Belə müttəfiqlik olar?
Öz öhdəliklərini yerinə yetirməyən Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi yolverilməzdir
22 fevral 2022-ci il tarixdə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsasən Rusiya və Azərbaycan öz münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqlik əsasında qurmalıdırlar. Bu baxımdan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq doğurmaqla bərabər, sözügedən Bəyannamənin müddəaları ilə də ziddiyyət təşkil edir. Bəyanat Cənubi Qafqazda sülhə töhfə verməkdən daha çox Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Bu yolverilməz addım həm iki ölkə arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır, həm də Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının mahiyyətinə uyğun deyil.

Hər kəs bilir ki, Azərbaycan hər zaman olduğu kimi, Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzrə də öhdəliklərinə məsuliyyətlə yanaşır, öz xarici siyasətində bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya Federasiyası ilə sülh və dostluq münasibətlərinin davam etdirilməsini prioritet istiqamət olaraq diqqətdə saxlayır. Hətta Bəyannamə imzalanmamışdan əvvəl də Azərbaycan heç zaman Rusiyanın daxili işlərinə müdaxilə etməyib, tərəfimizdən rəsmi Moskvanın milli maraqlarına zidd hər hansı addımın atılmasına yol verilməyib. Baxmayaraq ki, şimal qonşumuzun ölkəmizə münasibətində müəyyən vaxtlarda ədalətsiz davranışlar da az olmayıb. Elə dəfələrlə edilən rəsmi müraciətlərə və xəbərdarlıqlara rəğmən Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki yer adlarını təhrif edərək erməni separatçılarının qoyduqları qondarma adlarla adlandırmasını, bəzi dövlət və hökumət nümayəndələri, Dövlət Dumasının deputatları, jurnalistlər tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxışların edilməsini xatırlatmaq kifayətdir. Bu qeyd edilənlər Bəyannamənin 7-ci bəndi ilə tamamilə ziddiyyət təşkil edir. Həmin bənddə qeyd olunur ki, Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda aparılan danışıqlarda ciddi irəliləyişin olduğu bir vaxtda Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanat sanki prosesi pozmaq məqsədi daşıyır. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkəsinin Qarabağ iqtisadi rayonu və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını rəsmi şəkildə bəyan edib. Elə iyulun 15-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşündə də Ermənistanın Azərbaycanın 86.6 min kv.km ərazisini tanıdığı bir daha təsdiqlənib. Bu isə o deməkdir ki, Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu Ermənistan da qəbul edir, orada yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinə də Azərbaycan dövləti cavabdehdir. Elə Azərbaycan-Ermənistan şərti sərhədinin Laçın rayonu ərazisində, Laçın-xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi də Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun təsis edilib. Belə olduğu halda bəs Rusiya XİN-in Brüssel görüşünün keçirildiyi gün verdiyi bəyanat nə məqsəd daşıyır? Və yaxud Rusiya XİN-dən soruşmaq gərəkdir: El arasında deyildiyi kimi, alan razı, satan razı, sizə nə düşüb yuyulmamış çömçə kimi özünüzü atmısınız ortaya? Bu necə müttəfiqlikdir? Axı, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozan ilk növbədə elə Rusiyanın özüdür. Niyə bu vaxta qədər Qarabağ iqtisadi rayonunun müəyyən ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti həmin Bəyanatın müddəalarına uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməyib, əksinə onların hərbi kolonlarını müşayiət edir, separatçıların uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasına şərait yaradır? Niyə Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rus sülhməramlılar (Onları sülhməramsız adlandırmaq daha ədalətli olardı) sərhəd buraxılış məntəqəsi qurulana qədər uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətin, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizatın və minaların daşınmasının, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsinin qarşısının alınması üçün heç bir tədbir görməyiblər? Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaların açılması niyə bugünədək təmin edilməyib?
Şübhəsiz, öz öhdəliklərini yerinə yetirməyən Rusiyanın XİN-in 15 iyul tarixli bəyanatı ermənilərin “qayğısına qalmaq” yox, aranı qarışdırmaq cəhdidir. Rusiya bu qədər humanistdirsə Ukraynada törətdikləri müharibə və insanlıq cinayətlərinə, eyni zamanda, öz vətəndaşlarının bu mənasız müharibədə həlak olmasına son qoysun.
Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır, bu istiqamətdə lazımi addımlar atır. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların problemlərinin həlli də Azərbaycanın daxili işidir və kiminsə buna müdaxilə etmək cəhdi yolverilməzdir. Belə müttəfiqlik olmaz…

