Başqasının nişanlısını qaçırdı, evləndi, sonra da öldürdü
2021-ci il sentyabrın 6-da Bərdədə həyat yoldaşı, Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanı qətlə yetirən 1988-ci il təvəllüdlü Tural Mustafayevə hökm oxunub.
ARANTV.AZ xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə T.Mustafayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Təranə başqası ilə nişanlı ola-ola Turalı görüb və sevib, sonra isə ona qoşulub qaçıb. Onların birgə nikahından 2 övladları dünyaya gəlib.
2021-ci il 29 avqust tarixində Tural Bakıda olarkən Təranə ona mesaj yazaraq, tanımadığı bir kişinin evə daxil olub onu döydüyünü deyir. Növbəti gün səhər Muğanlı kəndinə qayıdan Tural Təranənin bədənində və üz nahiyəsində şişkinlik və göyərtilər olduğunu görür. Buna baxmayaraq, Təranənin onu aldatdığı qənaətinə gəlir. O, Təranənin telefonunda olan yazışmalara və fotoşəkillərə baxdıqdan sonra, onun əvvəllər başqa şəxslərlə sevgi münasibətində olmasından, ona xəyanət etməsindən şübhələnərək onu öldürmək qərarına gəlir.
O, əvvəlcə Təranəyə gələcək münasibətlərini müzakirə etmək qərarında olduğunu və onunla bu barədə mütləq danışacağını bildirir.
Beləliklə, Tural Təranəni Bərdədə Heydər Əliyev prospektində yerləşən istirahət parkına çağırır və görüş zamanı bıçaqla ona çoxsaylı xəsarətlər endirərək, onu qətlə yetirir.
Məhkəmənin hökmünə əsasən, Tural Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib.Publika.az

