bu fərman da öz növbəsində regional inkişafın dəstəklənməsi üçün atılan böyük addımlardandır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə nəzər yetirsək görərik ki, Azərbaycan cəmi 3 il ərzində bu regionun inkişafını dəstəkləyən planlarını reallaşdırmış, hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturu təmin etmişdir. Həyata keçirilən məqsədyönlü və irimiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin davamlı məskunlaşmasına və iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın regional iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək.

Mənsurə Tağıyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 88” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər