Bar inzibatçısı dostunu yumruqla öldürdü
Müştərini yumruqla öldürən inzibatçı cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.
ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsiylə təqsirləndirilən Musayev Fərhad Moşu oğlunun məhkəmə prosesi hakim Əli Seyfəliyevin sədrliyi ilə may ayının 22-də keçiriləcək.
İttiham aktına görə, hadisə 2017-ci il martın 26-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, gecə barlarının birində inzibatçısı – Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib.
Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orada dünyasını dəyişib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində gecə klubunun inzibatçısı Fərhad Musayevi saxlayıblar.
Qeyd edək ki, Fərhad Musayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə məhkumun apellyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlayıb.

