Siyasət 

Sülh məramından uzaq “sülhməramlılar”

Bir neçə gün öncə Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycan əleyhinə qanunsuz aksiya keçiriblər. Separatçılar oradan Xocalı aeroportuna – Rusiya sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər. Həmin aksiyanı özündə əks etdirən videodan aydın görünür ki, ərazidəki dirəklərdən Rusiya bayrağı ilə yanaşı, Ermənistanın bayrağı və qondarma rejimin əski parçası da asılıb. Sual olunur: Azərbaycanın ərazi bütövlüyünü tanıdığını Ermənistan baş naziri Nikol Paşinyan da bəyan etdiyi təqdirdə, Rusiya sülhməramlı kontingenti hansı əsaslarla onları Ermənistan bayrağı və separatçıların əskisi altında qəbul edir?

Digər videoda daha bir diqqətçəkən məqam var. Belə ki, separatçılar  Azərbaycan və azərbaycanlıları açıq-aşkar təhqir edirlər. Üstəlik, həmin separatçılardan biri Qarabağdakı ermənilərin hər birinin evində silah olduğunu, onların Azərbaycan Ordusuna qarşı döyüşə biləcəklərini, azyaşlı övladının əlinə belə silah verə biləcəyini  bildirir. Guya onlar hələlik gözləmə mövqeyindədirlər. Belə ki,  Rusiya  sülhməramlılarının “öz vəzifələrini yerinə yetirməsini” gözləyirlər. Guya buna görə “sakit” dayanıblarmış. Yeri gəlmişkən qeyd edək ki, İkinci Qarabağ müharibəsində Ermənistan ordusu ilə birgə, Qarabağdakı separatçıların da cəmi 44 gün ərzində darmadağın olduğunu xatırladan sosial şəbəkə istifadəçiləri isə separatçıların  bu iddialarını  gülünc adlandırıblar.

Bütün bunlar o deməkdir ki, Rusiya sülhməramlılarının Qarabağdakı separatçıların hər cür təxribatlarını dəstəkləməsi, hər cür yardım göstərməsi  onları tamamilə azğınlaşdırıb. Bu mənada demək olar ki, separatçıların fəallaşmasında Rusiya sülhməramlılarının kifayət qədər xidməti vardır. Belə ki, onlara müxtəlif yollarla silah-sursat, o cümlədən mina daşıyan, bir sözlə, təxribatlara rəvac verən elə Rusiya sülhməramlılarıdır. Üstəlik, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən separatçılar Xocalı hərbi poliqonunda mütəmadi atış təlimləri keçirirlər. Şübhəsiz, qanunsuz erməni silahlı dəstələrinin məhz burada, yəni sülhməramlıların bazasının yerləşdiyi Xocalıda təlimlər keçirmələri Rusiya sülhməramlılarının 10 noyabr 2020-ci il Bəyanatının tələblərini icra etməməsindən  və bunu kobud şəkildə pozmasından irəli gəlir. Aydın məsələdir ki, Xocalıda keçirilən təlimlər bir xəbərdarlıq mesajıdır. Belə ki, növbəti mərhələdə separatçıların “döyüşə” və digər təxribatlara əl atacaqları istisna deyil.  Rəsmi Bakı Rusiya sülhməramlılarını bu kimi addımlardan çəkindirmək məqsədi ilə onlara  dəfələrlə xəbərdarlıq edib, amma hələ ki, məramlarından çox uzaq olan sülhməramlılar buna əhəmiyyət vermirlər.

Şübhəsiz, bu proseslərdə qondarma rejimin qondarma prezidenti Araik Aruyunyanın “xeyir-duası”, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı  açıqlamasından sonra  Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanat  da onlara müəyyən mənada stimul verib. Həmin bəyanatda qeyd edilir ki, guya Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin olaraq dəyişdiribmiş. Halbuki Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanatın şərhində qeyd edildiyi kimi, bu bəyanat Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.” Həmin  bəyanat həm də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasından xəbər verir. Bu mənada  Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələsində həm separatçıların bu kimi təxribatları, həm də Rusiya sülhməramlılarının davranışı, daha doğrusu, susqunluğu başadüşüləndir. Məqsəd aydındır: sülh danışıqlarına mane olmaq. Görünən isə budur ki, Kreml rəsmi Bakının atdığı qətiyyətli addımlara çox qısqanclıqla yanaşır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər