Zaxarovadan İrəvana ağır təhqir və lağ: “Ermənistan “A” məntəqəsindən…”
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin eyni vaxtda həm Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalıb mənfəət götürmək, həm də Avropa İttifaqına (Aİ) üzv olmaq cəhdlərini çox sərt və ironik bir dillə tənqid edib.
Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin bu xarici siyasət xəttini “A” məntəqəsindən “G” məntəqəsinə uçmaq istəyən qeyri-ciddi sərnişinin davranışına bənzədib.
Moskvada keçirilən brifinqdə çıxış edən Zaxarova İrəvanın bu addımlarını təyyarə reysi nümunəsi ilə ələ salaraq deyib:
“Təsəvvür edin, aeroportdur, gözləmə zalıdır, tranzit reysdir. Bütün sərnişinlər yoxlamadan, sərhəd nəzarətindən keçiblər, hər birinin dəqiq məqsədi var. Birdən təyyarəyə oturuş elan olunanda, rəsmi qeydiyyatdan keçmiş bu sərnişinlərdən biri qəfildən qışqırır: “Bilirsiniz, mən filan məntəqəyə uçmaq istəmirəm, mən əslində… bəli, “G” məntəqəsinə getmək istəyirəm”.
Rusiya XİN rəsmisi Ermənistanın eyni vaxtda həm Aİ-yə can atıb, həm də Aİİ-nin imtiyazlarından istifadə etmək istəyini şərh edərək vurğulayıb ki, yaranmış bu vəziyyət artıq “iki stulda eyni vaxtda oturmaq cəhdi” belə deyil, tamamilə qeyri-ciddi bir mənzərədir. Rəsmi Moskva İrəvanın bu hərəkətlərini açıq manipulyasiya adlandırıb.
“Müəyyən sahələrin normal işləməsini təmin edən xoş niyyətlərdən və qanunvericilikdən çirkin və qeyri-təmiz məqsədlər üçün istifadə edilməsi tamamilə qeyri-normaldır. Əgər sən bir reysdən imtina edib başqa yerə getmək istəyirsənsə, bunun öz sivil qaydası və logistikası var. Çıxırsan, hamı ilə sağollaşıb hara istəyirsən gedirsən. Seçimini dəyişmək istəyirsən? Buyur, elə. Amma bunun üçün manipulyasiya yox, sivil və açıq yol seçilməlidir”,–deyə Zaxarova Paşinyan hakimiyyətinə son dərəcə sərt xəbərdarlıq edib.

