Gündəm 

Avropanı enerji böhranından xilas edən ölkə

Son bir il yarım ərzində 10-dan çox dövlət Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Təbii ki, belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Zəngin enerji ehtiyatlarına malik olan ölkəmiz növbəti illərdə Avropaya qaz ixracını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Belə ki, Avropanın enerji bazarında əsas aktora çevrilən Azərbaycan ixrac üçün təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalında günəş və külək enerjilərindən istifadəyə üstünlük verməklə qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artırmaq niyyətindədir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında enerji sahəsində möhkəm əməkdaşlıq üçün zəmin yaratmaqla bərabər, Aİ-nin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb etmişdir. Sənədin imzalanması, həmçinin Azərbaycanı Avropa ölkələri ilə uzunmüddətli iqtisadi əlaqələrə cəlb edir.

Məlumdur ki, Avropa hökumətləri qaz çatışmazlığının qarşısını əsasən ABŞ və Qətərdən dəniz yolu ilə daşınan bahalı mayeləşdirilmiş təbii qazla alır. Amma bu qiymət sərfəli olmadığından Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi ön planda yer almaqda davam edir. Getdikcə daha çox sayda Avropa ölkəsi Azərbaycandan təbii qaz almaqda maraqlı tərəf kimi çıxış edir. Bu günlərdə Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan albaniyalı həmkarı Bayram Beqayla mətbuata birgə bəyanatında bu məsələni bir daha diqqətə çatdırıb: “Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Lakin Moldova, İsveçrə və Avstriya da Azərbaycan qazına böyük maraq göstərir. Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, enerji qiymətlərinin kəskin artması nəticəsində yaranmış böhrandan ölkənin uğurla çıxmasına məhz Azərbaycan qazı kömək edib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan İtaliyaya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər. Bu səbəbdən də Azərbaycan artan tələbatı nəzərə alaraq, Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək niyyətindədir. Ölkə başçısı İlham Əliyev may ayında 28-ci “Xəzər Neft və Qaz” Beynəlxalq Sərgisinin və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında bildirib ki, son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib. Dövlət başçısı əlavə edib ki, Avropaya qaz nəqlini artırmaq üçün çox işlər görülməlidir. TANAP (32 milyard kubmetrə qədər) və TAP (20 milyard kubmetrə qədər) qaz kəmərlərini genişləndirmək lazımdır: “Bizə Avropanın digər boru kəmərləri sistemlərinə, o cümlədən Transbalkan boru kəmərinə maneəsiz çıxış lazımdır”.

Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan 2023-cü ilin yanvar-iyun aylarında qaz ixracını 7,5 faiz – 12 milyard kubmetrə qədər artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib. P.Şahbazov “Twitter” hesabında yazıb ki, 2023-cü ilin birinci yarısında Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub. Hesabat dövründə TANAP ilə Türkiyəyə 2,8 milyard kubmetr qaz nəql olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Azərbaycanın ehtiyatlarının həcminə görə ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması isə ölkənin ixrac potensialını artırmağa kömək edəcək. Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin 6 ayının social-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verdiyi məlumata görə, yataqda ehtiyatların həcmi gözlənildiyindən daha çoxdur: “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq – təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına”.

Xatırladaq ki, iyulun 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib. SOCAR-ın məlumatına görə, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barrel kondensat təşkil edir. JOCAP (“Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Onu da vurğulayaq ki, “Abşeron” yatağından hasil olunan qaz əsasən daxili tələbata yönəldiləcək. Bu isə “Şahdəniz”dən çıxarılan qazın daha çox həcminin ixraca yönəldilməsinə imkan yaradacaq. Yəni, Azərbaycan bununla da Avropadakı müştərilərə vəd etdiyi həcmləri təmin etməklə üzərinə götürdüyü öhdəlikləri gerçəkləşdirəcək.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər