Tənəzzüldən iqtisadi tərəqqiyə doğru
Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdən olduğu illəri nəzərə çatdırırlar, bu da təbiidir. Çünki insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Müstəqil Azərbaycanın iqtsadi azadlığına qovuşmasında Heydər Əliyevin olduqca böyük rolu var. Bu Azərbaycan tarixində olduqca əhəmiyyətli bir hadisə sayılır. “Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün tələb olunan maliyyə vəsaiti əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. H. Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın iqtisadi və siyasi həyatında dərin dəyişikliklərin başlanğıcı oldu. Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu.
1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 7 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsüü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko, Kaspian, Si Petroleum Limited, Bi-Pi Eksploreyşn Limited, Delta Nimir Xəzər Limited, Den Norspe Stats Olyeselskap A.S, Lukoyl Səhmdar Cəmiyyəti, Makdermott Azərbaycan İnk, Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiyə Petrolleri A.O., Yunokal Xəzər, LTD arasında saziş imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Bu müqavilə həm karbohidrogen ehtiyyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Ulu öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi.
Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub.
1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. Lakin bu kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. 2002-ci ildə Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin yenə də bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəmərinin – Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Müasir dövrdə bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil oldu.
Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına və onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına nail olmuşdur. Müqavilənin əsas beynəlxalq geosiyasi və geoiqtisadi əəhəmiyyəti ondan ibarət idi ki, bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın, region dövlətlərinə məxsus karbohidrogen ehtiyatlarının alternativ istehsalı və ixracının yeni transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinin təməli qoyuldu. Bu müqavilə Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resuslarından geniş istifadə etmək imkanı qazadırdı. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərlərini artırdı. Bu müqavilə nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.
Sevinc Rəhmanova,
Xətai rayon 24 №-li tam orta məktəbin Azərbaycan-dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayonu təşkilatının üzvü