Heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz!
Prezident İlham Əliyevin özünü təsdiqləyən və dünyada dəstəklənən diplomatiyasının növbəti uğuru olan Brüssel görüşləri bu reallığı növbəti dəfə təsdiqlədi
Bu ilin may ayının əvvəlində ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı aparılan danışıqlardan sonra Brüsseldə, Moskvada, Kişineuda baş tutan görüşlərdə tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq qalmaları ümidləri artırsa da, rəsmi İrəvanın havadarlarının göstərişlərinə uyğun mərkəzdənqaçma oyunu təmiz niyyətlərə kölgə saldı. Avropa İttifaqının vasitəçiliyi ilə Kişineuda keçirilən «Avropa siyasi birliyi» Zirvə toplantısında da istənilən nəticə alınmadı. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təşkil edilən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdikləri danışıqlarda eyni vəziyyət təkrarlandı . Ermənistanın baş naziri N.Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan , BMT tərəfindən təsdiqlənən 86,6 min kvadratkilometr çərçivəsində ərazisini tanıdığını bəyan etsə də, siyasətini kimlərinsə təsiri və təzyiqi altında formalaşdıran rəsmi İrəvan haqlı tərəf olan Azərbaycanın irəli sürdüyü ədalətli şərtləri həlledici məqamlarda nədənsə «unudur.» Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəfələrlə səsləndirdiyi «maksimalist mövqelərdən çəkinmək” lazımdır» sözlərinə məhəl qoymayan Nikol əsas havadarı Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı xəyanətkar orbitindən kənara çıxa bilmir. Təkzibolunmaz faktdır ki, Ermənistanın daimi dəstəkçisi Emmanuel Makronun əyləşdiyi masada sülhdən danışmaq qeyri-mümkündür. Çünki ölkəsində sabitliyi qorumaq iqtidarında olmayan başsız başçı Makron Cənubi Qafqazda əmin-amanlığın yaranmasında, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Fransa ilə Hayastanın işbirliyinin əsasında qaniçənlik, qəddarlıq, vəhşilik kimi qeyri-insani xislətlərin dayanması da Makronun çirkin xislətində əksini tapıb.
Bugünlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən sayca altıncı görüşə də Ermənistanın baş naziri makronizm ideyaları ilə gəlmişdi.
Görüş ərəfəsində, danışıqların davam etdiyi müddətdə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları kontingentinin guya nəzarət etdiyi ərazilərdən Azərbaycanın hərbi mövqelərinin mütəmadi surətdə atəşə tutulmasının intensivləşməsi, separatçıların təxribatlarını davam etdirməsi göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil. Təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınsa da mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis-qurğu işləri həyata keçirməyə cəhd göstərmələri, revanşist iddiaların ara verməməsi o deməkdir ki, makronizmin qana hərislik siyasəti daşnak ideologiyasını fransızsayağı qəddarlaşdırıb. Separatçıların Şuşa, Xocavənd, Naxçıvan Muxtar Respublikası və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərimizi atəşə məruz qoymaları, uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdləri Ermənistanın hələ də başını «ya bundadır, ya onda» uşaq oyunları ilə girələməsinin təzahürüdür.
İyulun 15-də Brüsseldə keçirilən sayca altıncı görüşdə də adətinə uyğun vaxt qazanmaq siyasətinə sadiq qalan N. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi olaraq imzası ilə təsdiq etməkdən yayınıb. «Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb» söyləyən Aİ Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə olunub və xarici işlər nazirlərinə mətnlərin bir ay ərzində hazırlanması tövsiyə edilib. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparılıb. Sərhədlərlə bağlı bütün məsələlər üzrə irəliləyiş nəzərdən keçirilib və noyabrda sərhəd komissiyalarının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin hər iki tərəfdə əhalini «uzunmüddətli davamlı sülhə» hazırlamağın vacibliyi qeyd olunub. Tərəflər arasında növbəti görüşün noyabrın sonunda keçirilməsi nəzərdə tutulub. Üçtərəfli görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı «işçi qrupunun təşkili» ilə bağlı təklifə rəsmi İrəvandan nə təkzib, nə də təsdiq bildirilib. Çünki rəsmi İrəvanın hər hansı bir təklifə havadarlarının razılığı olmadan münasibət bildirmək səlahiyyətləri yoxdur.
Ermənistanla yaxın münasibətlərini hər məqamda büruzə verən Rusiyanın sülh sazişinin imzalanmasında əsas açar olması ideyasının yenidən gündəmə gətirilməsi Cənubi Qafqazda yerləşmək istəyən digər xarici oyunçuları- Aİ, ABŞ-ı narazı salır. Bakı ABŞ, Fransa və Rusiya həmsədrlərindən ibarət vasitəçilər qrupuna, yəni artıq təqaüdə göndərilmiş Minsk qrupunun mandatına ehtiyacın qalmadığını təkidlə bildirsə də bu gərəksiz «üçlüyü» diriltmək cəhdləri davam etməkdədir.
Bəllidir ki, postmüharibə dövründə aparılan bütün danışıqlarda müxtəlif səviyyələrdə imzalanan bəyannamələrdə, bəyanatlarda əsas şərt olan nəqliyyat, kommunikasiya xətlərinin açılması bu gün də aktuallığını qoruyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən altıncı Brüssel görüşündə də nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissələri arasında nəqliyyat-kommunikasiya xətlərinin, yəni Zəngəzur dəhlizinin açılması müzakirə olunub.
Azərbaycanın ərazisi olan Laçın yolunda sərhəd-keçid məntəqəsinin açılmasına əsassız etirazını bildirən Hayastan Zəngəzur dəhlizinin bərpası ilə bağlı danışıqlarda qulaqlarına pambıq tıxayır. Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının müşayiəti, bəzi hallarda dəstəyi ilə separatçılara daşınan silahları təbii qəbul edən Ermənistan kimi havadarları da humanitar məqsədlərə, dəhlizboyu yerləşən ölkələrin iqtisadi inkişafına, ən əsası bölgədə sabitliyin yaranmasına xidmət edəcək Zəngəzur dəhlizinin bərpasına hər vasitə ilə əngəl törətməyə çalışırlar. Çinin «Bir kəmər, bir yol» layihəsinin davamı kimi Avropa ölkələri üçün də ən sərfəli qiymətlərlə yüklərin daşınmasını təmin edəcək, türkdilli dövlətləri birləşdirəcək bu dəhlizin açılmasına törədilən maneələr təbii ki, Ermənistanı dəstəkləyən havadarlarının eyni mərkəzdən idarə olunan qərəzli məkrlərinin iyrənc formasıdır.
Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına hər cür humanitar yardım göstərilməsi üçün Laçın dəhlizindən istifadə imkanları yaradan ölkəmizin xeyirxahlığından sui-istifadə edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar yardım adı altında qaçaqmalçılıq əməlləri ilə məşğul olması separatçılara dəstək, bölgədə gərginliyi artırmaq cəhdidir. Vəziyyətdən çıxmaq üçün üzərində bu qurumun emblemini daşıyan avtomobillərdəki «əməkdaşların» onların işçiləri olmadığı bəhanəsi ilə özlərinə haqq qazandırmağa çalışan « beynəlxalq qırmızıların» cəhdləri baş tutmayıb. Maraqlıdır ki, bu qurumun Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Sual olunur, BQXK-nin Ermənistanda olan nümayəndəliyi Azərbaycan ərazisi olan Xankəndidə yaşayan azərbaycanlı vətəndaşlara hansı əsaslarla «humanitar yardım» göstərir?
Göründüyü kimi, Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində attdığı real addımların əksinə olaraq Ermənistan bütün vasitələrdən istifadə edərək, məkrli yollarla bölgədə əvziyyəti gərginləşdirmək niyyətlərindən əl çəkmir.
Bütün hallarda iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşü Azərbaycan diplomatiyasının uğuru adlandırmaq olar.
Brüsseldə bir daha təsdiqləndi ki, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunması beynəlxalq səviyyədə dəstəklənir və qəbul edilir. Brüssel, Praqa, Moskva, Vaşinqton , Kişineu görüşlərində rəsmi Bakının Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərin qəbul olunması ölkəmizin beynəlxalq aləmdə reytinqinin daha da güclənməsinin ifadəsidir. Başqa sözlə deyilsə, Ermənistan kimi havadarları da beynəlxalq hüquqa əsaslanan bu təkliflərlə razılaşmaq məcburiyyətindədirlər.
Sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il «Alma-Ata Bəyannaməsi»nin bütün görüşlərdə olduğu kimi, Brüsseldə də ” əsas amil kimi qəbul olunması Prezident İlham Əliyevin siyasi iradəsinin məntiqi nəticəsidir. Kommunikasiyaların açılması, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər hissələri ilə birləşdirəcək dəmir və avtomobil yollarının açılması istiqamətində qətiyyət göstərən bu iradəyə alternativ qüvvə yoxdur.
Yuxarıda adı çəkilən Laçın yolundan qaçaqmalçılıq məqsədilə istifadənin qarşısının alınması üçün Azərbaycanın tələbi olan Xankəndidə yaşayan Azərbaycan vətəndaşlarının humanitar daşımalarla bağlı ehtiyaclarının Bərdə-Ağdam istiqamətindən istifadə ilə bağlı təklifinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənməsi ölkəmizin diplomatiyasının növbəti uğurudur. Bu məqamda bir məsələni unutmaq olmaz ki, Şarl Mişel Avropa İttifaqının adından çıxış edir və quruma üzv dövlətlərin mövqeyini ifadə edir.
Bölgədə sabitlik yaratmaq niyyətində olduqlarını göstərməyə çalışan mənfur niyyətli digər vasitəçilərdən fərqli olaraq Avropa İttifaqının və ABŞ-ın fəallaşmaları, Azərbaycanın təşəbbüslərini dəstəkləmələri Ermənistanı və havadarlarını çıxılmaz vəziyyətə salıb. Azərbaycan artıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı kimi qəbul edilir. Ermənistan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində göstərilən qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etmələri ilə bağlı məsələnin Vaşinqton və Brüssel formatında aparılan müzakirələrdə gündəmə gətirilməsi Azərbaycanın tələblərinə cavab verir. Suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardımlar, hüquqlar və təhlükəsizliklər, saxlanılanların, yəni ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu son Brüssel görüşünün nəticələri Prezident İlham Əliyevin işğalçıya və onun dəstəkçilərinə xəbərdarlıq xarakterli sözlərində də ifadə edilir: «Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq.»
Elə bu məqsədlə də İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Silahlı Qüvvələri daha da güclənir. Yeni hərbi hissələr, komando briqadaları yaradılır. Milli Ordumuz ən müasir silah və sursatlarla, hərbi texnikalarla təmin edilir. Əsgər və zabitlərimizin döyüş qabiliyyəti yüksəlir. Bu ölkəmizin qüdrətini artıran bu siyasət, Prezident İlham Əliyevin sarsılmaz iradəsi dövlət başçımızın sözlərində əksini tapır: «Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq.»
Xuraman İsmayılqızı, “İki sahil”

