Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
Xalqımızın ulu öndəri, XX əsrin böyük dühalarından olan Heydər Əliyevin AZƏRBAYCANIN müstəqilliyi və inkişafı yolunda tarixi xidmətləri olmuşdur.
Sadə və çox səmimi bir dillə desək ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti və həyatı ölkəmizin şanlı bir tarixidir.
“Mən həmişə fəxr etmişəm, bu gün yenə də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!” deyən o böyük, qeyri-adi insan həyatı və bütün fəaliyyəti dövründə Azərbaycanı, doğma xalqını və insanları sevirdi. O, dahi idi, həm də xalqının böyük, igid oğlu, sərkərdəsi, rəhbəri idi, amma ömrü boyu özünü sadəcə xalqının oğlu saydı.
Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi Azərbaycanın tale yüklü zamanında hakimiyyətə gətirdi. Xalq müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllinin, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.
Ulu öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görürdü.
Ümummilli lider vətəndaşlara, xüsusi ilə də gənclərə müraciətində xüsusi ilə onu vurğulayırdı ki, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsinin labüd ideoloji təməli və təminatı ölkənin hər bir vətəndaşının özünü əsl azərbaycanlı hiss etməsi, azərbaycanlılara məxsus şüur ilə hərəkət etməsidir. Ulu öndər xüsusi olaraq qeyd edirdi ki, dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bunlar öz növbəsində azərbaycançılığın sosial-milli məzmununun saflığını qorumalıdır.
Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş ümummilli lider vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosial-mədəni mexanizmi kimi işləmişdir.
Azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna çevrilmişdi.
Ulu öndərin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Bu bəyanat hər şeydən öncə azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırırdı.
Ümummilli lider Heydər Əliyevin böyüklüyü onda idi ki, xalqımızın bu günü və gələcəyi üçün son dərəcə əhəmiyyətli olan problemləri tək bir özünün potensial imkanları hesabına həll etdi.
Ümummilli liderimiz Heydər Əliyev qurduğu və Azərbaycan xalqına əmanət qoyduğu müstəqil, suveren, demokratik Azərbaycan Respublikasında sürətli iqtisadi inkişaf prosesi sağlığında olduğu kimi, bu gün də davam edir.
Ömrünün sonuna qədər xalqla ünsiyyəti, elinə-obasına, xalqına olan böyük məhəbbəti ona güc, mənəvi enerji verirdi. Sonda ulu öndər bütün bunları öz siyasi varisinə də əmanət etdi.
Bu gün ulu öndərin qoyduğu siyasi kurs Azərbaycanda möhtərəm Prezidentimiz Müzəffər Ali Baş komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dünya arenasında mövqeləri möhkəmlənir, öz siyasətini xalqımızın milli-mənəvi dəyərləri və milli maraqları əsasında qurur.
Xalqının xilaskarı kimi yaşayıb, əvəzsiz lideri kimi dünyadan köçən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində qürurlu baxışı və məğrur duruşu ilə ucalmış əzəmətli və əbədi bir heykəldir.!
Nizami Quliyev – təqaüdçü müəllim

