Dünya 

İranın nüvə PLANI – Dünyanı gözləyən təhlükə Tehranda “qaynayır”

İranın daxili və xarici siyasətindəki anlaşmazlıqlar və qarşıdurmalar günü-gündən artır. Bu gün daxildə siyasi və cəmiyyət nöqteyi nəzərdən çox ciddi fikir ayrılıqları ilə qarşı-qarşıya qalan İran rejimi nüvə silahı əldə etmək istiqamətindəki fəaliyyətini da bir an olsun arxa planda saxlamaq fikrində deyil.

Aydındır ki, dövlətlər nüvə silahından təhlükəsizlik sığortası kimi istifadə edirlər. İran rəsmiləri və din xadimləri nüvə silahının İslama zidd olduğunu vurğulasalar da, bu gün çox açıq şəkidlə uranı zənginləşdirməklə məşğul olduqlarını da gizlətmirlər. Məqsəd nüvə silahına yiyələnməkdir. İran nüvə silahı əldə etdikdən sonra çox güman ki, hamı üçün təhlükəli olacaq.

Ukrayna ilə müharibə fonunda Avropanın Rusiyadan qaz-enerji asılılığı azaldıqca, Avropanın enerji təminatında İran da öz əhəmiyyətini zaman-zaman itirəcək kimi görünür. Daha doğrusu artıq bu proses başlayıb.

İran regionda bütün resurs, imkan və rıçaqlarını itirməkdədir. Bu isə rejimi daha təhlükəli hal alması ilə nəticələnə bilər. Əli hər yerdən üzülən İranın təsir rıçaqı olmayacağı təqdirdə bu zamana kimi bütün dünyaya savaş elan edən iran üçün yeganə müdafiə yolu belə görünür ki, nüvə silahı ola bilər. Bunu rəsmi Tehranda da belə düşündükləri istisna edilmir.

Lakin molla rejimi bu məsələdə olduqca hiyləgər davranmaq niyyətindədir. Belə ki, İran məqsədinə çatana qədər nüvə proqramı ilə bağlı təhrifedici rəy yaratmaq istəyir, guya ki, elmi və dinc məqsədlərə xidmət edir. İkinci bir tərəfdən, İran uranın 84 faiz həcmində saflaşdırılmasını təkzib edir, ancaq əldə etdiyi və açıqlamadığı nəticələrin arxasına sığınaraq təhdid etmək şakərini hər ötən gün daha çox hiss etmək mümkündür.

“Advance”, “Reuters” kimi KİV-lərin də iddiasına görə, İran nüvə silahını əldə etməyə çox yaxındır. Bu məlumatın nə qədər doğru olub, olmadığını deyə bilməsək də bir şey məlumdur ki, bu proses uzun zamandır gedir. İran hər vəchlə nüvəyə silahına sahib olmaq istəyir. Hətta İranda qətlə yetirilən gənc alimlər, ağıllı insanlar çox güman ki, məhz bu prosesin iştirakçıları idi, sonda qurbana çevrildilər.

Hətta İsrailin keçmiş Baş naziri Naftali Bennett İranın nüvə silahı Uranı zənginləşdirmək istiqamətindəki fəaliyyəti ilə bağlı çox yaxşı tərif demişdi: İran “nüvə çətiri” ilə Yaxın Şərqə dominantlıq etmək niyyətindədir.

Bəli, qəti istisna edilmir. Amma bu fikrə İranın “istər regionda, istərsə də dünyada təhdid ritorikasını gücləndirmək niyyətindədir” fikrini də əlavə edə bilərik.

Rusiya-Ukrayna müharibəsi nüvə razılaşmasını daha da aktual etdi. Razılaşma bərpa olunacağı təqdirdə, sanksiyaların bir hissəsi götürülə bilər, İran neft ixracını artırmaq imkanı əldə edə bilər ki, bu da neft qiymətlərinin aşağı düşməsinə səbəb olar. Lakin İranın bu məsələdə ipə-sapa yatmaq istəmədiyinin şahidiyik. Bu cür siyasi xətt isə ABŞ-ın İsrail ilə birlikdə İranın nüvə proqramının reallaşdırılmasını qabaqlamaq üçün ona qarşı daha sərt tədbirlər görməsinə şərait yaradacaq kimi görünür.

Təhməz Əsədov
TREND

Daha çox xəbərlər