Cəmiyyət 

Tarixi Zəfərimiz qəhrəmanlıq dastanıdır

28 May – Müstəqillik Günüdür

105 illik müstəqillik tariximizin səhifələrini vərəqlədikcə xalqımızın yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxması hər bir azərbaycanlıda qürur hissi yaradır

2020-ci il Azərbaycanın çoxəsrlik tarixinə Zəfər ili kimi yazıldı. Müstəqilliyimizin bərpasının 27 ili torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə yönəldildi. Bu illər ərzində hər bir tarixi günü, bayramı qeyd edərkən bu arzu ifadə edilirdi ki, tezliklə torpaqlarımız işğalçılardan təmizlənsin, vətəndaşların pozulmuş hüquqları bərpa edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsınlar. Müstəqilliyimizin bərpasının 30-cu il dönümünü torpaqlarımızın tarixi sahibinə qovuşması, qalibiyyətimiz ruhunda qeyd etdik. Təbii ki, bunları qeyd etməkdə məqsədimiz səbəbsiz deyil. Bütün bunların fonunda dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etdi. Dövlət başçısı İlham Əliyevin 15 oktyabr 2021-ci ildə təsdiqlədiyi «Müstəqillik Günü haqqında» Azərbaycan Respublikasının Qanununda da bu mühüm məqamlar öz əksini tapıb.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Milli Məclis 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini nəzərə alınaraq qərara alındı ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin.

Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq yenilməzdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar olmadığını indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. Bu reallıq xüsusi vurğulanmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik cəmiyyətin, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Ancaq bütün bunlara baxmayaraq, 105 il bundan əvvəl elan edilməsi müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmadı. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünə son qoyuldu.

Lakin azad, müstəqil yaşamaq istəyi olan bir xalqı heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il sonra Azərbaycan xalqının azadlıq istəyi daha da alovlandı, yenidən ayağa qalxdı, müstəqilliyini tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Xalqımız bu sevinci də çox yaşaya bilmədi. Belə ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. Müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xilaskarı Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçiliyi çıxardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı. Dövlət başçısı İlham Əliyev «Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır» söyləyərək bildirir ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?

Cənab İlham Əliyev bu məqamı da vurğulayır ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.»

Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər həlledici illərdir. Dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər. Müasir müstəqil Azərbaycan heç təsadüfi Heydər Əliyevin şah əsəri adlandırılmır. Ümummilli Lider hələ 1992-ci ildə xalqın böyük əksəriyyətinin istiyəni ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək hər kəsi onun qorumağa çağırmışdır. Dahi şəxsiyyətin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə daha aydın görürük. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olduğunu düşünmək çətin deyildi. Ölkə, xalq o zaman xoşbəxt, gələcəyə inamla addımlayır ki, onu düşünən, inkişafına, tərəqqisinə səy göstərən, imzasının imzalar arasında görünməsində maraqlı olan, ən əsası müstəqil siyasət yürütməyi bacaran, bütün hallarda dəyişməz mövqeyini ortaya qoyan Lideri vardır. Azərbaycan xalqı o xoşbəxtliyi yaşayan xalqlardandır. Hər zaman ölkəsinə, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi barədə düşünmüş, tərəqqisi üçün bütün qüvvə və bacarığını ortaya qoymuşdur. Ümummilli Lider bildirmişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.»

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Həyat onu göstərdi ki, cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentlik dövrünün 17 ilində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində xeyli işlər görüldü. «Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var» söyləyən cənab İlham Əliyev bildirir ki, 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Müharibədən sonra yeni dövr başlayır: «Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.»

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq uğurlu addımlar atılır və nəticə göz önündədir. Dövlət başçısı İlham Əliyevin mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Qarabağın tacı Şuşadan səsləndirdiyi “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi” fikirlər Azərbaycanın 30 illik işğal dövründə hansı arzu ilə yaşadığını və bu gündən sabaha baxaraq hansı hədəfləri müəyyənləşdirdiyini nümayiş etdirir. Azərbaycan müstəqillik yolu ilə inamla addımlayır. Müstəqilliyimiz əbədidir və sarsılmazdır.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər