Manset 

Qarabağ Zəfəri Heydər Əliyev ideyalarının təntənəsidir

“Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, – deyən Ulu Öndər inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək

Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli Lider Heydər Əliyev haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır. Ulu Öndər Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu Öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq Ulu Öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.

1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübut etdi ki, Azərbaycana əsl milli lider rəhbərlik edəcəkdir. 70-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər” bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Onlar sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər.

Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və Şuşa şəhəri çox sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın “qoruq şəhər” elan edilməsi barədə idi. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Turşsu xətti Şırlandan Şuşaya gətirildi, iki sanatoriya binası, 600 yerlik sanatoriya yeməkxanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi. Bu kimi abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, 70-ci ildən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.

70-ci illərdə Azərbaycanın bütün bölgələri kimi, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın sənayesi, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, bir sözlə, bütöv infrastruktur inkişaf etməyə başladı. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişi Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər bölgələri ilə bağlılığına geniş zəmin yaratdı. Yollar abadlaşdırılır, yeni körpülər tikilir, istehsal sahələri yaradılır, azərbaycanlılar yaşayan kəndlərin uzun illərdən bəri məhrum olduqları enerji və qaz təchizatı yaxşılaşdırılırdı.

Həmin dövrün statistikasına nəzər salsaq aydın görünər ki, Heydər Əliyev Dağlıq Qarabağda təhsilə və müəllim kadrlara çox ciddi və həssas münasibət göstərmişdir. Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz 70-ci illərdə istifadəyə verilmişdir. Ağdərənin azərbaycanlılar yaşayan Umudlu kəndində 625, Çərəkdar, Ortapəyə və Manikli kəndlərinin hər birində 475 nəfərlik, Xatınbəyli, Sırxavənd və Narınclar kəndlərinin hər birində 275 yerlik məktəblər də məhz həmin illərin yadigarıdır. Xocavənd rayonunun Əmirallar, Qaradağlı, Tuğ, Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin tikilməsi Heydər Əliyevin DQMV-də yaşayan azərbaycanlı əhalinin maariflənməsinə göstərdiyi qayğının ən bariz nümunəsidir. Yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açıldı. Təbii ki, bu təhsil ocağı azərbaycanlı kadrların yetişdirilməsində, milli ziyalıların Xankəndidə fəaliyyət göstərməsində müstəsna rola malik idi. Bütün sahələr üzrə yerli kadr ehtiyatının yaradılması məqsədi ilə hər il Dağlıq Qarabağdan olan gənclər müsabiqədən kənar ölkənin müxtəlif ali məktəblərinə qəbul olunurdular.

Ulu Öndərin Dağlıq Qarabağdakı ən böyük xidmətlərindən birincisi isə heç şübhəsiz, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması olub. Həmin dövrə qədər vilayətdə idarə, müəssisə və təşkilatlarda, məktəblərdə, səhiyyə və mədəniyyət müəssisələrində ad göstəriciləri erməni və rus dillərində, habelə bütün yazışmalar da bu dillərdə aparılırdı. Ulu Öndərin qəti tapşırığı ilə vilayətin erməni və rus dilli məktəblərində Azərbaycan dili tədris olunmağa başlandı. Vilayətin partiya, sovet, hüquq-mühafizə orqanlarının və digər təşkilatların inzibati binalarının lövhələrinin Azərbaycan dilində yazılmasına başlanması da 70-ci illərə təsadüf edir.

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına cəsarət edə bilməmişdilər. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra ermənilər Dağlıq Qarabağda toy-bayram etməyə başladılar. Bundan 15 gün sonra Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, milliyyətçə erməni olan Aqambekyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir” bəyanatı ilə çıxış etdi. Bununla da ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə hazırladıqları planların həyata keçirilməsinə start verildi. Daşnak tör-töküntülərinin, erməni emissarlarının, vaxtilə Ulu Öndər tərəfindən Azərbaycandan sürgün edilmiş yerli “ideoloq”larının Dağlıq Qarabağa axını da məhz 1987-ci ildən sonra başlandı. Münaqişə isə gündən-günə alovlanırdı. Ermənilər artıq silahlı basqına və terrora keçmişdilər. Avtobuslar, maşınlar, adamlar atəşə tutulur, günahsız insanlar həlak olurdular. Ən acınacaqlısı isə o idi ki, ermənilərin törətdikləri bu cinayətlər cəzasız qalırdı. Bütün bunlara qarşı respublika rəhbərliyindən heç bir tədbir və reaksiya verilmədiyini görən ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlarını hazırlayırdılar. Qədim yurd yerlərimiz oda qalanır, dinc insanlar vəhşiliklə qətlə yetirilirdi. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Vaxtilə Heydər Əliyevin çox böyük coşqu və fədakarlıqla qurub-yaratdığı Dağlıq Qarabağ ermənilərin caynağına keçmişdi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda, digər şəhər və kəndlərimizdə gedirdi. Azərbaycan faktiki olaraq parçalanmaq, məhv olmaq astanasında idi. Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində, xalqı düşdüyü ağır vəziyyətdən, ən başlıcası isə dərin ümidsizlikdən yalnız onun qurtara biləcəyində görürdülər. Naxçıvana saysız-hesabsız müraciətlər olundu. Xalq üzləşdiyi çətinliklərdən xilas olmaq üçün öz dahi oğlunu Bakıya çağırdı. Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə müstəqil Azərbaycanın tarixində yeni eranın başlanğıcı qoyuldu.

Bu gün Ulu Öndərin müdrik siyasəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və inamla davam etdirilir. Dahi şəxsiyyətin memarı olduğu güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bütün dünyaya sübut etdi. Nəhayət ki iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz bu tarixi qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, Qarabağımıza azadlıq və sülh gətirdi. Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Bu gün Ulu Öndər Heydər Əliyevin arzuladığı bir Azərbaycanda dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır.

Sevinc Azadi, “İki sahil”

Yazı YAP-ın “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan edilən “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.

Daha çox xəbərlər